Azərbaycanda diktatura varmı?

Qənimət Zahid

Oğrular və mafiozlar diktatura yarada bilirlərmi, yoxsa onu yalnız hərbçilər, monarxlar və qapalı siyasi qruplar yaradırlar ?

Hərdən çox qəribə, hətta absurda qədər gedib çıxa biləcək ictimai müzakirələrə qoşulmaq lazım gəlir. Siyasi taleyi həll olunmayan cəmiyyətlərdə bu cür müzakirələri də bəzən, boş vermək olmur, ən azından, ictimai rəyin yanılma imkanları böyükdür. Nəzərə alsaq ki, Azərbaycanda ictimai rəyin əsasları sabit deyil, mütəhərrikdir, ona görə ki, ictimai rəyi formalaşdıra biləcək sabit institutlar- vətəndaş cəmiyyəti, azad mətbuat kimi alətlər yoxdur, bu da zəruri edir ki, ümumən absurd kimi görünə biləcək tezislərin də ətrafında hansısa müzakirələr olsun. Belə mövzulardan biri də bu günlərdə ortalığa atılıb: Azərbaycanda diktatura varmı, yoxsa, ölkədəki rejimi diktatura adlandırmaq politoloji baxımdan dürüst deyil, elmi deyil?

İlham Əliyev, əlbəttə, Stalin deyil

Azərbaycanın elmi- siyasi mühitində «diktatura» fenomeni üçün təcrübə örnəkləri var. Adətən, belə hallarda Stalin və ya Lenin, Pol Pot,.. diktaturasını misal gətirərək indiki Azərbaycan rejimini onlarla müqayisə edənlər olur. Bunlar, əlbəttə, klassik diktatura tipləridir, amma dünya da bir yerdə dayanıb Stalinizmin, Maoçuluğun və başqa cürdən olan diktaturaların standartlarını sabitləşdirmir. Yaxın tarixə müraciət edək. İkinci dünya savaşından sonra dünyadakı ölkələrin 75 faizini diktaturalar idarə edirdi. 90-cı illərin əvvəllərində onların sayı məhdudlaşdı və bu göstərici 50 faizə qədər endi. Burdaca qeyd eləmək gərəkdir ki, bir çox hallarda bu və ya başqa ölkədə diktaturanın mövcudluğu mübahisəsiz qəbul edilir. Mübahisələri istisna edən faktor kimi isə əsasən, siyasi rejimlərin ictimai və iqtisadi həyata tətbiq etdiyi qaydaların öyrənilməsi, araşdırılması, qiymətləndirilməsi ilə məşğul olan «Freedom House», «Sərhədsiz Reportyorlar»,.. kimi təşkilatların nəticələri əsas götürülür. Bundan başqa, ciddi politoloji araşdırma mərkəzləri də son zamanlar bu və ya digər ölkədə diktaturanın varlığını əsasən dörd indikator üzrə müəyyənləşdirməyi təklif edirlər və bu indikatorlardan hər hansı biri üzrə pozuntu qeydə alınırsa, o halda həmin ölkədəki rejimi diktatura adlandırmaq üçün əsas yarandığını bildirilər.

1. İcra hakimiyyətinin başçısı mütləq seçilməlidir;

2. Qanunverici hakimiyyət seçki yolu ilə formalaşmalıdır;

3. Seçkilərdə yalnız bir partiya iştirak etməməlidir;

4. Hakimiyyət dəyişə bilən olmalııdr.

Bu indikatorlardan hər hansı biri üzrə Azərbaycanı təhlil edə bilərik. Lap tərəfsiz, ölkədəki şəraitin kənar və bir qədər də bilgisiz, sadəlövh müşahidəçi kimi qiymətləndirməyə məcbur olsaq, bu indikatorlardan üçünün bu və ya digər formada gözlənildiyini söyləyə bilərik. Amma dördüncü indikatorun açıq- aşkar pozulduğunu görməmək mümkün deyil. Yəni, yeni metodologiya əsasında tərtib edilən bu 4 indikatordan birinin pozuntusu, həm də kobud pozuntusu, Azərbaycandakı idarəetmə rejimini diktatura adlandırmağa imkan verir. Bu metodologiyanı isə həvəskar analitiklər deyil, dünyada tanınan ciddi beyin mərkəzləri, nüfuzlu politoloqlar tərtib edirlər. Məsələn, belələrindən biri Adam Pşevorski qrupudur və indi sizə təqdim etdiyim indikatorlar da elə onun qrupunun tərtib etdiyi göstəricilərdir.

