Gəncə məhbusu: “Polislər mənə qarşı çox vəhşiliklər etdilər”

Gəncə məhbusu Bəkrəm Əliyev polis idarəsində və “Banditizm”də başına gətirilənlərdən danışıb

“Bakıya gedərkən Nəvai postunda mülkü formada, tanımadığım şəxslər məni saxlayıb, öz maşınlarına mindirib Gəncəyə “MTN”-ə (DTX-nin Gəncə idarəsi) gətirdilər. 4-5 saat orda qaldım, sonra məni Nizami Rayon Polis İdarəsinə təhvil verdilər.

Nizami Rayon Polis İdarəsində məni rəisin otağına qaldırdılar. Rəisin otağında mənə videogörüntü göstərdilər. Soruşdular ki, videogörüntüdəki sənsən? Dedim bəli, mənəm. Polis məni vurdu, mən də özümü müdafiə etdim, onu itələdim.

Məni başqa otağa apardılar. 3 nəfər mülki geyimli adam vardı otaqda. Başladılar məni döyməyə. Məni vura-vura yerə yıxdılar. Yerdə başladılar təpikləməyə. Əlimi arxadan qandallamışdılar, tərpənə bilmirdim. 3 nəfər dayanmadan başıma, belimə, böyrəklərimə təpiklə vururdu.

Sonra otağa başqa adamlar da gəlirdi, girən soruşurdu: bu kimdi, deyirdilər ki, “Samiri vurub yıxan budu”. Otağa kim girirdi, məni vururdu, döyürdü.

Samir Nizami rayon polis idarəsinin əməkdaşı idi. Məni Samirin (Gəncə baş polis idarəsinin post-patrul xidməti taborunun rəis müavini Samir Bayramov – red.) iş yoldaşları döyürdü. Ona görə məni çox döydülər, zülm verdilər.

Qalın kitablarla başıma vururdular. Otaqda 18-20 polis var idi. Hamısı bir-bir gəlib məni döyürdü, hamısı məndən acıqlı idi.

Otağa girənləri – baş leytenantı, kapitanı, mülki formada olanları görsəm, indi hamısını tanıyaram.

Mülkü formada olanlardan biri ciblərimi yoxladı. 115 manat pulum var idi. Pulumu götürdü, dedi “100-ü mənim, 15-i sənin”. Mən dedim ki, qaytar pulumu, başladı məni vurmağa. Sonra çıxıb getdi. Sonra başqa adam gəldi, ona dedim ki, bayaq gedən adam hanı, mənim pulumu göütürüb, görsən ona de ki, pulumu gətirsin versin. 1 saat keçdi, pulumu götürən adam gəldi və başladı məni döyməyə ki, bütün şöbəyə yaymısan ki, Ramin mənim pulumu götürüb. Sonra mənə dedi ki, bu pulu sənə verməyəcəm. Bu pulu sənə verənə söyüş qoymuşam. Özünü söyüb pulumu da aparıb, çıxıb getdi.

Gəncə məhbusu Bəkrəm Əliyev

Sonra məni sürüyə-sürüyə başqa otağa apardılar. Otaqda müstəntiq var idi. Dedi adım Caviddi. Soruşdu ki, necə oldu ora getdin? Məndə başladım başıma gələnləri danışmağa? Bir az keçdi qapı açıldı. 6-7 nəfər polis girdi içəri. Dedilər bu idi? O da dedi ki, bu idi. O, adamın əlində çəlik var idi. Bildim ki, bu Samirdi. Polislərdən ikisi, biri Samirin sağ qoluna, biri də sol qoluna girdi. Samir də çəliyini götürdü əlinə, başladı məni çəliklə döyməyə. Müstəntiq otaqda idi, amma heç nə demirdi. Zərbənin çoxu başıma və sağ qoluma dəyirdi. Sağ qolum çiynimdən əlimə qədər qapqara olmuşdu, başım da şişmişdi. Onların içində bir mayor var idi. Gəldi üstümə tüpürdü, sonra getdilər. Otaqda iki nəfər qalmışdı.

