Türkiyədən onlayn alış-veriş inhisara alınırmı…

Türkiyənin e-ticarət platformalarından biri olan “Trendyol” “PAŞA Holdinq” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Azərbaycanın elektron ticarət sektorunda müştərək şirkət yaradılması nəzərdə tutulub. Ölkə əhalisinin müəyyən qismi onlayn alış-verişin ucuz başa gəldiyini deyir. Ona görə də prezident ailəsinə məxsus holdinqlə belə bir müqavilənin bağlanması birmənalı qarşılanmayıb, bahalanmaya yol aça biləcəyi sarıdan narahatlıq yaradıb.

Türkiyədən tez-tez onlayn alış-veriş edən Səbinə İsmayılova vətəndaşların bahalaşma və digər problemlərlə üzləşəcəyini düşünür. O, beş ildən çoxdur ki, özünə gərəkən geyim əşyalarından təmizlik vasitəsinə kimi hər şeyi ucuz qiymətə aldığını deyir: “Türkiyədən gətirmə şirkətinin xərci ilə birlikdə 15 manata başa gələn köynəyi burada 40 manata satırlar. Özü də keyfiyyətsiz. Şampun, sabunların qiymətində də ən azı 2 manat fərq olur. Ucuz məhsulları büdcəmizə uyğun karqo şirkəti ilə Azərbaycana sifariş edirdik. İndi ortaq şirkət yaradılsa, düşünürəm ki, karqo seçimləri məhdud olacaq. Vergi ödəyəcəklər deyə, bahalaşma başlayacaq…”.

Azadlıq radiosu