Azərbaycanda qoyun saxlayanların 8 faizi bütün qoyunların yarısına sahibdir

Qoyunçuluq Azərbaycan kəndlərində ənənəvi fəaliyyət növlərindən biridir. Niyəsi çox aydındır: Axı qoyunçuluq sektoru önəmli qida və kənd yerlərində ciddi yaşayış qaynağıdır. Di gəl, son illər ölkədə bu sektorda təşviş doğuran hallar baş verir. Dövlət Statistika Komitəsinin (DSK) açıqladığına görə, 2016-cı ildə Azərbaycanda qoyun sayı 8 milyonu aşmışdı. Bu, indiyədək qeydə alınan ən yüksək göstərici sayılır. Ancaq sonrakı illərdə bu sayda aramsız azalma gözə çarpır. Ötən il onların sayı 7 milyon 314 minə enib. Bu, 2016-cı illə müqayisədə 700 min başdan çox və ya 9 faiz azalma deməkdir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO-nun) araşdırmasına görə, təkcə qoyunların sayı deyil, orta çəkisi də azalmaqdadır. Məsələn, 2000–2010-cu illərdə heyvanların diri çəkisi ortalama 30–36 kq idi və bu da 15–18 kq cəmdək çəkisi anlamına gəlirdi. 2010-cu ildən bəri diri çəki 25-30 kq aralığındadır və cəmdək çəkisi ortalama 12–15 kq-a düşüb. FAO-nun fikrincə, belə geriləmə, çox güman, torpaqdan yararlanma siyasətindəki dəyişiklikdən – yem bitki əkimində istifadə edilən sahələrin azalmasından qaynaqlanır. Həmin sahələr 429 min hektardan 326 min hektara düşüb (sahə 25 faiz azalıb). Fermerlər yem bitkiləri çatışmazlığını qoyun istehsalında böhran doğuran problem sayırlar. Həmin dövrdən bəri ölkədə pambıq əkinlərinin sahəsində artım gözə çarpır. Elə bu üzdən, müstəqil ekspertlər hökuməti plansız əkin siyasəti aparmaqda günahlandırırlar.

Azadlıq radiosu