Daha bir Gəncə məhbusu məhkəmə zalından azadlığa buraxıldı

Gəncə hadisələri ilə hökm oxunan daha bir qrupun apelyasiya şikayətinə baxış yekunlaşıb. Sabunçu Rayon Məhkəməsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xaqani Səmədovun 8 il iş verdiyi Nemət Heydərlinin cəzası 1 ilə endirilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Qalan məhbusların isə həbs müddəti azaldılıb. Elvin Allahverdiyev 4 il, Elvin Nəzərov 2,6 il, Renat Məmmədov 2,6 il, Vüqar Xudiyev 3 il, Elman Rüstəmov 5 il.

Apelyasiya Məhkəməsində keçirilən bugünkü prosesə jurnalistlər buraxılmayıb.

Xatırladaq ki, 6 nəfərlik qrupa 2019-cu ilin mart ayının 1-də Sabunçu Rayon Məhkəməsində, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xaqani Səmədovun sədrliyilə ilə keçirilən prosesdə hökm oxunub.

Təqsirləndirilən şəxslərdən dördü Renat Məmmədov 6 il, Elvin Allahverdiyev, Elvin Nəzərov və Vüqar Xuliyev Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaşların təşkili və ya iştirak) maddəsilə təqsirli bilinib, 7 il azadlıqdan məhrum edilib.

Elman Rüstəmov və Nemət Heydərliyə Cinayət Məcəlləsinin 220-ci maddəsindən əlavə 315-ci (polisə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsilə də ittiham irəli sürülüb. Onlar 8 il müddətinə azadlıqdan məhrum edilib.

azadliq.info