“Heydər Əliyev fondunun fəxri işçisi” – Rabitə naziri 

İndiki zamanda Heydər Əliyev fondunda beş-on aylıq iş stajına malik olmaq, xaricdə diplom almağa bərabər tutulur. Bir halda ki, indi ölkədə hər şeyi birinci xanım diktə edir, bir halda ki, onun kadrlarına hər yerdə yaşıl işıq var, bu şansınızdan hər yerdə istifadə edə bilərsiniz. Təbii, vitse-prezident xanım fondda çalışdığı əməkdaşların arasından ən çox bəyəndiklərini özü çəkib yuxarı postlara aparır. Bu seçim zamanı onun hansı kriteriyalara üstünlük verdiyini yazmışdıq. Şübhəsiz, onun komandasına düşmək üçün həmin kriteriyalardan heç olmasa, birinə sahib olmaq tələb olunur. Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri olan Ramin Quluzadənin şansı da Heydər Əliyev fondundakı onillik fəaliyyətinə görə gətirib.

Onun xarici ölkə universitetlərindən diplomu olmasa da, fonddan yaxşı xasiyyətnaməsi var. Üstəlik, Bakı doğumludur. 2014-cü ildə “Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə” “Tərəqqi” medalı ilə təltif edilib. Vitse-prezident xanımın kadrıdır, qeyri-adi bacarıq sahibi olmasa da, Əliyevlər onun işindən razıdır. Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, İlham Əliyev kadr islahatlarına yeni start verməyə başlayanda bəzi saytlar “Azərbaycan Dəmir Yolları”nın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdiriləcəyi və Cavid Qurbanovun yeni quruma nazir təyin ediləcəyini yazmışdılar. Məlumat xeyli tutarlı mənbələrə əsaslansa da, özünü doğrultmadı. Görünür, Ramin Quluzadənin Heydər Əliyev fondundan götürdüyü 10 illik stajın çəkisi, Cavid Qurbanovun vitse-prezidentlə 6 illik qohumluğundan ağır gəlib. Yoxsa fondda “zavxoz” statusunda bir vəzifə daşıyan, nazir təyin edildiyi qurumla bağlı heç bir peşə təcrübəsi olmayan Quluzadənin başqa nə böyük üstünlüyü var ki? O, bakalavr və magistr dərəcəsi üzrə təhsilini Dövlət İqtisad İnstitutunda alıb.

Əsas iş təcrübəsi də elə H. Əliyev fondu ilə bağlı olub. Amma ulduzu həmin fondda önəmli vəzifələrdə çalışan şəxslərdən daha tez parlayıb. R. Quluzadə ilə bağlı mətbuatda çıxan ən sensasiyalı xəbər onun nazir əvəzi təyin olunduğu gündən sələfi Əli Abbasovun kadrlarını “şumlamağa” başlaması olub. O müddətdə saytlar xəbər verirdi ki, Quluzadə kabinetdə yerini tutan kimi, yüksək post tutan bütün vəzifə sahiblərindən öz xahişləri ilə azad olunmaları haqda ərizələrini alıb. Onların arasında aparat rəhbərinin müavini, sabiq təhsil naziri Misir Mərdanovun qardaşı, Prezident Administrasiyasının sabiq şöbə rəisi, mərhum Tofiq İsmayılovun oğlu Mirheydər İsmayılov, həmçinin ölkədə nüfuz sahibi olan digər yüksək vəzifəli şəxslərin yaxın qohumlarının adları da olub. Bəli, adamın arxası yuxarılara bağlı olanda, gözünə tanınmış, bilinmiş görünmür. Ramin Quluzadənin də güvəndiyi dağlar hələ çox yüksəkdədir. Ümid edirik, o dağlara da tezliklə qar yağmaz.