“Müqəddəs üçlük” – ata, oğul, gəlin Əliyevlər

“Oskar”lıq komediya mövzularının yaşandığı ölkənin insanlarıyıq. Oturub ssenarisini peşəkar şəkildə yazan olsa, şübhəsiz, beynəlxalq kino akademiyasının növbəti mükafatı ölkəmizə gələr. Sözün əsl mənasında, hakimiyyət dünyanı üstümüzə güldürmək öhdəliyi götürüb. Adamlar ailə daxilində belə hakimiyyəti bölə bilmirlər, aralarında “kim başda olmalıdır” davası gedir. Kukla məmurlar da qalıb ər-arvadın əlində girinc. Danışanda kimin adını birinci çəkmək, kabinetə kimin portretini asmaq, üçünü birdən asmaq gərəkirsə, sıralamada birinci kimi qoymaq? İndiki şərtlərdə mərhum qayınatanımı, oğulumu, yoxsa burnu göylə gedən gəlinimi önə çəkmək işin xeyrinə olar? Gülməyin, hakimiyyət daxilində gedən gizli didişmələrin detalları kabinetdəki portretlərə qədər gəlib çatıbmış. Heç demə, indi məmurlar arasında kimin, kimin adamı olduğunu nişan verən bir işarət də kabinetlərə asılan portretlərdə ifadəsini tapır. Yaxın zamanlarda belə bir məlumat almışdıq ki, bütün idarə və müəssisələrə Mehriban Əliyevanın portretləri paylanır. Nədən paylandığı məlum. Hər halda, vitse-diktator xanım qayınatası ilə ərinin dövranının bitdiyini düşünür və dövlət orqanlarına “mənim zamanım gəlir” mesajı göndərir. Onun köhnə komandanın bütün dirənişlərinə baxmayaraq, özünü vitse-prezident seçdirməsi, Kremlə xüsusi səfəri, öz kadrlarını yüksək vəzifələrə yerləşdirməyə başlaması da bundan xəbər vermirmi?

Xülasə, görünən odur ki, məmurları bu şəkil məsələsində əməlli-başlı çətinə düşüblər. Adamlar “Arşın mal alan” filmindəki kimi, yuxarıların “oxu-oxuma” əmri arasında çaşıb qalıb. Onlara yüksək səviyyədə verilən tapşırıq belə olub ki, özlərini sığortalamaq üçün kabinetdə Əliyev ailəsinin hər üç üzvünün portretini assınlar. Diqqət etsəniz, son zamanlar idarə-müəssisələrin, məktəb və xəstəxanaların bu göstərişə can-başla əməl etdiklərini görə bilərsiniz. Amma deyilənə görə, klanlararası savaşda yer alan qarşı tərəflərin düşmənçiliyi portret məsələsində də özünü göstərir. Ölkədə artıq hamı bilir ki, Heydər Əliyevə yaxın olan köhnə qvardiyanın üzvlərindən bir çoxu gəlin xanımın portretini kabinetə asmaqdan qəti şəkildə imtina edib. Paşayevlər klanına tərəf olanlar da kabinetdən Heydər Əliyevin portretlərini çıxarıb, gəlin xanımın şəkillərini asır. İki tərəfin arasında manevr edən daha açıqgözlülər isə, kabineti ailə üzvlərinin şəkilləri ilə bəzəməklə məsələni kökündən həll etməyə çalışır. Bəli, bax, belə gülünc bir gündə, belə lağlağı bir hakimiyyətin girovluğundayıq. Bu portret məsələsinin təfərrüatlarını da ona görə yazdıq ki, yeni vəzifəyə gedənlərə lazım olar. Bir sözlə, işinizi ehtiyatlı tutun ki, kiminsə qəzəbinə tuş gəlməyəsiniz.