Diktatorun korrupsiyaya qarşı mübarizə nağılı 

Ər-arvad xalqdan pulu oğurlayır və “Paşa-bank”a qoyur…

Diqqət etmisinizsə, İlham Əliyev bütün çıxışlarında korrupsiya ilə mübarizə məsələlərindən danışır. 2020-ci ildə də bu nağılı danışacaq. Bu, bir az da cinayət başında yaxalanan oğrunun haray qoparıb günahsız olduğunu isbat etmək cəhdlərinə bənzəyir. “Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin…” Bu sözləri demək olar hər çıxışında onun dilindən eşidirik. Artıq qulağımız belə çeynənmiş ifadələrdən yağır olub. Adam hər çıxışında bənzər açıqlamalar səsləndirdiyinə görə, çıxışları arasındakı rabitəni də itirib. Bu sitat onun 2013-cü ildəki çıxışındandır: “Bu gün korrupsiyaya qarşı mübarizə prioritet məsələdir. Bu mübarizədə yaxşı nəticələr, uğurlar vardır. Əminəm ki, gələcək illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcəkdir. Bu bəla Azərbaycandan tamamilə silinməlidir.” Onun bu ilin oktyabr ayındakı çıxışından məlum olur ki, mübarizənin, həqiqətən, mənfi sıçrayışlı nəticələri olub: “Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır.” Prezidentin korrupsiya hallarının geniş vüsət alması ilə bağlı etirafını biz də təsdiqləyirik. Əliyev düz deyir, bircə ölkədə artan korrupsiya piramidasının başında öz ailəsinin dayandığını etiraf etmir. Amma beynəlxalq qurumlar hesabat yayır ki, Azərbaycan 2018-ci ilin korrupsiya indeksində 30 pillə geriləyərək, 180 ölkə arasında 152-ci yerdə qərarlaşıb. Təşkilatın öncəki illər ərzində dərc etdiyi hesabatlarda Azərbaycan dünya ölkələri arasında 122-ci (2017), 123-cü (2016) və 119-cu (2015) yerdə idi.“İnkişafın” necə sıçrayışla getdiyinə özünüz şahid olun. “Ölkədə doğrudan korrupsiyaya qarşı mübarizə aparılırmı” sualının cavabını da Dünya Bankının hesabatından görmək olar. 2017-ci ili əhatə edən hesabatda korrupsiya ilə mübarizənin effektivliyinə görə Azərbaycan 100 mümkün baldan 17,7 bal yığa bilib. Gürcüstan 77,4 balla korrupsiya ilə ən effektiv mübarizənin aparıldığı ölkələr siyahısındadır.

Xalqdan oğurladığı milyardları geri qaytarmağa hazırdırmı? Niyə bu pullar “Paşa”ya sərmaye edilir

Amma biz yenə də ölkə başçısının korrupsiyaya qarşı mübarizə ilə bağlı fikirlərini dəstəkləyirik. Təklif edirik ki, diktator öz ailəsinin xalqdan oğurladığı milyardları geri qaytarmaqla başlasın. Paster düz deyirdi, bu “ölkəni Paşa-bank alıb”. Ölkə xəzinəsindən çırpışdırılmış milyonları da başqa məmurlardan ancaq bu yolla geri almaq olar. Mümkün deyil, eləmi? Mümkün deyil, şübhəsiz. Artıq bu ölkədə hər kəsin əmin olduğu bir həqiqət var- Əliyevlər hakimiyyəti tarix səhnəsindən silinməyincə, ölkədə korrupsiyanın kökü kəsilməyəcək. Bunu son 4-5 il ərzində dünya mətbuatında yer alan  beynəlxalq jurnalist araşdırmaları da təsdiq edir. İki il əvvəl “The Guardian” qəzetində Əliyev ailəsinin xalqdan oğurlanıb gizli yollarla xarici banklarda yerləşdirdiyi 3 milyard dolların üstünü açdı. Amma, 3 milyard bəlkə da diktator ailəsinin sərvətinin heç 10 faizini də təşkil etmir. Siz bu milyardların ölkədən İlham Əliyevin xəbəri olmadanmı çıxarıldığını düşünürsünüz? Yox, biz o qədər  sadəlövh deyilikvə bu pulların birbaşa Əliyev ailəsinin adı ilə bağlı olan işlərə xərcləndiyinə adımız kimi əminik. İlham Əliyev son 20 ildə neft ixracından gələn 148 milyardın taleyi haqqında bir dəfə də xalqa açıq hesabat verməyib. Qeyri-rəsmi məlumatlarda həmin pulun ən azı üçdə ikisinin prezident ailəsinin xəzinəsinə axdığı bildirilir və ortada buna inanmamağa dair heç bir tutarlı əsasımız yoxdur.

İlham Əliyev bunu da doğru deyir ki, “korrupsiya ölkəmizin böyük bəlasıdır”. Bu bəlanı ölkənin başına gətirən elə onun özü deyilmi? Ölkənin bütün qurumların bu çirkaba batması məhz onun natəmiz idarəçiliyinin nəticəsi deyilmi? Təkrar edirik, korrupsiyanın kökünü kəsmək istəyən adam ilk növbədə özü xalqdan oğurladığı milyardları qaytarıb yerinə qoymalıdır, “Paşa-banka” yox…