Məni yerdən qaldırıb stulda otuzdurdular. Müstəntiq Cavid dedi ki, bu sənədlərə qol çək, sənə 315-ci maddə düşür, 1-2 il yatıb çıxarsan. Yoxsa, bunlar sənin içni-içalatını tökəcəklər burda, yazıqsan. O, bunu deyib, otaqdan çıxdı. Müstəntiq çıxandan sonra otaqdakılar yenə başladı məni döyməyə.

Sonra məni 1-ci mərtəbəyə düşürdülər. Növbətçi hissənin arxa tərəfində koridor var idi. 23-30 adamı diziüstə üzü divara, əlləri boyunlarında saxlamışdılar o koridorda. 7-8 nəfər polis də arxalarında dayanmışdı. Onların kürəklərinə, başlarına təpikləyirdilər. O polislər “spesnaz”ın polisləri idi.

Məni o polislərə təhvil verdilər. Polislər soruşdu ki, bu kimdi. Məni təhvil verənlər dedilər ki, “Samiri yıxan adam budur”.

Polislər məni təpiklə, yumruqla vurmağa başladılar. Məni yerə yıxıb belimə çıxdılar. İkisi başladı belimdə hoppanmağa. Onlar hoppandıqca qabırğalarım əzilirdi. İki ay nə öskürə, nə də asqıra bildim. Çətin nəfəs alırdım. Sonra məni də divara düzdükləri adamların yanına qoydular, başladılar arxadan təpik, yumruq vurmağa.

Orada iki nəfər özündən getdi. Vedrə ilə su töküb ayıltdılar.

Sonra məni şöbənin həyətinə çıxartdılar. Həyətdə “spesnaz”ın polisi var idi. Əlində avtomatla gəzirdi. Məni onun yanında saxlayıb başqalarını gətirməyə getdilər. Çox pis vəziyyətdə idim. Paltarımı cırmışdılar. Başım şişib nə boyda olmuşdu. Həyətdə dayanan polis mənə dedi ki, canını qurtarmaq istəyirsən? Heç nə demədim. Polis mənə dedi ki, sən qaç, güllələyim səni. Onsuz da sizdən 3-nü öldürmüşük.

Gəncə baş polis idarəsinin post-patrul xidməti taborunun rəis müavini Samir Bayramov

Sonra başqa adamlar gətirdilər həyətə. Bizi “dustaq maşınına” mindirib Kəpəz Rayon Polis İdarəsinə apardılar. Şöbəyə girəndə sağ tərəfdə bir otaq var idi. Məni o otağa saldılar. Otaqda mayor var idi, adı da Nizami idi. Başladı məni şillələməyə, təpik vurmağa.

O otaqdan məni çıxardılar uzun bir koridora. Polis mənə dedi ki, uzan yerə, sürün. Mən də uzanmadım. Polis başladı məni döyməyə. 2-3 nəfər polis də qoşuldu buna, məni o qədər döydülər, gözüm qaraldı, özümdən getdim. Bir də ayıldım ki, məni sürüyə-sürüyə kameraya salırlar. Özümə gəldim, uşaqlar mənə su verdilər.

2-3 saat keçdi. Polislər gəlib məni kameradan çıxartdılar, saldılar bir otağa. Orda polis kapitanı vardı. Polis kapitanı şalvarının qabağını açıb, dedi ki, səni murdarlayacam, işiyəcəm başına. Mən də başımı yerə, divara vurdum, başım yarıldı. O polisi otaqdan çıxartdılar. O birilər yenə başladı məni vurmağa. Sonra məni aparıb kameraya saldılar. 3-4 saat keçdi aradan. Saat 2-3 olardı. Axşam bizi döyə-döyə kameradan çıxarıb “dustaq maşınına” mindirdilər. 10-12 nəfər idik. Bizi Nizami Rayon Məhkəməsinə apardılar.

Maşından düşürdəndə də döyürdülər. Bizi məhkəmə zalına qaldırdılar. Hakim 4 ay həbs sanksiyası verdi. Sonra yenə döyə-döyə “dustaq maşınına” mindirib Kəpəz Rayon Polis İdarəsinə apardılar. Bizi döyə-döyə kameraya saldılar.

Səhər açıldı. Təkcə məni maşına mindirib apardılar. Axşam “banditizmə” çatdıq, məni kameraya saldılar.

