Heydər Əliyev Paşayevlərə niyə güvənmirdi?

Ölkənin apalitik kəsimi də bu qənaətdədir ki, Heydər Əliyevin qurduğu “şahmat taxtası” nda fiqurların funksiyası dəyişib. Yəni, dünənə qədər piyada rolunda olanlar, bu gün vəzirə, topa, ata çevrilib. Məsələn, hamı açıq şəkildə etiraf edir ki, Heydər Əliyev oliqarxiyanın bu qədər yekəlib-kökəlməsinə, Paşayevlərin hökmran olmasına imkan verməzdi. O, təkcə birinci şəxs olmaqla kifayətlənmirdi. İkinci, üçüncü, dördüncü yerlərə də özü nəzarət etmək istəyirdi.  Ümumiyyətlə, Paşayevlər ailəsi  Heydər Əliyevin hakimiyyətdə olduğu zaman bütün siyasi və inzibati proseslərdən kənarda saxlanılırdı. Bunun dəqiq səbəbini bilmirik, amma bildiyimiz budur ki, Heydər Əliyevin bu sülaləyə etimadı yox idi. Hətta ikinci dəfə hakimiyyətə qayıdanda da, onlara yaşıl işıq yandırmadı. Bu sülalədən yalnız  indiki Səhiyyə naziri Oqtay Şirəliyev çox kiçik imtiyazlara sahib olub. Yəqin Heydər Əliyev arxayın olub ki, içki sevdalısı olan Şirəliyevdən ona zərər toxunmaz. O, ayıq adamları nəzarətdə saxlayırdı və buna görə də ikinci Paşayev təmsilçisini hakimiyyət süfrəsinə buraxmırdı.

Zaman Əliyevi necə haqlı çıxardı?

Ötən dövr bir daha sübut etdi ki, Heydər Əliyev öz maraqları nöqteyi-nəzərindən haqlı imiş. Yəni, bilirmiş ki, Paşayevlər ilmənin ucunu tapa bilsələr, axıra qədər sökəcəklər. İlham Əliyev bu ilmənin ucunu elə təslim etdi ki, “evdar arvad” şişərək ölkəni nəslinin şəxsi evinə çevirmək iddiasına düşdü. Bir tərəfdən qohumlar, bir tərəfdən Arif Paşayev, bir tərəfdən Hafiz Paşayev, bir tərəfdən də Mehriban Əliyeva dövlətin “səltənət şirəsi”nə qarışqa kimi darışdılar. Təkcə sərvətlə də kifayətlənmədilər. Heydər Əliyevin sevimli qızı Sevil Əliyeva qeyri-rəsmi sürgünə göndərildi, onun Azərbaycandakı adamları sürətlə zərərsizləşdirildi, Cəlal Əliyev əlində əsa saatlarla İlham Əliyevin qapısında gözlədi və qəbula düşə bilmədi. Beləliklə, ofsaytda qalmış oyunçular “əsas heyət”ə düşə bildilər.

Əliyevin ölümünə ən çox sevinən kimlər idi?

Yaxın keçmişə ekskurs edib, bu günə qayıdanda dəqiq diaqnoz qoymaq çox asan olur. Paşayevlərin bitib-tükənməyən hakimiyyət və pul ehtirası göstərir ki, Heydər Əliyevin ölümünə ən çox sevinənlər Paşayevlər imiş. Onların arzularının gerçəkləşməsi, Heydər Əliyevin fizilki məhvindən  asılı idi. Bəli, hüzrdə qara libas geyinən Paşayevlər, əslində “qırmızı çadır” qurmuşdular. Dünənə qədər tindən baxanlar, bu gün hər tində “Bravo” açırlar,  holdinqlər, banklar, dünyanın hər yerində biznes şəbəkəsi qururlar. Bəlkə də Paşayevlər Allaha cəmi bir dəfə şükür ediblər, o da Heydər Əliyevin öldüyü gündü. Bəli, Heydər Əliyevin israrla uzaq tutmağa çalışdığını, İlham Əliyev israrla çox yaxına buraxdı.