Yanvardakı artımlar üç aya necə ‘əridi’

Bu ilin əvvəlində Azərbaycanda minimum əməkhaqqı və pensiyalar artırılmışdı. Minimum əməkhaqqının 300 manatdan 345 manata çatdırılması ölkədə 700 min nəfərin – bütün muzdla çalışanların 40 faizinin maaşında artım doğurdu. Bəs bu artım insanların gerçək gəlirində necə əksini tapdı?

Sosial ödənişlər çıxılandan sonrakı gəlirlər

Minimum əməkhaqqının 45 manat artırılması heç də vətəndaşların maaşının 345 manat olması demək deyil. Axı işçilər hər ay öz maaşından vergi və digər sosial ödənişlər ödəyirlər. Azərbaycanda 345 manat “gross” (heç bir faiz tutulmayan) əməkhaqqı alan işçi dövlət və özəl neft sektorunda çalışırsa, hər ay öz maaşından 20 manat 30 qəpik gəlir vergisi, 10 manat 35 qəpik DSMF ödənişi, 1 manat 73 qəpik işsizlikdən sığorta haqqı, 6 manat 90 qəpik icbari tibbi sığorta haqqı ödəyir. Beləcə, işçinin “gross” əməkhaqqının 39 manat 27 qəpiyi müxtəlif ödənişlərə gedir. Net əməkhaqqı 305 manat 73 qəpiyə düşür.

Minimum maaş artırılmadan öncə, yəni 300 manat olduğu zaman işçilərin əmək haqlarından 30 manat 50 qəpik sosial ödənişlərə gedirdi. Beləcə, o zaman işçilər net 269 manat 50 qəpik maaş alırdı. Bu baxımdan, aydın olur ki, minimum əməkhaqqının 45 manat artırılması dövlət sektorunda çalışan işçilərin net əmək haqlarında 36 manatlıq artım doğurur.

Özəl sektorda çalışanlar üçünsə 345 manatlıq “gross” əməkhaqqı dövlət sektoruna nisbətən daha çox gəlir deməkdir. Axı 2019-cu ildən bəri Azərbaycanda özəl sektorda çalışanların əmək haqları 7 il müddətinə gəlir vergisindən azad edilib. Deməli, özəl sektorda çalışan və 8 min manatadək maaş alan şəxslər hazırda gəlir vergisi ödəmirlər. Əvəzində belə şəxslərin DSMF ödənişləri dövlət sektorunda çalışanlarla müqayisədə daha yüksəkdir. Bu baxımdan, hazırda özəl sektorda çalışan və minimum əməkhaqqı qədər maaş alan işçilər hər ay 20 manat 50 qəpik DSMF ödənişi, 1 manat 73 qəpik işsizlikdən sığorta haqqı, 6 manat 90 qəpik icbari tibbi sığorta haqqı ödəyir. Beləcə, onlar maaşdan toplam 29 manat 12 qəpik ödəniş etdikdən sonra net 315 manat 88 qəpik maaş alırlar. Minimum əməkhaqqı 300 manat olarkən özəl sektorda çalışanların net maaşları 276 manat 50 qəpik idi. Deməli, minimum əməkhaqqının 45 manat artırılması özəl sektorda çalışanların net maaşlarını 39 manat artırıb.

Azadlıq radiosu