«Bizm kleptokratiya və onların diktaturası»

Diktatura rejimlərini daxili məziyyətlərinə görə, ayrı- ayrı səciyyəvi cəhətlərinə görə müxtəlif cür də adlandırmaq olur. Məsələn, kleptokratiya, adi avtoritarizm, kleintelizm və sairə. Amma bu adaların heç biri «diktatura»nın varlığını istisna etmir, əksinə, onun təzahürləri kimi görsənir. Məsələn, kleptokratiyanın «oğruların hakimiyyəti» kimi bir təsnifatı var. Oliqarxiya da, zatən, dövlət resursları hesabına var- dövlət qazanmış, büdcə oğurluğu və inzibati güzəştlər hesabına varlanmış zümrənin yaratdığı siyasi rejimdir. Eləcə də kleintalizmi də hər şeyin- hüququn və bütün digər dəyərlərin alınıb satıldığı rejim kimi xarakterizə etmək olar. Amma lap sonuncudan başlasaq, onun siyasi rejimin mahiyyəti deyil, xüsusiyyətlərindən biri olduğunu görərik. Deyək ki, Belarusdakı rejimi «Avropadakı sonuncu diktatura » adlandırırlar. Amma bu o demək deyil ki, Belarusda korrupsiya yoxdur. Orda da öz iqtisadi çapına, maliyyə resurslarının həcminə uyğun korrupsiya var və Belarus diktatoru Lukaşenko da öz çapında korrupsiya ilə uğraşan liderdir. Diktatordur, amma korrupsiyaya bağlıdır. Özbəkistanda İslam Karimovun diktaturası korrupsiya üzərində bərqərar idi, Karimov ailəsi də ən varlı ailə idi. Türkmənistanda bütün parametrlərinə görə klassik sayıla biləcək diktaturanın varlığını kimsə inkar etmir, amma Transparancy İnternational bu ölkənin dünyanın ən çox korrupsiyalaşmış ölkələrindən biri kimi qiymətləndirir və o, bildiyim qədər indi bu şkala üzrə 161- ci yerdədir.

Onlar hər şeiyi satırlarmı?

İndi isə qayıdıram, Azərbaycanda diktaturanın yox, kleintalist avtoritarizmin, yaxud, sadəcə kleptokratiyanın olduğu barədə qənaətlərə. Yəni, ölkədə diktatura əvəzinə «hər şeyin alınıb satıldığı » bir rejimin varlığı iddiasına. Qətiyyən belə deyil ki, Azərbaycandakı rejim məhz, «hər şeyin » alınıb- satılması üzərində bərqərardır. Satılmayan normaların uzun bir siyahısını da hazırlamaq olar, amma çox da uzunçuluq etmədən mümkün qədər qısa bir siyahıya baxaq :

1. Siyasi dustaqların azadlığını pulla almaq olmaz, bu, satılmır;

2. Pulla televiziya açmaq olmaz;

3. Qapadılmış, bloklanmış qəzetlərin- saytların fəaliyyətini rüşvətlə bərpa etmək mümkün deyil;

4. Pulla müxalif siyasi partiyanı və ya müstəqil qeyri- hökumət təşkilatını qeydiyyata aldırmaq olmaz;

5. Müəyyən edilmiş siyahıdan kənar kimsə deputat mandatını pulla ala bilməz;

6. Təbii ehtiyatların istismarı üzərində sərt və hesabatsız siyasi və inzibati iradənin varlığı üzündən azad biznesə imkan verilməz;

7. Hər hansı vətəndaş qrupu, deyək ki, Məhəmməd Əmin Rəsulzadəyə heykəl qoymaq üçün qanuni və ya rüşvət yoluyla icazə ala bilməz və sairə.

