Ehtimallar, şübhələr və reallıq

Yaxud, vətəndaş hansı qərarı verməlidir?

İlham Hüseyn

Əminliklə deyə bilərik ki, Azərbaycan üçün ötən 26 ildə çox böyük fürsətlər itirildi. Bu illər ərzində iqtsadi, siyasi, hərbi, elmi sahəni elə bir relsə çıxarmaq olardı ki, bundan sonra heç bir qüvvə “dövlət qatarı” nı bu relsdən çıxara bilməzdi. Amma mövcud hakimiyyət bütün “qatar”ları şəxsi maraqların “stansiya”sına yönəltməklə, ölkəni qəzalı vəziyyətə saldı. Məhz bu siyasətin nəticəsidir ki, varlı bir ölkə ən kasıb ölkələrdən də geri qaldı. Yalnız korrupsiyanın, hüquqsuzluğun, saxtakarlığın səviyyəsinə görə liderik, rəqib tanımırıq.

Məsələ burasındadır ki, uzun illərdi bu rejimin mahiyyəti, bizi gözləyən fəlakətlər haqqında bir qrup insan xalqı xəbərdar edir. Bu insanlar bütün çətinlikləri, məhrumiyyətləri gözə alaraq, rejimin qatarını saxlamağa, dövləti öz relsinə qaytarmağa çalışır. Təbii ki, mənfur rejim bütün gücünü bu qüvvəni sıradan çıxarmağa yönəldib və əlindən gələni edir ki, xalq bu fədakar insanlara dəstək verməsin. Amma mübarizənin səngərində olanlar bir gün də təslim olmadılar, bu qeyri-bərabər savaşda ümidlərini itirmədilər.

Bəli, ön cəbhədə satqınlar, fərarilər, prinsipsiz adamlar da oldu. Arxadan zərbə vuranlar, həlledici məqamda nəfsinə yenik düşənlər də oldu. Üstəlik, rejimin şər-böhtan təbliğatı, ləkələmə siyasəti də davam etdi. Əlbəttə, bu hallar cəmiyyətdə müəyyən inamsızlıq yaratdı və bu inamsızlıq rejimin yaratdığı qorxu mühitiylə “qardaşlaşdı”.

Mübarizənin önündə olan insanlara şübhəylə yanaşmaq, ehtimallar irəli sürmək dəb halını aldı. Düzdü, bu ehtimalların özünü doğrultduğu hallar da oldu, bu şübhələrin həqiqətlə nəticələndiyi məqamlar da baş verdi. Amma zaman yenə də öz sözünü dedi və bu gün qarşımızdakı nəticə nala-mıxa vurmağa imkan vermir. Yəni, zaman kimlərin bu sınaqdan üzüağ çıxdığını, prin siplərinə xəyanət etmədiyini açıq göstərdi. Və bugün hamı aydın görür ki, rejimin hədəfi kimlərdi, zalımın oxu kimlərə qarşı yönəlib. Deməli, ehtimalların, şübhələrin dövrü bitib və reallıq göz deşir. Belə məqamda bir vətəndaş, bir insan kimi hamının ədalətli qərar vermək borcu var. İndi zamanın sınağından keçmək növbəsi hər kəsə çatıb. Bu sınaqdan ədalətlə, cəsarətlə, mərdliklə silahlananlar mütləq keçəcək.

İndi xeyir və şərin döyüşündə bitərəf olmaq bəhanəsi işləmir. Hamının tərəf tutmasına ehtiyac var. Ya xeyirə dəstək verib, ölkəmizi xilas etməli, ya da şərin tərəfinə keçib, ölkəmizi uçuruma atmalıyıq. Bir daha qeyd edirəm ki, bəhanə limiti bitib və qarşımızda real nümunələr var. Bu prosesə dəstək verməyən adamların müxalifəti ittiham etməyə mənəvi haqqı yoxdur. “Niyə hakimiyyətə gələ bilmirsiz” sualının cavabı, milyonlarla insanın susqunluğunda ifadə olunub. Real müxalifət 26 ildir həm də bu susqunluğun əbədi lallığa çevrilməməsi üçün mübarizə aparır. Müxalifət 26 ildir təslim olmur, ağ bayraq qaldırmır. Bu döyüşün qələbəylə nəticələnməsi üçün böyük çoxluğun prosesə qoşulması lazımdı.

Özümüzə inanaq və əmin olaq ki, heç bir güc xalqdan üstün deyil. Güclü bir təkan kifayətdir ki, bu qara daşı yuvarlayıb, yolumuzdan götürək.