Almaniya Ukraynaya təyyarə əleyhinə sistemlər vəd edir

Almaniyanın Kansleri Olaf Şolts Ukraynaya təyyarə əleyhinə yüksək texnologiyalı sistemlər göndərməyə boyun olub. Müxalifət hökuməti Rusiyanın əsassız işğalına qarşı Ukraynaya yetərincə hərbi yardım ayırmamaqda ittiham edir.

İyunun 1-də Berlində deputatlar qarşısında çıxış edən Şolts deyib ki, hökumət Kiyevə IRIS-T raketləri və radar sistemləri göndərmək təklifini təsdiqləyib.

Məqsəd Rusiya Prezidenti Vladimir Putinin Ukraynada başlatdığı müharibəni “udmamasını” təmin etməkdir, Şolts deyib.

“Məqsədimiz budur ki, Ukrayna özünü müdafiə edə, buna nail ola bilsin”, – o, sözlərinə əlavə edib.

***

Britaniya Müdafiə Nazirliyinin iyunun 1-də Twitter-də yerləşdirdiyi məlumatda deyilir ki, Severodonetsk şəhərinin yarısından çoxu Rusiya qüvvələri, o cümlədən çeçen döyüşçülər tərəfindən tutulub.

Donbasdan kənara gəlincə, “Rusiya Ukrayna boyunca infrastruktura uzaqmənzilli raket zərbələri endirməkdədir”, – qurum vurğulayır.

***

Bu arada Ukraynanın şərqində gərgin döyüşlər gedir. Rusiya qüvvələri Severodonetsk şəhərinin böyük hissəsinə nəzarət edirlər.

“Rusiyalılar hücuma keçir, Severodonetskin mərkəzində möhkəmləndir, infrastrukturu və sənaye obyektlərini dağıtmaqda davam edirlər”, – Luqansk vilayəti hərbi administrasiyasının başçısı Sergey Qayday iyunun 1-də Telegram-da yazıb.

Azadlıq radiosu