Dediyim kimi, bu siyahını istənilən qədər uzatmaq olar. Əsas məqsədim budur ki, «pulla hər şeyin alınıb satıldığı» rejim kimi səciyyələndirmək üçün o qədər də tələskənlik etmək düzgün deyil. Hətta iqtisadi blokda da elə mərhələlər var ki, onları yalnız «siyasi» hakimiyyətin uyğun bildiyi adamlar və ya qruplar əldə edə bilər. Məsələn, iri tenderlərin qazanılması, iri istehsalat obyektlərinin açılması, böyük həcmli idxal- ixrac əməliyyatları hər hansı ön şərtlər olmadan, siyasi mülahizələr nəzərə alınmadan alınıb satılan dəyərlər deyil.

Diktatorların klubu və onun daxili dəyərləri

İstər kleptokratiya, istərsə də, məhz, «diktatura» kimi dəyərləndirməmək üzündən seçilən başqa ifadələr rejimin cəmiyyətlə münasibətlərinin forması deyil, hakimiyyətin varlıq və fəaliyyət formasının bir tərəfidir. Klassik diktaturalar və diktatorlar özəlliklə də, ötən əsrin 90-cı illərindən sonra öz yerini neodiktatorlara buraxıb. Bunun həm də beynəlxalq səbəbləri var. Bir zamanlar, dediyimiz kimi, dünyadakı bütün ölkələrin 75 və ya bir qədər sonra ən azı 50 faizində diktatura rejimləri vardı, onlar öz aralarında daxili münasibətlər, siyasi və iqtisadi şəbəkə qura bilirdilər. İndi isə dünyadakı diktaturaların sayı, xüsusi çəkisi azalıb, buna görə də bir növ, «inteqrasiya»ya məhkumdurlar. İndi bütün diktatorların beynəlxalq aləmlə bu və ya digər formada təmasları var. Hətta Şimali Koreya lideri də,- müasir diktatorluğun tavanı sayılır,- Avropada, ən demokratik ölkələrin birində təhsil alıb. İndiki diktatorların dünya ilə «inteqrasiyası » üçün onların hamısı çirkli pul dövriyyələri yaradırlar, dünyanın «demokratiya yarımkürələrinə» komfort və şəxsi məmnuniyyət məqsədilə körpülər atırlar. İndiki diktatorlar öz ölkələrinin ən varlı adamı olmaqla siyasi hakimiyyəti əldə saxlamağa üstünlük verirlər. Amma onların ritorikaları klassik diktatorlardan heç nə ilə fərqlənmir. Nədir bu «arqument»lər?

– bu cür idarəetmə güclü hakimiyyəti qoruyub saxlayan ictimai birliyin mənbəyidir;

– diktator- bütün siyasi partiyaların, hətta özünün mənsub olduğu siyasi partiyanın (qrupun, mərkəzin) fövqündə olduğuna görə tərəfsizdir və gücünü millətdən alır;

– diktatura şəraitində qısa müddətli seçki dönəmləri ilə məhdudlaşmayan, «yarıda qırılmayan » uzunmüddətli imkanlar, inkişaf proqramları olur;

– uzun müddətli hakimiyyət olduğuna görə diktatura və diktator böyük perspektivlərin, qlobal strategiyaların daha möhkəm zəmanətlərini yaradır və sairə…

Bizim diktaturanın mənbəyi və xasiyyəti

Amma bunlar əlbəttə, kökündən yanlışdır və biz, öz təcrübəmizdə bu arqumentlərin hansı sosial və iqtisadi fəlakətlər, gerilik, durğunluq yaratdığını aşkar görə bilirik. Üstəlik, onu da dəyərləndirək ki, Azərbaycandakı rejimin, məhz diktatura adlandırmaq haqqının olduğunu hansı tezislər və arqumentlər sübut edir :

– istənilən diktaturada, o cümlədən də Azərbaycanda uzunmüddətli diktatura rejiminin monarxiyaya çevrilmək üçün nəzəri və praktik imkanları böyükdür. Birmənalı şəkildə deyə bilərik ki, bunun bütün əlamətləri Azərbaycanda göz qabağındadır, həm də artıq praktik imkanlarla birlikdə.

