Bizim tənqiddən sonra “Canik Azal” xalqdan əl cəkdi

Monopolist “Azal”ın səmadan çəkilməsi ölkəyə nə verəcək?

Nəhayət, ölkə səmasında günəşin qabağını kəsmiş “Azal” kənara çəkilib, yolları açmağa başladı. Monopolist Cahangir Əsgərov çar-naçar çıxıb şəxsən açıqlama verdi ki, bundan sonra təkbaşına hegemonluq etmək siyasəti keçməyəcək. Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə beşinci və yeddinci qrup “hava azadlığı” ölkənin bütün beynəlxalq hava limanlarında maneəsiz tətbiq olunacaq. Bu “hava azadlığı” qrupları Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verəcək. Eyni zamanda, beşinci qrup “hava azadlığı” xarici aviaşirkətlərə öz hava limanlarından digər şəhərlərə uçuş həyata keçirərkən sərnişinlərin təyyarəyə minməsi və yaxud düşməsi məqsədilə Bakıda eniş etməsinə imkan yaradacaq. Yeddinci qrup “hava azadlığı” isə aviaşirkətə öz baza aeroportunda eniş etmədən Azərbaycan və xarici ölkələr arasında uçuş həyata keçirməyə icazə verir. Xülasə, ölkə vətəndaşları heç bir maneə olmadan Bakıdan bir çox xarici ölkələrə uça biləcəklər. Üstəlik, Azərbaycana uçuşlar yerinə yetirməyə başlamaq istəyən istənilən yeni aviaşirkət ölkənin hava limanlarının xidmətlərinə 100% endirim əldə edəcək. Əməliyyatın ikinci ilində endirim 70%, üçüncü ilində 50%, dördüncü ilində isə 30% təşkil edəcək. Bu isə ölkə vətəndaşlarına əvvəlki qiymətlərə nisbətən xeyli ucuz qiymətlərlə səyahət etmək imkanlarının yaranması deməkdir. Hansı ki, ölkə səmasını hələ Saakaşvilinin zamanında dünyaya açan Gürcüstanda uçuş biletləri bizdən hardasa 2 dəfə ucuz başa gəlir.

Cahangir Əsgərovun ailəyə bağlı monopoliyası

İllərdir “Azal”ın ölkə səmasında yaratdığı monopoliyadan yazırıq. Qazancına şərik olanlardan başqa, ölkədə kimsə ondan razı deyil. Dəfələrlə yazdığımız kimi, dünyanın ən bahalı biletlərini satan, hava məkanını tam nəzarətdə saxlayan, ən aşağı xidmətləri göstərən “Azal”, hələ il sonunda borclu çıxıb, dövlət büdcəsini də talayır. Səbəbləri bilirsiniz. “Azal”la bağlı dəfələrlə gündəmə korrupsiya qalmaqalları gəlməsinə baxmayaraq, ölkə rəhbərliyinin nədən şirkət prezidenti Cahangir Əsgərovu qoruduğunu da bilirsiniz. Çünki “Azal”dan gələn milyonlar təkcə onun cibinə getmir, qazancın böyük hissəsi Əliyevlər ailəsinə çatır. Azərbaycan yeganə ölkədir ki, aviaşirkət hava limanının sahibidir və burada göstərilən bütün xidmətlər “SilkWay Holding”in nəzarətindədir. Bəli, elə əsl kilid məsələ də “SilkWay Holding”in üzərindədir. Həmin holdinq də prezidentin qızı Arzu Əliyevanın nəzarətindədir. Yəni on illərdir Azərbaycan səmasında hökm sürən şəriksiz monopoliyanı Əliyevlər yaradıb, başqası yox. “Azal”ın, lazım oldu-omadı, dünyanın məşhur şirkətlərindən bahalı təyyarələr alması da hər zaman şübhə yaradan məqam sayılıb. Sonuncu dəfə şirkətin “Boing” şirkətindən prezident ailəsi üçün 589 milyon 730 min manata  lüks  B777-200 (LR) təyyarəsi aldığını da bilirsiniz. İllərdir  “AZAL” ölkənin ən böyük yeyinti şirkətləri arasında yer alır və kimsə ondan hesab sormur. Heç hesab sorulana da oxşamır. Sadəcə, dünya aviaşirkətlərinə hava məkanının açılması, monopoliyanı aradan qaldırıb sadə vətəndaşların işini asanlaşdıracaq ki, bunu çoxillik davamızın bir uğuru kimi də qiymətləndirə bilərik.

Monopoliyasız Avropaya 23-25 avroya belə uça bilərsiniz. Ölkə vətəndaşları üçün ucuz səyahət imkanları

Qeyd etdiyimiz kimi, Gürcüstan hava məkanını dünya aviaşirkətlərinə çoxdan açıb. Ona görə, qiymətlər bizdən xeyli ucuzdur və hər il minlərlə soydaşımız uzaq ölkələrə Tbilisi hava limanından uçmağa üstünlük verir. Bir müqayisə aparaq, ondahər şey sizə aydın olacaq.  Macarıstanın “WizzAir” şirkətinin biletləri ilə Tbilisidən 23-25 avroya Avropanın müxtəlif ölkələrinə uçmaq mümkündür. Bu ölkələr sırasında Almaniya, Macarıstan, Polşa, Yunanıstan, İtaliya, Litva və Kipr var.Özünüz düşünün, Bakıdan 23-25 avroya dünyanın hansı ölkəsinə uça bilərsiniz? Elə Bakıdan Gəncəyə təyyarə biletinin qiyməti 54 manatdır. Gəncədən İstanbula 218 manat, Gəncədən Kiyevə 622 manat, daha gerisini özünüz düşünün. Bir də ölkə prezidenti durub regionun lider dövləti olmaq nağılından danışır. Nağıl danışmaq asandır, amma o nağılların sonunda göydən alma düşməsə, sonra ona kimsə inanmayacaq.