31 dekabrdakı 100 min adam VİDEO

31 dekabr günü paytaxtın mərkəzindəki qələbəliyi gördünüz. Yeni ili qarşılamaq üçün ailəli-uşaqlı küçələrə axışan, bayram atəşfəşanlığı üçün bir arada toplanıb böyük izdiham yaradan qələbəliyi. Bayram ovqatında olmaq gözəldir, elliklə bir araya gəlmək ondan da gözəl. Amma biz nədən, sadəcə, əyləncə və şou olan yerlərə axışıb atlanıb-düşən xalq olduq? Harda qaldı bizim ölkənin azadlığı, işıqlı sabahı, torpaq təəssübü üçün bir araya gəldiyimiz günlər?  Biz təklif etmişdik ki, 31 dekabr diktaturaya qarşı protest edək, lakin xalqdan reaksiya olmadı. Harda qaldı bizim “azadlıq” hayqıranda paytaxtı silkələyən səsimizin gücü? Harda qaldı bizim bir meşənin qırılan ağacları üçün tək ürək olub meydanları titrədən ruhumuz? Bizi azadlıq eşqi ilə sərhəd tikanlarının üstünə aparan, ölüm saçan tankların qarşısına yürüdən, sabaha inamla irəli çəkən o ruh harda qaldı? Biz o meydanlara niyə çıxmışdıq? Bu qədər şəhid qanları niyə axmışdı paytaxtın küçələrində? Bu ölkənin azadlığı və gözəl gələcəyi üçün deyildimi bütün çırpınışlar? Əlbəttə, heç bir mübarizə hədər getmir, heç bir dirəniş nəticəsiz qalmır. Getmədi də. O böyük tarixi biz yazdıq, müstəqillik qazandıq, ilin xalqı olduq. Amma ölkəmiz çirkin bir oyunun qurbanı olub, yenə sovet tör-töküntülərinin əlinə keçdi. Beləcə, 26 ildir o tör-töküntülərin əsarəti altında əzilirik. Bu əsarətdən qurtulmalı deyilikmi? On illərdir qanımızı içən bu tayfa hakimiyyətini tarixin zibilliyinə göndərib, azadlığımızı bərpa etməli deyilikmi? 31 dekabrda bayram atəşfəşanlığı üçün paytaxtın mərkəzinə cəm olan on minlər, ölkənin işıqlı sabahı üçün yenidən bir araya gələ bilməzmi?

Biz 100 ildir eynilə dahi Üzeyir Hacıbəyovun dediyi kimi iş görürük. “Qonşularımız siçan boyda iş gördükdə biz yatmışdıq. Sonra onların işi böyüyüb, keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşək boyda işlər görməyə üz qoydular, biz yenə yatmışdıq. Qonşularımızın eşşək boyda olan işi, irəliləyib camış yekəlikdə oldu. Amma biz yatmışdıq. Və camış dönüb dəvə olanda da biz yatmışdıq. Biz ancaq o vaxt oyandıq, nə vaxt ki, qonşularımız fil boyda iş görməyə başladılar.” Fil düzəldə bilmirik, dəvəyə də gücümüz çatmır, enirik camışa, baxırıq ki, o da bizlik deyil. “Sonda məsləhəti qoyuruq siçan üstünə. Amma onda da görürsən ki, içimizdən bir pişik çıxdı və siçanı yedi…”Nəhayət, iş görməyi öyrənməli deyilikmi?  Bu ölkəni tayfa hakimiyyətindən xilas etməyə 100 min insan yetər. Meydanlarda o birliyi göstərdiyimiz gün bu hakimiyyətin qürubu başlayacaq. Bunu onların özləri də bilir. Niyə özümüzdə güc tapıb o meydanlara çıxa bilmirik? Niyə on illərdir həyatımızı cəhənnəmə çevirən, ölkəmizi talayan, haqlarımızı ayaqlar altına atan, əzizlərimizi həbsxanalarda çürüdən bu sülalədən xilas yolları haqqında düşünmürük? Niyə bu qədər ümidsiz, könülsüz və özümüzə inamsızıq? Son illərdə Ukrayna, Gürcüstan, hətta düşmən Ermənistan bunu bacardısa, biz niyə bacarmayaq? Bu biganəliyin və xofun sayəsində ölkənin hansı duruma düşdüyünün fərqində deyilmisiniz? Yoxsa Əliyevlər sülaləsinin ömürlük hakimiyyət planları ilə barışmısınız artıq? 26 illik bu hakimiyyət bizə daha hansı pisliyi etməlidir ki, bir olub ayağa qalxaq? Hamınız həyatınızdan narazısınız, hamınız bu qansız rejimdən bezmisiniz, hamınız bir tikə çörək üçün aylarla ən ağır şərtlərdə işləməyə məhkumsunuz. Bir olmaq, birlik olmaq vaxtıdır. Bu yeni il xalqımızın ili ola bilər. Bu yeni ildə ilin xalqı ola bilərik. Axı başqalarından nəyimiz əskikdir, niyə də olmayaq?