– Azərbaycanda, başqa diktaturalarda olduğu kimi bütün hakimiyyəti öz əlində cəmləşdirmiş diktator dövlətin və millətin maraqlarına uyğun gəlməyən qərarların qəbul edilməsi üçün heç kim qarşısında, heç bir dövlət orqanı qarşısında məsuliyyət daşımır. Bu tendensiyanın Azərbaycanda mövcudluğunu inkar etmək, sadəcə mümkün deyil.

– Diktaturalarda plüralizm tamamilə və ya əhəmiyyətli dərəcədə yoxdur. Bu normativi də müqayisə edə bilərsiz və mən əvvəllərdə bir yerdə qeyd etdim ki, söz azadlığının məhv edilməsi, siyasi partriyaların bütün mümkün vasitələrlə sıxışdırılması, siyasi mühitin budanması Azərbaycan gerçəkliklərindən biridir.

– Təkhakimiyyətli diktaturalarda hakimiyyətin və əlbəttə, diktatorun özünün də hskimiyyətdən getməsinin qanuni yolları qalmır, baxmayaraq ki, onun siyasəti xalqın və dövlətin mənafeləri ilə ziddiyət təşkil edir. Bu norma Azərbaycanda hətta ABŞ Dövlət Departamentinin hesabatları səviyyəsində təsdiq edilir.

İndi isə diktaturanın yaranması və ayaqda qalmasının bəzi səbəblərinə baxaq, görək, bu mənşə etibarı ilə Azərbaycandakı rejiumi diktatura adlandırmaq və ya adlandırmamaq üçün hansı əsaslar var. Yəni, müasir zamanın diktaturalarının yaranmasının ən ümumi səbəbləri də olmalıdır axı.

Beləliklə, diktaturalar o zaman, o şəraitlərdə meydana gəlir ki:

– xarici təcavüz qarşısında səfərbərlik üçün zəruri şərait yaranır;

– ölkənin siyasi hakimiyyətinə qarşı hərbi qiyamları yatırmaq gərək olur;

– hədsiz dərəcədə dərinləşmiş sosial problemləri aradan qaldırmaq lazım gəlir;

– milli böhran o qədər dərinləşir ki, onu nə hakimiyyət, nə də üzdə olan siyasi qruplaşmaların, partiyaların heç biri həll edə bilmir.

Mən bu bəndlər üzrə ayrıca izahatlar vermirəm, ona görə ki, bunları oxuyan hər kəsin gzünün qarşısında Azərbaycanın yaxın tarixində cərəyan edən hadisələr canlanır, zatən. Yəni, bu izahatları ona görə verməyə məcbur oldum ki, Azərbaycandakı rejimin ən ümumi əlamətlərinin, fəaliyyət normalarının, hakimiyyətin başında dayanan fiqurun davranışlarının və nəhayət, indiki rejimin yarandığı şəraitin əsas parametrlərini xatırlatmaqla ölkədə gerçək diktaturanın varlığı hər kəs üçün aydın olsun. Bu yazı, əlbəttə, bu cür müzakirələri aradan qaldırmır, doqma deyil, bəlkə, daha çox müzakirələr üçün əsas verir. Sadəcə olaraq, onu da əlavə edirəm ki, bu yazını mən öz beynimin məhsulu kimi təqdim etmirəm, bu sahədə çoxlu sayda elmi məqalələrin- araşdırmaların icmalı kimi təqdim edirəm.