“Dəhşət nazirlərin cəfəngiyyat danışması yox, İlham Əliyevin onlara inanmasıdır”

İyulun 31-də ölkə başçısı İlham Əliyevin sədrliyi ilə son 6 ayın sosial-iqtisadi yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə yenə də ölkədə sosial-iqtisadi vəziyyətin yüksək səviyyədə olmasından, əhalinin öz güzaranından məmnun qalmasından və s. danışılıb. Milli Şura sədri Cəmil Həsənli müşavirədə səslənən bəzi iddialara və ümumən müşavirənin gedişinə münasibət bildirib. Cəmil bəy feysbuk səhifəsində yazıb:

“Dəhşət və fəlakət Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun “əhalinin 98 faizi ilin qalan dövründə inflyasiyanın sürətlənməsinə inanmır”, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin “bu günə vətəndaşlarımızın tam məmnunluq səviyyəsi 93 faizi keçibdir, 4 faiz də əlavə olaraq qismən məmnundur” demək deyil, belə cəfəngiyyata İlham Əliyevin bu istidə inanmasıdır. Soruşmaq gərək, əgər doğrudan da əhalinin 93 faizi sizin yarıtmaz işinizdən razıdırsa, onda niyə vətəndaşın özəl haqqı olan sərbəst toplaşmaq azadlığını min bir bəhanə və oyunbazlıqla yerli-dibli qadağan etmisiniz?

Amma bu deyilən cəfəngiyyatdan vəcdə gələrək Əliyev özü də iki dəfə əlavə edib ki, kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Ölkədə istehlak olunan kənd təsərrüfatı məhsullarının idxalı kəllə-çarxa qalxıb, ölkə başçısı deyir ki, rekord göstəricilər əldə edilib. “Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır”. Kənd təsərrüfatında artım payızda hesablansa da, bunlar payızda sananmalı olan “cücəni” qorabişən ayında sanayırlar.

İlham Əliyev deyib ki, minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılmışdır. Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artmışdır, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Birincisi, adam hələ əhalinin almadığı artımların hesabatını verir. İkincisi, bu artımların gerçək məzənnəsi nədən ibarətdir? Od tutub yanan bazarın, hər gün artan qiymətlərin hesabatın kim verməlidir? Yəni bu ilə qədər işləyən vətəndaşlarımız 76 dollar əmək haqqı alırdı, 19 yanvardan sonra 94 dollar alır, payızda bu rəqəm 147 dollar olacaq. İlham Əliyevin pensiyaların 116 manatdan 200 manata çatması haqqında dediklərinə gəldikdə, yəni indiyə qədər 1,4 milyon pensiyaçının yarıdan çoxu 68 dollar həcmində pensiya alırdı, bundan sonra 117 dollar alacaq. Soruşuruq: dünyanın harasında hələ əhalinin cibinə daxil olmayan 147 dollar əmək haqqı, 117 dollar pensiya var? Və nəhayət İlham Əliyev müşavirədə elan etdi ki, bu ilin əvvəlindən ölkədə 60 min yeni iş yeri açılmışdır və bunun da təxminən 40 minə yaxın ödənişli ictimai iş yerləri, yəni trollardır.

Həmin müşavirədə kimsə demədi ki, əhalinin 93 faizi hökumətin niyə uşaq pulu verməməsi ilə maraqlanır, vətəndaşların 98 faizi gələn tətbiq olunacağına vəd verilmiş tibbi sığortanın taleyi ilə maraqlanır. Axı Azərbaycan dünyada adambaşına ayrılan səhiyyə xərclərinə görə ən pis göstəricisi olan 10 ölkədən biri olub Eritriya, Suriya, Liviya, Yəmən və digərləri ilə yanaşı dayanır. Məsələn, əgər müşavirədə əhalinin sosial müdafiəsi məsələsinə toxunulurdusa, niyə aydınlıq gətirilmədi ki, son 2 ildə 467 min nəfər ən yoxsul vətəndaş təxminən 226 milyon manat həcmində ünvanlı sosial yardımdan niyə məhrum edilib? Axı bu 117 min ailə deməkdir. Əgər iqtisadiyyatdan söhbət gedirsə, müşavirədə deyilmədi ki, hansı səbəbdən son illərdə SOCAR-ın 20 milyard manata yaxın xarici borcu yaranaıb və bu borcu kim ödəyəcək? Qaz və elektrik enerjisinə tətbiq edilən limit soyğunçuluğu nə vaxtadək davam edəcək? Axı sosial məsələ müzakirəyə çıxarılırsa, limit hoqqabazlığından necə yan keçmək olar? Məsələn, çıxışlarda izahat verilmədi ki, Belarusun 1 ədədini Rusiyaya və Polşaya təqribən 1.7 milyon dollara satdığı dəmiryol vaqonlarının hər birini Azərbaycan hakimiyyəti 15.2 milyon dollara alıb. Eyni malı 9 dəfə baha almağın səbəbi nədir? Ölkədə işsizlik tüğyan etdiyi halda SOCAR-ın Rusiyaya milyardlarla dollar yatrım yatırmasının, Azərbaycan hökumətinin Monteneqroya 1 milyard avro investisiya qoymasının ağla batan izahatı da müşavirədə verilmədi. Qonşu ölkədə müflis olmuş bir zavod hansı zərurətən 2.5 milyard dollara alınmalıdır? Heç ona da aydınlıq gətirilmədi ki, necə olub, “Bombardier” şirkəti 19 milyon dollarlıq avadanlığı Azərbaycana 5,5 dəfə baha – 104 milyon dollara satıb? Bəs bütün bu suallara kim aydınlıq gətirməlidir?

Ən nəhayət, söhbət 6 ayın yekunlarından gedirsə, müşavirədə etiraf edilmədi ki, bu əmək haqqın, pensiya artımlarını, sosial güzəştləri İlham Əliyev hökuməti öz xoşu ilə etməyib, Milli Şuranın xalqın dəstəyi ilə keçirilmiş 19 yanvar mitinqinin xofu altında adib. Yəni Milli Şura ölkənin kriminal, korrupsioner və bədxərc hakimiyyətini bu il aşağı-yuxarı 3 milyard manat ətrafında xərcə salıb. Gələn il bu xərc 6 milyarddan bir qədər çox olmalıdır. Milli Şura və xalq gələn ilə qədər uşaq pulunu da hökumətdən qopara bilsə, İlham Əliyev təxminən 2 milyard da həmin rəqəmin üzərinə əlavə etməli olacaq. Tibbi sığortanın tətbiqi və qaz, elektrik limitlərinin ləğvi də nəzərə alınsa, 19 yanvarın bərəkətindən hökumət 9-10 milyard manat gələn il əlavə xərc çəkməli olacaq. Təsəvvür edin, 38 milyard valyuta ehtiyatlarının saxlanmasından hökumət bir il ərzində vur-tut 181 milyon manat, yəni 106 milyon dollar qazanc götürə bilib. Bu maymaqlıqla bu qədər xərcin öhdəsindən necə gəlmək olar? Deyirəm, bu xərci hokumət ağla gəlməyən cərimlər vasitəsi ilə xalqın cibindən çıxarmasa yaxşıdır. Gərək millət ayıq olsun. 31 iyul müşavirəsində deyilənlərə qulaq asanda Fyodor Dosteyevskinin yaxşı bir sözü yada düşür. O, deyirdi ki, “özünə də yalan satan insan bir müddətdən sonra doğru ilə yalanı bir-birindən ayırmaz”.