Sınma nöqtəsi

Səadət Cahangir

Bütün maddələr müəyyən nöqtədə halını dəyişə bilir. Bu dəyişmə daha çox mühitə bağlıdır. Soyuqdan, istidən, gərginlikdən, sıxılmadan, dartılmadan bir maddənin fərqli şəkilləri yarana bilər. Bu dəyişmə şəkilləri də çox halda onların əyilməsinə, çatlamasına, qırılmasına, sınmasına, əriməsinə, dağılmasına yol açar. Simvolik baxanda, insanlar da belədir. Hələ fərqli mühitlərə və vəziyyətlərə görə onlar daha tez haldan-hala düşürlər. Onların dəyişmə şəkilləri bəzən daha böyük dağılmalar yaradır. Həm də təkcə özünə deyil, böyük bir çevrəyə zərər vuracaq şəkildə…

 

Qış aylarında evimizin qarşısından axan kiçik çay kanalı donardı. Biz də məhlə uşaqları ilə səhərdən axşama kimi o donmuş çayın üstündə günün dadını çıxarardıq. Bəzən buzlar çatlayardı, sındığı zamanlar da olurdu. Amma qorxumuz yox idi. Bilirdik ki, kanala düşsək belə, səviyyə  dizimizdən yuxarı qalxmayacaq. Bu gözəl uşaqlıq xatirəsini illər sonra da tez-tez xatırlamışam. Həm də adi bir xatirə kimi yox, illərin öyrətdiyi maraqlı bir dərs kimi. Müəyyən bir məqamda siz də öz dözüm dərəcənizi  çevrənizdəki maddələrlə müqayisə etsəniz, qəribə fikirlər burulğanına düşmüş olarsınız. Amma bu burulğanda insan öz dirəniş dərəcəsini özü müəyyən edə bilər. Şüşə kimi kövrəksinizmi, polad kimi dayanıqlısınızmı, buna niyə özünüz qərar verməyəsiniz ki? Axı ağırlığımıza dözə bilməyən və altından xəbərsiz olduğumuz buzun üstündə nə oynayırıq var ki, çat verəndə kəllə-mayallaq suyun dibinə düşək? Yaxud çiynimizi ağırlığını çəkə bilmədiyimiz yüklərin altına niyə veririk ki, yarıyolda səndələyib üzü üstə yerə çırpılaq?

 

Yaşadığımız mühit real dağıntı mənbəyidir. Bütün bəlalardan qurtulmaq üçün onu dəyişmək lazımdır. Bəzən insan başını qaldırıb ətrafa baxmağa belə qorxur. Hər yerdə qırılıb-tökülən, uçulub-dağılan, yanıb tanınmaz hala düşən insanlar var.  Burda mühit şərtləri bütünlükdə insanın ziyanınadır, bilirsiniz. Burda çox şey sizin normal bir insan olaraq sıradan çıxmanıza və məhvinizə hesablanıb. Belə bir mühitdə istəməyərəkdən quyunun dibinə yuvarlananlar da çox olacaq. Öz gücünü hesablamadan, enerji ehtiyatını sayğaca vurmadan girdaba yuvarlananlar… Onları lənətləməklə, “linç” etməklə, əzməklə iş düzəlirmi? Düzəlmir, şübhəsiz. Hər kəsin müqavimət gücü, düşüncə dərəcəsi, analiz qabiliyyəti eynidir məgər? Məgər hər kəs bir yola çıxanda onu gözləyə biləcək riskləri hesablamağı bacarır? O zaman hər şeyi öz gücünüzə uyğun tənzimləmək zorundasınız. O zaman özünüzdən daha çox başqalarına zərbə vura biləcək addımlarınızı yüz ölçüb, bir biçməyə məcbursunuz. O zaman baş çıxara bilməyəcəyiniz işlərə girişməyəcək, iradənizi sınma nöqtəsinə gətirib çıxarmayacaqsınız. Əks halda, heç nə… ağırlıqqaldırma gücünü hesablamadan səhnəyə çıxıb milyonların gözü önündə rüsvay olan atletə bənzəyəcəksiniz…