Mehriban xanımın sirli siyasi texnologiyaları

O, Vladimir Putinə hansı mesajları və kimin vasitəsilə göndərir?

Qənimət Zahid

Beləliklə, belə… Yəni, xanım vitse- prezident Rusiyadan gətirilmiş «politoloq» ləqəbli, Proxanov soyadlı, Aleksandr adlı bir yazıçı ilə görüşüb və ona deyib ki, mən imkan verməyəcəm, ermənilərlə bizim aramızda düşmənçilik olsun. Qeyd edib ki, biz əvvəllər ermənilərlə bir masa ətrafında necə oturub yemək yemişiksə, bundan sonra da elə olmasına çalışacağıq. Proxanov da bu söhbətin təsirindən cuşa gəlib və bizim elita haqqında çox yüksək standartlı sözlər deyib, onları tərifləyib.

Bu Proxanov Aleksandrın kim olduğunu bilmək lazımdır. Aleksandr Proxanov Rusiyanın eretik xristianlar nəslindəndir. Amma özü ortodoksal imperialistdir. SSRİ-nin süqutunu şəxsi faciəsi kimi qiymətləndirir, bu tarixi ədalətsizliyin aradan qalxması üçün səylərini səfərbər edən Rusiya ziyalılarından biridir. Bir neçə il bundan əvvəl özü kimi düşünən rus yazıçıları və ictimai xadimləri ilə birləşərək «İzbor klubu» adlı bir ictimai təşkilat da yaradıb. Aleksandr Proxanov «Böyük Rusiya» ideyasının körükçülərindən biridir, hətta müasir təfəkkürlü rus ziyalılarının da «cəhənnəm müjdəçisi» dəyərləndiyi adamlardan bir dənəsidir. Bu cür adamların Azərbaycana rəsmi səviyyədə, ən yüksək dəvətlər əsasında daraşmasının özü Azərbaycanın suverenliyi üçün təhlükədir. Bu tendensiya Jirinovskidən başlamışdı. Bu yaxınlarda Solovyov familiyalı Rusiya jurnlaisti də həmin çərçivədə təşrif buyurmuş, İlham Əliyevin şəxsi qonağı kimi ölkənin yuxarı başında əyləşdirilmişdi və gedəndən sonra da səmimi şəkildə İlham Əliyevi «baqaja qoyan» açıqlamalar vermişdi. Bunların arsında Duqin familiyalı imperialist təfəkkür daşıyıcısının da Azərbaycana səfərinin olduğunu ya xatırlayıram, ya da mənə elə əglir ki, o da gəldi- getdi. Əgər gəlib- getməyibsə, deməli ayıb olar və mütləq gəlməlidir. İndiki Rus siyasi elitasında SSRİ-nin xiffəti üzərində köklənmiş bu cür elementlər həddən artıq çoxdur və onların hamısı bir yerdə Putin rejiminin ideoloji anbardarları sayılır. Və bu yerdə xanım Mehriban Əliyevanın, diqqət edin, bu, sadəcə birinci ledi statusu deyil, həm də Konstitusiya əməliyyatları yolu ilə ölkədə prezidentdən sonra ikinci rəsmi şəxs səviyyəsinə qaldırılmış birisinin ifadəsidir və bu ifadəyə bir daha  istinadla, olduğu kiimi baxaq: “Heç vaxt yol vermərəm ki, Azərbaycan xalqında ermənilərin timsalında düşmən obrazı formalaşsın. Vaxt var idi ki, bu xalqlar birlikdə yaşayırdı, bir masa arxasında əyləşərək şərab içirdi. Həmin zaman geri dönməlidir.”

«Müdriklik şərabı» ovsanası

Bu sözlərin nə qədər müdrik, nə qədər iddialı və nə qədər fəlsəfi səsləndiyini bir tərəfə qoyuram. Belə yüksək epitetləri Proxanov da səsləndirib, başqaları da yazacaq. Amma bu sözləri, təqribən buna bənzər şəkildə (təqribən buna bənzər şəkildə) Rövnəq Abdullayev demişdi. Erməni kilsələrinə qaz verilişi kontekstində Rövnəq Abdullayev demişdi ki, «bizim  erməni xalqı ilə, onların kilsələri ilə düşmənçilyimiz yoxdur». Tamam, biz də bilirik ki, sizin düşmənçiliyiniz yoxdur, neft də, qaz da sizin atalarınızdan qalmış miras malıdır, kimə istəyirsiniz verə bilərsiniz. Hətta onu da irad tutmaq fikrim yoxdur ki, bunların düşmənçilyi Azərbaycan xalqına qarşıdır. Amma irad tutacağım bir şeylər var ki, həmin nəsnələr, sadəcə, opponent olmaq məqsədini güdür. Məsələn, sülh platforması. Deyəsən, hətta «Bakı sülh platforması». Birinci halda mənə belə əglir ki, Mehriban xanıma «Bakı sülh platforması» ideyasında müəyyən çatlar yarandığını söyləməyiblər, məruzə etməyiblər. Və qınamıram. Bu arada xanım vitse- prezidentin, üzr istəyirəm, birinci vitse- prezidentin başı qarışmışdı köməkçilərini yenidən komplektləşdirməyə və görünür, orada köməkçilərin kurasiya üzrə funksional bölgüsü prosesi hələ baş çatmadığından həmin platformadakı çatlaqlar barədə də məruzə edən olmayıb. Bunu mütləq nəzərə almaq lazımdır. Ciddi iraddır. Yoxsa, ola da bilərdi ki, Aleksandr Proxanovun həmin məsələdən xəbəri olardı və söhbətin gedişində həmin iradı tuta bilərdi. Bu dilqoxrçuluqdan yaxşı sovuşublar.

