Mehriban Əliyevanın Heydərləşdirilməsi 

İlham Əliyev “ata yolu”na necə xəyanət etdi

Hökumət təbliğatı bir qayda olaraq İlham Əliyevi  “Heydər Əliyevin layiqli davamçısı” kimi təqdim edir. Cəmiyyətə sırımağa çalışırlar ki, İlham Əliyev də böyük siyasət adamıdı, müdrikdi, uzaqgörəndi və.s Amma Heydər Əliyevin ölümündən dərhal sonra hiss olundu ki, “layiqli davamçı” çox zəif, təcrübəsiz və dişsiz adamdı. Qısa müddət ərzində Paşayevlər Heydər Əliyevə alternativ kimi təqdim olunmağa başladı. Harada Heydərin adı çəkilirsə, hansısa bir formada Aida İmanquliyevanı, Əziz Əliyevi də ora dürtməyə başladılar. Amma bununla da kifayətlənmədilər. Bir müddətdən sonra Paşayevlər siyasi hakimiyyətə yayılmağa başladılar, yüksək vəzifələrə öz adamlarını yerləşdirdilər və siyasətin “s”-sindən xəbəri olmayan Mehriban Əliyevanı “dəmir ledi” kimi ictimai rəyə soxuşdurmaq planı işə düşdü. Görünür,  Paşayevlər Heydər Əliyevin ölümünü səbrsizliklə gözləyirmişlər. Çünki Heydər Əliyevin dövründə Paşayevlərin meydan sulamaq imkanı məhdud idi. Heydər Əliyev  “avtoritarizm bağçası”nı yalnız özü sulamaq istəyirdi. Onun vaxtında Paşayevlərin bu “bağça” ya gül əkməsi mümkün deyildi. O istəməzdi ki, min bir hiylə-kələklə qurduğu səltənəti kiminləsə bölüşsün. Həm də təcrübəli bir siyasətçi kimi başa düşürmüş ki, Paşayevlərə geniş imkanlar versə, sarmaşıq kimi hər yerə darışacaqlar.

Paşayevlərin “uzaqgörən” siyasəti

Amma İlham Əliyev elə bir “uzaqgörən siyasət” yürütdü ki, Mehriban Əliyeva Heydər Əliyevə rəqib kimi peyda oldu. Heç vaxt dövlət işiylə məşğul olmamış, daha çox plastik əməliyyatlarla, həyat tərziylə gündəmə gəlmiş adam qəfildən cəmiyyətə böyük siyasətçi kimi sırınmağa başladı. İndi harda Heydər Əliyevin portreti varsa, orada Mehriban Əliyevanın da camalını görmək mümkündür. Birinci siniflər üçün nəzərdə tutulmuş test kitablarından tutmuş, 11-ci sinif dərsliklərinə qədər Heydərlə Mehriban bərabər addımlayır. Yəqin ki, yaxın günlərdə Mehriban Əliyevanın Çörçili səhv çıxardığının, Napoleonun taktikasına düzəlişlər etdiyinin, Bismarkın fəaliyyətinə qiymət verdiyinin də şahidi olacağıq. Hətta Mehriban Əliyevanın “Dövlət siyasətinin əsasları” adlı çoxcildliyi çap olunsa, təəccüblənmərik. İlham Əliyev “ata yolu” nun asfaltını söküb, “arvad yolu” nun cığırlarına döşəyir. Hamıya təlqin etməyə çalışırlar ki, Mehriban xanım da Heydər Əliyev kimi böyük siyasət adamıdı. Yaxud Heydərdən də güclü strateq, dövlət adamıdı.

Əliyeva layiqli davamçı rolunda

Hələ bir çox məsələlərdə onun “xoşməramlı” titulu da kara gəlir. Hər yerdə onun humanist portretini cızaraq, daha üstün olduğunu göstərməyə çalışırlar. Guya, bu xanım dünya mədəniyyətinə töhfə verirmiş, uşaqları dəlicəsinə sevirmiş, muğamın vurğunuymuş və s.İndi Mehriban Əliyeva tək xarici səfərlər edir, bayram günlərində xalqı təbrik etmək səlahiyyəti qazanıb və Paşayevlər Əliyevləri arxasında gizlətməklə məşğuldu. Bütün bunlar isə İlham Əliyevin nə qədər zəif, bacarıqsız və siyasətdən kənar adam olduğunu göstərir.  O qədər zəifdir ki, heç bir siyasi biliyi, idarəçilik qabiliyyəti olmayan Mehriban Əliyeva atasından üstün pilləyə dırmaşıb. İndi bunu necə başa düşək? Heydər Əliyev dahi deyildi, yoxsa Mehriban Əliyeva daha böyük dahidi? Əgər bu sual meydana çıxıbsa, deməli, İlham Əliyev layiqli davamçı ola bilməyib. Dövlət sükanını elə adamın əlinə verib ki, həmin adam hər addımda qəza törədəcək. Üçtəkərli velosipedə öyrəşmiş uşağa Kamaz etibar etmək olarmı?