Bir həftədir dünya mətbuatı İspaniyanın İbiza şəhərində oğurlanan 1 milyon funt sterlinqliksaatın azərbaycanlı sahibini dəqiqləşdirməklə məşğuldur. 22 yaşlı azərbaycanlı turistin kimliyi ilə bağlı fərqli adlar çəkilsə də, sonda məlum oldu ki, bu xətakar SOCAR-ın prezidenti Rövnəq Abdullayevin oğlu imiş. Bəli, xalqın sərvətini satıb-sovub, 11 milyard dollar xarici borc üstündə oturan və hər il dövlət büdcəsindən yardım alan həmin neft şirkətinin. Xalq sosial şəbəkələrdə üsyan edir. Ölkədə uşaqlarına doyunca çörək yedirə bilməyən minlərcə valideyn varkən, bir məmur oğlunun 2,16 milyon manatlıq saat gəzdirməsi dövlətçiliyin sonu deyilmi? Qanunların işlək olduğu ölkədə övladı bu dəyərdə saat gəzdirən məmuru divana çəkib haqq-hesab sorardılar. Amma harda bizdə o qanun-qayda? Bir ölkədə ki, neft milyardlarını hakimiyyət piramidasında oturanlar dədə malı kimi yeyib-dağıdır, neft şirkətinə rəhbərlik edən şəxsin oğlunun milyonluq saatına niyə irad tutsunlar ki?
Əcnəbiləri bezdirən şirkət prezidenti yoxsa, kəmsavad neft satıcısı?
Əslində, Rövnəq Abdullayevi həmin vəzifəyə qara qaş-gözünə, uca boy-buxununa aşiq olub təyin etməyiblər axı. Hami bilir ki, o həmin mühüm vəzifə üçün ən kəmsavad və uğursuz adam idi. O, sadəcə, əvvəlki iş təcrübəsi əsasında neft satıcısı sayıla bilərdi. Görünür, elə bu xüsusiyyətinə görə də prezident İlham Əliyevin axtardığı adam idi. Məlumatlı şəxslərdən biri deyir ki, R.Abdullayev həmin vəzifəyə təyin olunduğu ilk vaxtlarda BP şirkətinin rəhbərliyini boğaza yığıbmış. Neft sazişinin şərtlərindən bixəbər olan, adi məsələlərdən belə başı çıxmayan və bu üzdən uzun-uzadı qalmaqallara əsas verən Abdullayev ingilis tərəfdaşları arasında gülüş obyektinə çevrilibmiş. Onun bu savadsızlığı ucbatından layihə qrafiklərində gecikmələr yaranır, şirkət əlavə xərclər çəkməli olurmuş. Sonda rəhbərlik işə İlham Əliyevin özünü qatıb, ona çatdırıb ki, bu adama A-dan Z-yə təlim keçmək lazımdır, yoxsa işimizi zay edəcək. Xülasə, prezident də tapşırıb ki, onun yan-yörəsinə işi bilən 4-5 adam qoysunlar, özü də formal olaraq ortada fırlanıb dursun…
Rövnəqin qarət olunan milyardlardakı payı
SOCAR-da “fırlandığı” 14 il müddətində Abdullayev şirkətdən qarət olunan milyardların əvəzini xalqın canından çıxarmaq üçün əlindən gələni eib. Yanacağın qiyməti dəfələrlə qaldırılıb, şirkətin obyektləri üçün ayrılan pullar mənimsənilib insanlar istismar müddəti keçmiş platformalarda öldürülüb, dövlətin cibindən yardım adına milyardlar alınıb göyə sovrulub. O milyardlar hardan gəlib, hara gedib, kimsəyə sirr deyil. Talanan olunan milyardlarda böyüklərin böyük, kiçiklərin kiçik payı var. Rövnəq Abdullayevin bu oğurluqdan nə qədər yığdığını dəqiq bilməsək də, oğlunun qolundan oğurlatdığı 1 milyon funt sterlinqlik saat hər şeyi deyir. Hələ ata Abdullayevin xətakar oğlu Rəşad Bakıya gələndə darıxmasın deyә ona futbol klubu yaratdığını da özünüz bilirsiniz.
İnsanlar od püskürür: hansı qudurğanlığın havasıdır bu?
Sosial şəbəkələrdə insanlar od püskürür. Hansı harınlığın, hansı qudurğanlığın havasıdır bu? Bu ölkənin sahibi yoxdurmu? Nədən məsələnin üstünə gedilib, SOCAR prezidentindən haqq-hesab sorulmaq əvəzinə, hər yolla qalmaqalı ört-basdır etməyə çalışırlar? Niyəsini hamınız bilirsiniz. Xalqın gün-gündən alovlanan qəzəbinin fərqindədirlər. İnsanların sosial şəbəkələrdə müxalif qüvvələri israrla etiraz aksiyalarını başlatmaq çağırışlarının fərqindədirlər. Narazı elektoratın getdikcə Milli Şuranın ətrafında cəmləşdiyini və onlardan qəti qərarlarla bağlı gözləntilərin hər gün artdığını yaxşı bilirlər. On minlərin qoşulduğu o etirazlar yaxın tarixdə başlanacaq. Bu ölkənin sahibsiz olmadığını hər kəs görəcək. O gün uzaqda deyil!
Azerbaycansaati.tv