Cinayətlər azalır, məhbuslar çoxalır…

“World Prison Brief” təşkilatı dünya ölkələrində məhbus sayı ilə bağlı reytinq dərc edib. Həmin reytinqə görə, Azərbaycanda məhbusların sayı son aylar artıb. 211 ölkə və suveren ərazinin yer aldığı reytinqdə Azərbaycan 21 min 253 məhbus ilə 67-ci pillədə qərarlaşıb.

Avropa Şurası quruma üzv ölkələrdə məhbusların sayı və durumuyla bağlı bu ilin aprelində dərc etdiyi illik hesabatında isə Azərbaycanda toplam 21 min 12 məhbusun cəza çəkdiyini qeyd etmişdi. Amma orda vurğulanırdı ki, 2019-cu ildə bu rəqəm 21 min 926, 2018-ci ildə 23 min 319 nəfər idi. Yəni, məhbus sayında son 3 ildə azalma olduğu bildirilirdi.

Yerli hüquq müdafiəçilərin məlumatına görə isə, Azərbaycanda cəzaçəkmə müəssisələrinin tutumu 25 min 501 nəfər təşkil edir. Onlar vurğulayır ki, 17 il ərzində məhbusların sayı 17 min 845 nəfərdən 21 min 253 nəfərə qədər artıb.

Azadlıq radiosu