“Götürəcəm ölkəni necə Paşabank!”

“Paşa Holdinq” korrupsiya sığınacağı kimi

Azərbaycanda bir qayda olaraq korrupsiya ilə mübarizənin nəticəsi kimi hansısa xırda məmuru, müəllimi, həkimi rüşvətə görə həbs edirlər. Yaxud,  hansısa iri məmur hakim ailəyə xəyanətə görə “vurulur” və bu da “cinayətkarın yaxalanması” kimi tirajlanır. Əslində isə korrupsiya piramidasının başında hakim ailə dayanır və onların xəbəri olmadan ölkədə quş da uça bilməz. Məsələn, Paşayevlərə məxsus “Paşa Holdinq” adlı balina  bütün iri və xırda balıqları udmaqla məşğuldu. Bütün çirkli əməliyyatların arxasında Paşayevlərin izi var.

Balinanın orqanlarının bir hissəsi

“Express Bank”, Silk Way Bank”, “Xalq Bank”,  nizamnamə kapitalı 333 milyon dollar olan “Paşa Bank”, nizamnamə kapitalı 50 milyon dollar olan “Paşa Sığorta”, nizamnamə kapitalı 40 milyon dollar olan “Paşa Həyat Sığorta” , “Paşa İnşaat” şirkəti, nizamnamə kapitalı 50 milyon dollar olan “Paşa Travel”, nizamnamə kapitalı 150 milyon dollar olan “Kapital Bank”,  “Paşa Kapital”, “Paşa Development”, “Xalq Kapital”, “Xalq Sığorta” və s. kimi iri şirkətlər bu balinanın orqanlarıdı. Hələ illər əvvəl  Holdinqin ümumi dəyəri ən azı 5 milyard dollar dəyərində hesablanırdı. “Paşa Holding” MMC törəmə şirkətləri vasitəsilə Bakıda və ölkənin regionlarında bir çox daşınmaz əmlaka da sahibdir. Bunlar ümumi daxili sahəsi — 130 min m2 olan «Port Baku Towers», ümumi daxili sahəsi — 400 min m2 olan Port Baku və Nizami yaşayış kompleksləri, 900 avtomobillik kommersiya parkinqi, 28 Mall, Shuvelan Park , Port Baku ticarət mərkəzləri, JW Marriott , Four Seasons, Pik Palace kimi otellər, Amburan çimərlik kompleksi, The Club müalicə mərkəzi, həmçinin çoxsaylı kafe, restoran və butik-mağazalardır. Holdinq indi də Azərbaycanda ən nəhəng kommersiya qurumudur və qısaca əlavə edək ki, indi bu holdinq ölkədə həm də ən böyük əkin sahələrinin sahibidir. Paşayevlərin biznes imperiyası  başqalarına məxsus olanı qamarlamaqla böyüyür. Məsələn, Paşayevlər Bakıda, Zeynəb Xanlarovanın əri Səlim Babayevin mirası olan Dondurma zavodunu, Kəmaləddin Heydərovun əlindən trikotaj fabrikini alaraq bu ərazidə Port Baku kompleksini tikiblər… Eləcə də Bakıdakı Olimpiya şəhərciyi onlara aiddir. Bu massivi, klan, dövlət vəsaiti hesabına tikib,  bu ərazidə olan bir neçə iri zavodu yerlə yeksan ediblər. Deyilənə görə,  bu zavodların bir neçəsinin direktoru infarkt keçirib,  bəziləri təhvil-təslim sənədlərini Bayıl həbsxanasında imzalamağa məcbur ediliblər. Göründüyü kimi bu balina daha böyükdü və “okean”a yerləşmir.

Dövlət səviyyəsində mafiozluq

Yuxarıda sadalananlar Paşayevlərin varidatının hamısı deyil. Amma qeyd olunanlar işğalın miqyası haqda təsəvvür yaratmağa kifayət edir. Bu qədər sərvəti qısa vaxt ərzində halal yolla qazanmaq mümkün deyil. Reallıq budur ki, dövlət səviyyəsində reketlik, mafiozluq edilib və edilir. Bəzi avam adamlar hökumət təbliğatına uyaraq, Azərbaycandakı sabitlikdən danışırlar. Hansı ki, bu ölkədə reketlik, mafiozluq, cinayət dövlət səviyyəsində baş verdiyinə görə, sabitliyin gözəçarpan pozulmasına ehtiyac qalmır. Yəni, bütün cinayətlər, soyğunçuluqlar, qətllər sakitliklə ört-basdır edilir, qanlar batırılır, talelər məhv edilir. Əgər araşdırılma aparılsa məlum olar ki, yoxa çıxan  iş adamlarının, vurulan oliqarxların var-dövləti eyni kassaya axır. Faktiki olaraq hakim ailə istədiyi hər şeyi ya xoşluqla, ya da zor gücünə özününküləşdirir. Bütün tenderləri Paşayevlərə məxsus şirkətlər udur. Buna etiraz edənlər, haqsızlığa susmayanlar isə ən ağır formada cəzalandırılır. İlham Əliyev başqalarını Allahdan qorxmağa çağırsa da, öz ailəsi Allahsızlığın rekordunu qırıb.

“Paşa bank” dan, Heydər Fonduna qədər

Ölkədə Paşayevlərə məxsus marketlər digər marketləri, Paşayevlərə məxsus sığorta şirkətləri digər sığorta şirkətlərini, Paşayevlərə məxsus banklar digər bankları sıxışdırıb, sıradan çıxarıblar. Məsələn, Azərbaycan Beynəlxalq Bankı artıq “ailə bankı” adlanır. Bu bankın sağlamlaşdırılması adı altında 10 milyard manatdan artıq pul silinib. Cahangir Hacıyevin məhkəmədə dediklərindən də aydın olur ki, müxtəlif adamlara Paşayevlərin göstərişi ilə bu bankdan yüksək məbləğdə kreditlər verilib. Yəni, təkcə bir bankın vasitəsilə ölkədən milyardlar çıxarılıb. İndi də “Paşa bank” öndə olmaqla bütün ailə bankları çirkli pulların sığınacağına çevrilib. Ümumiyyətlə, Azərbaycanda normal bankçılığın yaranmasına və fəaliyyətinə ən böyük əngəl  hakim ailədi. Onların bitib-tükənməyən acgözlüyü bütün sahələri məhv edib. Yeri gəlmişkən, “Heydər Əliyev Fondu” adlı mücərrəd bir qurum var. Bu qurum mütəmadi olaraq dünyanın müxtəlif yerlərində xeyriyyə tədbirləri keçirir, sponsorluq edir, milyardlar səpələyir. Amma heç kim hesabat vermir ki, bu fonda “pul bulağı”nı hardan çəkiblər. Reallıq isə budur ki, fonda hər ay məcburi ödənişlər edilir. Bu ödənişi gecikdirmək  “ailəyə xəyanət” hesab edilir. İmtina etməyin cəzası isə daha ağırdı. Bu fond çoxları üçün cəllada çevrilib. Beləliklə, Paşayevlər həm də Heydər Əliyevin adını daşıyan fond vasitəsilə zənginləşirlər. Və təəssüf ki, bu komandada doymaq düyməsi işləmir. “Hər şey bizim olsun” şüarı dəyişməz qalır.