Dəyənəklə sevgi

Növbəti məsələ budur ki, Mehriban xanım hansı siyasi texnologiyaları tətbiq edib ermənilərlə dostluğu bərpa etmək istəyir və həm də bu qədər iddialı ki: “Heç vaxt yol vermərəm ki, Azərbaycan xalqında ermənilərin timsalında düşmən obrazı formalaşsın”. Yəni, necə? Ermənilərlə dostluq pambıq planı deyil, üzüm plantasiyaları əkmək deyil, Silk Way üçün Boeing almaq deyil, bir az fərqli məsələdir, axı. Görünür, bu fərqin nədən ibarət olduğunu Azərbaycan xalqına izah etmək lazım gələcək. Ya da, ən azı, Ramil Usubova izah etmək lazım gələcək ki, ermənilərlə dostluğu hansı şəkillərdə və səhnələrdə bərpa eləmək lazımdır. Cənab Usubovun imkanları daha genişdir. İndi Azərbaycanda dəyənək hər şeyi həll edir.

Vladimir Putin üçün «sms»

Bu istiqamətdə çoxlu başqa ehtimalları səsləndirmək olar, çoxlu səmərələşdirici təkliflər vermək olar, amam bunları etməkdən vaz keçirəm. Bilirəm ki, hökumət müxalifət düşərgəsindən gələn istənilən təklifi bloklayır, süngü ilə qarşılayır, buna görə də qoy, özləri necə bilirlər eləcə də dostlaşsınlar. Keçirəm söhbətin əvvəlindəki mətləbə.

Mehriban xanımın «Heç vaxt yol vermərəm ki, Azərbaycan xalqında ermənilərin timsalında düşmən obrazı formalaşsın»- bəyanatı Proxanov üçün səsləndirilməyib. Mənim qəti əminliyim budur ki, bu diplomatik haray Proxanovun vasitəsilə Vladimir Putinə göndərilir. Əslində, Rusiyanın Sovet zamanından qalma, atmış turşu bankalarına bənzər nimdaş elitasının nümayəndələrini İlham Əliyevin yanına elə Vladimir Putinin özü göndərir. O, İlham Əliyevin Rusiya elitasının bu üzü ilə də tanış olmağını istəyir. Bilmirəm, İlham Əliyevi nələrə hazırlaşdırır, amma son epizodda İlham Əliyev özünün birinci müavininin dili ilə çatdırıb ki, biz ermənilərlə dost olacağıq.

Böyük Hind- Çin müharibəsi və müdrik diplomatiya

Amma Proxanovla görüşdən bircə gün əvvəl Şirvan şəhərinə gedib orada istehsal olunduğunu iddia etdikləri silah- sursata tamaşa edirdi. Həmin silahlarla İlham Əliyev Azərbaycan ordusunu müharibəyə aparacaq… Ermənilərlə müharibəyə deyil. İndi, tam zamanında Hindistanla Çin arasında böyük bir müharibənin partlamaq ehtimalı yaranıb. Məncə, siyasi kombinasiyaların ustası olan İlham Əliyev Şirvan silah zavodunun əsləhə ehtiyatları ilə yaraqlanıb- yasaqlanıb Çin tərəfdən müharibəyə başlamaq düşünür. Birincisi ona görə ki, Çin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Rusiya ilə yaxınlaşır. İkincisi, ona görə ki, əgər Hind- Çin müharibəsi başlasa, Pakistan Hindistanın məğlubiyyətində maraqlı olacaq. Pakistan isə İslam Həmrəyliyi Oyunları çərçivəsində də bizim müttəfiqimizdir. Bunlar sizə lətifə və ya, bir az da kobud desək, lağ-lağı kimi görünə bilər. Əslində, guya başqa necə qəbul etmək olar ki? Proxanova «Heç vaxt yol vermərəm ki, Azərbaycan xalqında ermənilərin timsalında düşmən obrazı formalaşsın» sözlərini demək, başqa necə qəbul edilməlidir ki?