“İlin ən düzgün addımı” Şahmar Mövsümov 

Peşəkar müşahidəçilər Şahmar Mövsümovun təyinatını İlham Əliyevin builki kadr dəyişiklikləri arasında ən uğurlusu hesab edirlər. Bildiyiniz kimi, noyabr ayında o, Prezidentin köməkçisi − PA-nın İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri təyin edilib. Mövsümov bu vəzifəsindən əvvəl 13 il Dövlət Neft Fondunun İcraçı Direktoru vəzifəsində çalışıb. İqtisadi ekspertlərin rəylərinə görə, o, Neft Fondunun direktoru vəzifəsində peşəkarlığı ilə özünü doğruldub. Bu il tədbirlərin birində Neft Fondunun 42,5 milyard dollar aktivi olduğunu açıqlayan və fondun portfelində riskli aktivləri daha da artırmaq niyyətində olduqlarını deyən sədrin fikirləri böyük maraq doğurmuşdu. Mətbuatda onun bu açıqlaması “Şahmar Mövsümov riskləri xoşlayır” başlığı altında yayılmışdı. Əlbəttə, ölkənin bu qədər sərvəti ilə risk etmək də zarafat məsələ deyil. Elə Harvardda təhsil alıb, belə teokratik hakimiyyətdə böyük post tutmaq özü də böyük risk tələb edən məsələdir. Ş. Mövsümov Naxçıvan doğumlu olsa da, ailəyə yaxın kadr hesab edilir. Adı heç bir qruplaşmada və intriqa söhbətlərində keçmir. Deyilənə görə, onun bu vəzifəyə gətirilməsində  vitse-prezident xanımın da rolu olub. Təhsili də onun müəyyən etdiyi kriteriyalara uyğun gəlir. Mövsümov Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini bitirib. 2003 – 2004-cü illərdə isə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbindən dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb. 

Mövsümovun peşəkar olması və Harvard diplomu onun indiyə qədər tutduğu yüksək vəzifələrdə əliboş oturub maaşa baxması anlamına gəlirmi? Əlbəttə, yox. Hökumətdə əvvəl güclü iştahı olanları irəli çəkirdilər, indi iştahı zəif olanları çəkirlər. Mehriban xanım pul sevən qadındır. Çünki ölkədə əvvəlki vəziyyət deyil. Əliyevlərin güclü iştahı menyuya xeyli ixtisarlar etməyi tələb edir. Mövsümovu uğurlu kadr hesab edənlərin əsas arqumenti odur ki, onu neft milyardlarını yeyib-dağıdan Rövnəq kimilərlə bir sıraya qoymaq olmaz. Mövsümovun adı böyük korrupsiya qalmaqallarına qarışmasa da, onun sahib olduğu “AS Qroup İnvestment”, “AS-İnşaat”, “AS-Qroup” şirkətlər şəbəkəsində əli var. ”AS-Qroup İnvestment”in Türkiyədə, Rusiyada, İtaliyada, Britaniyada böyük biznes obyektlərinə sahib olduğu da mətbuatda yer alan xəbərlər arasındadır. Bundan başqa, Dövlət Neft Fondundan çirkab torpaq ərazilərin təmizlənməsi, təmir tikinti işləri layihəsi üçün ayrılan külli miqdarda vəsaitin də “AS Qroup MMC”yə verildiyi bildirilir. Bir neçə il əvvəl onların adı yeni obyektlər tikmək məqsədi ilə paytaxtda bir çox şəxslərin qanuni qarajlarını məcbur sökdürməsi qalmaqalında da gündəmə gəlmişdi. Həmin hadisələr zamanı insanların “bandotdel” əməkdaşı tərəfindən Şahmar Mövsümovun adı ilə hədələndiyi, kompensasiya ala bilməyən şəxslərdən  Tina Nəbiyevanın əsəbiləşərək, beyninə qansızmadan dünyasını dəyişdiyi qeyd edilmişdi. Əlqərəz, nə qədər peşəkar, kübar, oxumuş olsanız belə, bu sistemin çirkli işlərinə bulaşmadan vəzifədə qala bilməzsiniz. İstəməsəniz belə, sizi o çirkaba bulaşdıracaqlar.