“İlin bərk gedən köynəyi” Adil Əliyevdə

Yazmışdıq, Mehriban Əliyeva yeni komandasında DİN naziri olaraq yeni birini görmək istəyir. Həmin namizədlər arasında adı birinci yerdə keçən şəxs  də deputat Adil Əliyevdir. Deyilənə görə, xəbərin mətbuata çıxmasından sonra yaxın dostları ona yaxşı bir qonaqlıq da verib. Şübhəsiz, Məhərrəm və Adil Əliyev qardaşlarının sabiq DİN naziri Ramil Usubov və indiki nazirlə köhnə haqq-hesabı olduğuna görə, bu vəzifə onlar üçün sehrli xalat anlamındadır. Yəni qardaşlar məhz o “sehrli xalatı” əldə etməklə ötən günlərə dönüb, köhnənin qisasını ala bilərlər. Yeri gəlmişkən, biz Adil Əliyevi  həmin xalata bənzər bir bəzəkli köynəkdə görmüşük. Divarda asdığı Heydər Əliyevin portretini belə kölgədə qoyan həmin köynəyə “ilin ən bərk gedən köynəyi” adını da vermək olar. Deyilənə görə, xeyli baha da qiyməti var. Amma özü demişdi axı, gərək millət vəkili varlı adamlardan olsun, qoluna da onun kimi ən brend saatlardantaxsın. Amma könlündən nazirlik keçən Adil Əliyevə desin ki, cənab deputat, axı sən Frank Alkapone deyilsən, millət vəkilisən. O bəzəkli köynəyi geyməklə, güc nazirliyinə talib olmaq düz gəlmir. Heç olmasa, nazir kimi geyinməyi “ilin qulduru” adını alan Vilayət Eyvazovdan öyrən. O köynəyi də saxla, xarici kurortlara gedəndə geyərsən, nazir kabinetində yox.     Məsələnin yumor tərəfi öz yerində. Amma görək, vitse-prezident xanım nədən o postda məhz Adil Əliyevi görmək istəyir?  Demək olar ki, Əliyevlər cütlüyü yeni komanda formalaşdırmaq istiqamətində xeyli məsafə qət edib.

Onların bu mərhələdəki planları hakimiyyət daxilində gedən klanlararası savaşı öz xeyirlərinə həll etməkdir. Böyük oyunun bitməsi üçün qarşıdakı əsas maneə Naxçıvan klanı ilə haqq-hesabı birdəfəlik çürütməkdən keçir. Amma vitse-prezident xanım məlum zonadan olan bütün məmur ordusuna savaş açmağın da qorxulu olduğunu anlayır. Bunu nəzərə alan xanımın Naxçıvan doğumlu tanınmışlarla da xüsusi planları var. Bu plan BŞBPİ-nin sabiq rəisi Məhərrəm Əliyevin az əvvəl  yüksək vəzifəyə gətirilməsindən başladı. O, Əliyevin sərəncamı ilə Prezidentin köməkçisi, Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edildi. Onun adının təyin olunan köməkçilər sırasında daxil edilməsi həm də başqa bir təyinata hazırlıq demək idi. Görünür, o təyinat üzrə onun kriteriyalarına ən uyğun gələn namizəd Adil Əliyev olub. Həm də ona görə ki, Əliyev qardaşlarını köhnə klanla heç nə bağlamır. Nəinki bağlamır, onlarla münasibətləri, hardasa, düşmənçilik səviyyəsindədir. Elə Mehriban Əliyevaya da məhz belə bir adam lazımdır. O, nəyin bahasına olursa-olsun, hakimiyyəti ərindən təhvil almaq istəyir və bu yolda köhnə qvardiya ilə heç bir münasibət saxlamayan şəxslərə ehtiyacı var. Bir sözlə, Əliyevlər durumun gərgin olduğunu anlayır və çevrəsinə daha etibarlı adamlar yığmaq üçün çapalayır. Şübhəsiz, Əliyevanın Naxçıvan klanını sıradan çıxarmaq planı da heç nəyi dəyişməyəcək. Yeni gələnlər eyni sistemin davamçıları olaraq, bənzər şəkildə yola davam edəcəklər. Elə DİN naziri postu üçün nəzərdə tutulan Adil Əliyev də həmin kadrlardan biri olacaq.