Naxçıvan klanının sonudur? 

Rejim öz balalarını niyə yeyir?

Doğurdan da, dünya ibrətlərlə doludur. Zaman bütün daşları yerbəyer edir. Təcrübə göstərir ki, mənəvi dəyərlər üzərində qurulmayan dostluqlar, təşkilatlar, hətta hökumətlər də çürük bünövrəlidir. Yalnız pul üzərində, zülm üzərində, ədalətsizlik üzərində yaranan birliklər, rüsvayçı sonluğa məhkum olur. Ən əsası isə, dəyərlərə bağlı olmayan  ocaqlarda sədaqət istiliyi olmur. Məsələn, YAP hakimiyyətinə nəzər salanda aydın görünür ki, bu komandanı heç bir mənəvi dəyər birləşdirmir. Ona görə də bir-birini asanlıqla xərcləyə bilirlər. Uzun illər ailəyə sədaqətlə xidmət edən, ailəyə milyardlar qazandıran adamlar çox asanlıqla sıradan çıxarılır, ləkələnir, cəzalandırılır. Və  bu adamlar vətənə, xalqa xəyanətinə görə yox, ailənin şəxsi maraqlarına görə “blok”a salınır. Əslində, hökumətin mətbəxində baş verənlər çoxları üçün dərs olmalıdır. Bu gün Əliyev ailəsi üçün sinəsini sipər edənlər, hər cür qəddarlığa imza atanlar, əlini çirkaba batıranlar bilməlidirlər ki, bir gün rahatlıqla qurban gedəcəklər. Xüsusilə də,  Paşayevlər xanədanı keçmiş xidməti, rejimə sədaqəti qiymətləndirən deyil. Məsələn, Ramiz Mehdiyev, Əli Həsənov, Vilayyət Eyvazov və diqər köhnələr uzun müddət idi ki, sinəsini qabağa verib, bütün nifrəti, kin-küdurəti öz üzərinə çəkirdi, Əliyev ailəsinə atılan daşların qarşısına çıxırdı, müxalifəti aşağılayırdı və s. Amma məsələn bu gün rejim qəzetləri Əli Həsənovu şil-küt edirlər. Sanki, dünənə qədər öydükləri, başa keçirdikləri Əli Həsənov deyilmiş. Belə nümunələr yüzlərlədi və yaxın keçmişi hamı yaxşı xatırlayır. Paşaların  iştahı o qədər böyükdür ki, siyasi balalarını asanlıqla yeyə bilir.

Növbə sizə də çatacaq

Paşayevlər mütləq hakimiyyəti əldə etmək, Azərbaycanı yalnız öz adlarıyla assosiasiya etdirmək üçün Naxçıvan klanını tamam sıradan çıxarmaq niyyətindədir. Bu proses artıq başlayıb. Növbə Talıbovlara da çatacaq. Paşayevlər həm dünyaya, həm də ölkə ictimaiyyətinə ingilis dilli, xarici təhsilli kadrlar nümayiş etdirməklə, yeni imic formalaşdırmağa çalışırlar. Öz aləmlərində yenilikçi, çağdaş dünyayla ayaqlaşan, islahatlara meylli olan komanda təəssüratı yaratmaq istəyirlər. Və ictimai-rəydə “Mehriban gəlsə, bundan yaxşı olacaq” fikrini formalaşdırmağa çalışırlar. Halbuki, Mehriban Əliyeva bu gün də etmək istədiyi hər şeyi etməyə qadirdi. Yəni, bu komanda doğurdan da insanpərvər, dövlətsevər, dəyərlərə tapınanlardan ibarətdirsə, indiki səlahiyyətlərlə də müsbət işlər görə bilərdilər. Amma müşahidə olunan budur ki, Paşayevlər daha çox inhisarçılığa, talançılığa meyllidirlər. Bu ölkədə hamı bilir ki, dərman monopoliyası Arif Paşayevə məxsusdu. O da məlumdur ki, ölkəyə gətirilən dərmanların tərkibi dəyişdirilir. Yəni, məqsədli şəkildə vətəndaş sağlamlıqdan məhrum edilir, xəstəliklərlə üz-üzə buraxılır. Daha çox pul qazanmaq üçün, daha çox insan həyatı qurban verilir. Təkcə bu fakt göstərir ki, Paşayevlər daha acımasızdılar, daha anti-insani mahiyyətə sahibdirlər. Demək istəyirik ki, milyonların bədbəxtliyi üzərində xoşbəxtlik quran adamlar üçün heç bir müqəddəs dəyər ola bilməz. Tezliklə, digər canfəşanlıq edənlərə də növbə çatacaq. Çünki Paşayevlər yaratdıqları “imitasiya tablosu”nda Naxçıvan klanının üzvlərini görmək istəmirlər. Şamı özləri söndürüb, tortu özləri kəsmək istəyirlər. Bundan sonra ortaya çıxan hər neqativ fakta görə sıradan çıxarmaq istədikləri bir adamı qurban verəcəklər və təmizləmə prosesinə bu formada davam edəcəklər. Müxtəsəri budur ki, digər klanın təmsilçiləri müxalifəti söyməklə də canlarını qurtara bilməyəcəklər. Paşayevlərin əsas məqsədi Naxçıvan klanının sonunu gətirmək və dövlətin sərvətlərini  şəriksiz mənimsəməkdi. Təbiətdə çox maraqlı hadisələr var, onlardan biri gün batımıdır, siyasətdə də belədir, məsələn indi İlandağ klanının gün batımıdır. Bir yerdə ona seyr edək. Lakin unutma ki, ey qalstuklu, villalı, dollarlı məmur, növbə sənə də çatacaq…