Səhər açıldı, məni kameradan çıxartdılar, qaldırdılar ikinci mərtəbəyə. Bir otağa saldılar. Orada iki nəfər mülki geyimli içəri girən kimi məni əllərindəki dubinka ilə döyməyə başladılar. Əllərim qandallı idi. Yerdə halsız vəziyyətdə qalmışdım. Məni otağın baş tərəfinə sürüdülər. Hiss elədim ki, çeçələ barmağıma məftil bağlayırlar. Başımı qaldırdım, gördüm stolun üstündə nəsə qara aparat var. Başladılar “tok” verməyə. 3-4 dəfə özümdən getdim. Naşatır spirti qoxladıb ayıldırdılar, bir də “tok” verirdilər. Sonra bir nəfər girdi içəri soruşdu ki, bu kimdi? Dedilər polisi yıxan budur. Dedi özüm məşğul olacam. Orda bununla biri var id, dedi ki, ““toku” Mingəçevirə qoy”. Çox güclü volta qoymuşdu. Qışqırmaqdan səsim batmışdı. Çeçelə barmağımın ikisinin də əti parçalanmışdı. Bir o yadıma gəlir ki, iki polis məni sürüyə-sürüyə kameraya aparıb atdılar.

İki gün yerimdən qalxa bilmədim. İkinci gün qalxdım, yavaş-yavaş özümə gəlirdim. Bir də məni çıxartdılar ikinci mərtəbəyə. Yenə döydülər. Sonra biri varıydı, başladı saçımı yolub qabağıma tökməyə. Zülm verirdilər. Üstündən 10 ay keçməsinə baxmayaraq başımda kəskin ağrılar var. Hətta elə olur ki, 10-15 dəqiqə özümdə olmuram, huşumu itirirəm.

Ayağımın altına dubinka ilə vururdular ki, ciyərim, böyrəyim dağılsın. Ağrıdan nəfəsim kəsilirdi. Yerdən qalxa bilmirdim, ayaqlarımın altı şişib göyərmişdi.

Sonra 2 nəfər gəlib məni kameraya apardılar. 2 gün karsda ac-sussuz saxladılar. Bir-iki gün keçdi, bədənimi yoxladılar. Krem, dərman verdilər ki, bədənimə sürtüm. Bütün bədənim gömgöy idi. Bütün bədənim ağrıyırdı, dəhşətli ağrılardan yata bilmirdim.

7 gün Nizami Rayon Polis İdarəsində, 15 gün “banditizm”də edilən vəhşilik və işgəncələrdən sonra məni Kürdəxanı təcridxanasına gətirdilər.

Televizorda görürdüm, internetdə oxuyurdum ki, Xocalıda ermənilər bizim millətə nə zülmlər veriblər. Çox pis olurdum. O zülmləri mən də çəkdim. Amma öz ölkəmdə. Özümü ermənilərə əsir düşmüş kimi hiss elədim.

“Banditizm”dən Kürdəxanıya gətirəndə başıma qara meşok keçirmişdilər. Blmirdim məni hara aparırlar. Yolboyu mən nələr çəkdim, nələr fikirləşdim, bir Allah bilir. Çox qəddarlıq etdilər. Hələ özümə gələ bilməmişəm.

İşgəncədən 10 ay sonra prokurorluqdan işgəncə faktını yoxlamaq üçün ekspert gəlmişdi. Artıq aradan 10 ay keçmişdi. 10 aydan sonra bədənimdə izlər qalmasa da, bir onu bilirəm ki, bu vəhşiliklər, bu işgəncələr həyatımda silinməz izlər qoydu.

İndi sağlamlığım da yerində deyil”. Bunu Gəncə məhbusu Bəkrəm Xəqani oğlu Əliyev yazıb.

Qeyd edək ki, Bəkrəm Əliyevin də təmsil olunduğu 8 nəfərlik qrupun hazırda Sabunçu Rayon Məhkəməsində işinə baxılır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə Sabunçu Rayon Məhkəməsində proses açıq keçirilir. Hakim növbəti iclası iyunun 27-si saat 15:00-a təyin edib.

vetenugrunda.az