Heydər Əliyevin ruhu şaddirmı?

“Ulu öndərin” narahat ruhu

İlham Əliyev bütün çıxışlarında atasının yolunu davam etdirdiyini, bu yoldan bəhrələndiyini bildirir. İsrar edir ki, Heydər Əliyevin müdrik siyasətini davam etdirir. Əlbəttə, bu fikirlərdə həqiqət payı da var. Ölkədə avtoritarizm daha geniş vüsət alıb, korrupsiya daha da pöhrələnib, siyasi rəqiblərə qarşı qeyri-adekvat mübarizə üsulları daha da idbar formada təzahür edib. Bütün bunların təməli Heydər Əliyevin dövründə qoyulub və bu “yol”a xəyanət edilməyib. Amma yenə də Heydər Əliyevin ruhu rahat deyil. Hər dəfə müşahidə edəndə görür ki, onun taxt-tacında Əliyevlər yox, Paşayevlər məskən salıb. Görür ki, ona podnosda çay gətirən gəlini, indi “podnos”da prezidentlik kürsüsünə aparılır. İllərlə yanında gəzdirdiyi oğlu isə lent kəsməklə, xizək sürməklə, hazır mətnləri oxumaqla günün keçirir.

İndi Heydər Əliyevin ruhu təəccüb və təəssüf hissiylə çırpınır. Narahatdır ki, sağ bacısına sahib çıxa bilməyən oğul, ölmüş atasına necə sahib çıxacaq. Heydər Əliyevin ruhunu ən çox narahat edən budur ki, ona alternativ kimi hansısa əjdaha siyasətçini deyil, Mehriban Əliyevanı üzə çıxarıblar. İndi onun min bir hiyləylə qurduğu xanədana siyasətdən bixəbər qadın iddialıdır.Onun ruhunu narahat edən başqa məsələlər də var. Bu müdrik ruh anlayır ki, Paşayevlərin mütləq idarəçiliyində “Gül bayramı”, “Qurtuluş günü”, “Qayıdış günü” yada düşməyəcək. Hər il Fəxri xiyabanda əyilən adamlar çoxluğu müşahidə olunmayacaq. Əlamətdar günlərdə televizorun küncündə “ulu öndər”in şəkli həkk olunmayacaq. Mircəlal Paşayevin, Əziz Əliyevin, Aida İmanquliyevanın dövrü başlayacaq. Əgər bu ruh danışa bilsəydi, “ay oğul, bu nə həngamədi? Məni yoxa çıxarırlar, gəlinin  portretləri mənimlə “duet” oxuyur. Mən sənə belə öyrətməmişdim” deyərdi. Ramiz Mehdiyev və diqər köhnələr gedəndən sonra “müdrik ruh” bir az da narahat olub. Qoca akademikin “qırmızı kart” almağı vəziyyəti daha da qəlizləşdirib. Mərhum ata  fərqindədir ki, Ramiz Mehdiyev kimi məşqçi olmadan, İlham “yaşıl meydan”larda parlaya bilməz.

Həqiqətən də, Heydər Əliyev olmasaydı, İlham Əliyevin bu  ölkədə deputat olmaq ehtimalı da sıfıra bərabər idi. O, zərərli hobbiləriylə çox uzağa gedə bilməyəcəkdi və məşəqqətli tale yaşayacaqdı. Bəlkə də, Xoşqədəmin axtardığı adamlardan biri olacaqdı. Atası onu xəyal edə bilməyəcəyi zirvəyə qaldırdı. İlham isə  onu bu zirvəyə qaldıran adamı “arvad diviziyası”na qurban verdi. Amma özü yıxılan ağlamaz. “Uzaqgörən siyasətçi” bilməliydi ki, dərin qazdığı quyu bir gün onun da qəniminə çevriləcək. İstənilən halda, İlham Əliyevi o tərəfdə əsəbi bir ruh gözləyir. KQB-nin generalını Paşaların serjantına qurban vermək nankorluqdu…