Köhnələrin vurulması islahatdırmı? 

Toplananların yerin dəyişəndə, cəm dəyişmir

Əliyev hakimiyyəti bütün dövrlərdə xalqa düşüncəsiz, sadəlövh, avam, yalanları həzm edən kimi yanaşıb. Ona görə də heç vaxt dərin ssenarilər, uzunömürlü imitasiyalar haqda düşünməyiblər. Hesab ediblər ki, telekanallar, rejim saytları, hökumət sözçüləri “qatıq qaradır” deyəcək və hamı tərəddüdsüz qəbul edəcək. Bu mənada hökumətin ən böyük silahı “islahat şou”sudur. Hansısa məmurun vəzifədən çıxarılmasını, hansısa korrupsionerin həbs edilməsini, hansısa rayonda sadə vətəndaşlardan şikayət məktubu yığılmasını “dərin islahat” kimi gözümüzə soxmağa çalışırlar. Başa düşmürlər ki, bu ölkədə toplananların yerin dəyişəndə, cəmin dəyişmədiyini milyonlarla insan bilir. Camaat onu da bilir ki, birinci şəxsin “xeyir-dua”sı olmadan, milyardların ölkədən çıxarılması, büdcənin talanması mümkün deyil. 16 ildir prezident olan şəxs, hər il 3-4 müşavirə keçirir, harın məmurları hədələyir, sadə həyat tərzi keçirməyə səsləyir və nəticə dəyişmir. Yəni, 10 il əvvəl müşavirədə hədələdiyi adamı, 10 il sonra növbəti dəfə hədələyir. Artıq bu müşavirələr xalq arasında lətifəyə çevrilib və “kitayski islahat” statusu alıb. Ilham Əliyev idarəçiliyi, hətta imitasiyaları da təkzib edir, ziddiyyətli mənzərə yaradır.

Kimin vurulması, nəyi dəyişdi?

Hökumət təbliğatına nəzər salsaq görərik ki, ən sürətli islahatlar ötən il start götürüb. Bunların fikrinə görə şəhid ailələrinə  qan pulu verilməsi, devalvasiyadan dəyən zərərin bir hissəsinin sığortalanması, minimum əməkhaqqının Ermənistanın səviyyəsinə çatdırılması misilsiz islahat imiş. Əli Həsənovun, Ramiz Mehdiyevin vəzifədən azad edilməsi, Ağstafanın icra başçısının həbs edilməsi, prezidentin yerli jurnalistlərə müsahibə verməsi isə “super islahat” imiş. Yenə də xalqı avam hesab etmək, cəmiyyətə minnət qoymaq ənənəsi davam etdirilir. Rüşvət alan bir icra başçısının həbs edilməsi niyə islahat sayılmalıdı? Rüşvətxorun həbs olunması ən təbii hal deyilmi? Yaxud, Əzrayılla gizlənqaç oynayan və “ilin təqaüdçüsü” seçilmiş adminstrasiya rəhbərinin vəzifədən çıxarılması niyə kadr islahatı sayılmalıdır ki? Ramiz Mehdiyev etmək istədiyi hər şeyi edib və bundan sonra edəcəyi heç nə qalmayıb. 80-dən artıq yaşı olan adamın “vurulması”nı islahat kimi təqdim etmək, siyasi lətifədi. Digər tərəfdən bu “islahat”lardan sonra müsbətə doğru nə dəyişdi? Yenə də rüsvayçı bələdiyyə seçkiləri keçirildi, yenə də müxalif fikirli namizəd gecə vaxtı polislər tərəfindən döyüldü, yenə də fəal gənclərin şərlənərək həbs edilməsi prosesi davam etdirildi və s. Yəni, köhnələrin vurulması, yeni simaların kresloya oturdulması, idarəçilik zehniyyətini dəyişmədi. Sürücülər dəyişsə də, “dövlət qatarı” uçuruma aparan relsdən çıxarılmadı.

“Yaxşı müsəlman” Əliyevin müsahibəsi islahat şousunu necə ifşa etdi?

“Şıdırğı islahatlar” dan sonra Əliyev ilk dəfə yerli jurnalistlər qarşısına çıxdı və ağzından “dürr” tökdü. Ənənəvi sualları, əvvəlcədən hazırlanmış ssenarini boş verək. Əliyevin cavabları bir daha təsdiqlədi ki, bütün neqativlərin başında özü durur və hər şeydən xəbərdardı. Müxalifət liderinin statuslarına neçə “layk” gəlməsindən tutmuş, 19 oktyabr mitinqində insanlara işgəncə verilməsinə qədər hər şeydən xəbərdar imiş. Məlum müsahibədə açıq şəkildə görünür ki, bu adamın içində müxalifətə qarşı nifrət var, rəqiblərinə düşmən kimi yanaşır, fərqli fikrə hörmət etmir. Eyni zamanda prezidentin nitqi ziddiyyətlərlə doludur. Gah müxalifətin bitdiyini, gah da müxalifətin “Azadlıq” bloku tərəfindən monopoliyaya alındığını söyləyir. Gah dünya ölkələrinin, beynəlxalq təşkilatların mövcud hakimiyyəti dəstəklədiyini, gah da xarici qüvvələrin müxalifəti hakimiyyətə gətirmək istədiyini bildirir. Ən əsası isə çıxışlarında müxalifəti “ünsür”, “element”, “rəzil” adlandırması göstərir ki, bütün repressiyaların, hüquqsuzluqların arxasında şəxsən özü durur. Beləliklə, düşünmək qabiliyyəti olan hər bir insan anladı ki, islahatlar yolunun qarşısındakı ən böyük daş hakim ailənin özüdü. Və bundan sonra real vəziyyət daha aydın görünəcək. Çünki “özü yaxşıdır, ətrafı pisdir” arqumenti də sıradan çıxıb. Eyni zamanda, bütün bu yalanlar çərçivəsində üstəlik Allahın adını istifadə etməyə başlayıb. Biz bu barədə yazmışdıq və yazdığımız qısa müddət ərzində xalq folkloruna çevrilib. İlham Əliyev hara, din hara… “Yeyib-içən”, kazinoda milyonlar uduzan diktator nə vaxtdan yaxşı müsəlman olub?

Siyasi iradə yoxdursa…

Əgər hökumətin başında duran şəxslərin vətən sevgisi, dövlət təəssübü, milli qürur hissi yoxdursa, heç bir islahatdan söhbət gedə bilməz. Əgər dövləti idarə edənlərin var-dövlət sevgisi, talamaq ehtirası, ədalət hissinə qalib gəlibsə, bütün islahat söhbətləri nağıldı. Əgər hakimiyyətdə olmaq pul qazanmaq üçün vasitə hesab edilirsə, heç bir sərəncam, tapşırıq müsbət nəticə verə bilməz. Əgər ölkəni idarə edən adamların siyasi iradəsi yoxdursa, bütün addımlar sabun köpüyüdü. Qısası, hər gün bizə sırınan şeyin adı islahat deyil, hakimiyyətin ömrün uzatmaq üçün xalqa verilmiş növbəti yuxu dərmanıdı.