Bircə milyonun külüngü…

Səadət Cahangir

Türkiyədə 1980-ci il 12 sentyabr hərbi çevrilişindən sonra belə bir hadisə baş vermişdi. 1988-ci ildə solçu olaraq etirazlara qatılan 18 nəfər gənc həbs olunaraq Kırşehir cəza evinə göndərilmişdi. 18 gənc həbsxanaya girər-girməz qaçış planı hazırlamağa başladı. Əvvəlcə kənardan yardım imkanlarını arayan qrup buna nail ola bilməyincə, tunel qazmaq qərarına gəldi. Həbsxanadakı tualetin daşlarından birini qaldıran gənclər çarpayı dəmirini çıxarıb tunel qazmaya başladılar. Gecələr 4-dən qazıntı aparan gənclər 6 ayda 120 metrlik tunel qazdılar. Nəhayət, 1988-ci ilin 16 sentyabr günü tuneldən çıxıb qaçdılar. Amma uzağa gedə bilmədilər və yenidən həbs olunaraq ayrı-ayrı cəza evlərinə göndərildilər. Malatya həbsxanasına salınan 6 nəfər orada yenidən tunel qazmağa başladı. İki il boyunca qazıntı aparan gənclər çölə çıxmağa 1-2 metr qalmış azad edildikləri xəbərini aldılar. Qazdıqları tuneldə xatirə şəkli çəkdirən 3 nəfərdən biri sonralar CHP Adana millət vəkili olan Elif Doğanın qaynı Veyis Sami Türkmən idi…

 

Şübhəsiz ki, azadlıq insanın ən vazkeçilməz canatımıdır. Tənbəllikdən, acizlikdən, qorxaqlıqdan və ya iradəsizlikdən itaəti qəbul edənlər belə, nə vaxtsa azadlığın həsrətini çəkməyə başlayacaq. Tarixin yaşanmış bütün təcrübələrindən də, insan psixologiyası ilə bağlı aparılan bütün araşdırmalardan da alınan nəticə budur. Bir məqalədə oxumuşdum ki, Almaniyada həbsxanadan qaçan məhbuslar tutulub geri qaytarıldığı halda onların cəza müddəti artırılmır. Almanlar bunu insanın genetik kodlarındakı azad yaşamaq instinktinə bağlayaraq, belə qərar veriblər. Bu yerdə istər-istəməz ağlımdan bir sual keçir: bizim genetik kodlarımızdakı o instinkt niyə belə zəif çalışır,  görəsən? Onu aktivləşdirmək üçün hansı yollardan, hansı üsullardan, hansı vitaminlərdən istifadə etmək lazımdır? Biz niyə on illərdir məhkum edildiyimiz bu həbsxanadan işıqucu tapıb bir yana çıxa bilmirik? Niyə on illərdir bir tunel qazıb bu məhbus həyatından xilas olmağı bacarmırıq? Bu əsarətdən, işgəncədən, məhrumiyyətdən, əzab-əziyyətdən qurtulmağa nə mane olur bizə?

 

On illərdir 9 milyonluq bir xalq əlini gün işığını kəsmiş daşın altına qoyub, onu yerindən tərpədə bilmir. O 9 milyonun əli bircə dəfə bir araya gəlmir ki, daşı yerindən qoparıb azadlığa aparan tunelin gözünü açsın. Bu, bir istəksizlikdirmi? Güman etmirəm. Çevrənizə diqqət etsəniz, hər kəs bu girdabdan xilas olmaq arzusunda. Amma qeyrət göstərmədən, çapalamadan, o daşı-torpağı cırmaqlamadan necə olacaq bu iş? Hərəkətə gəlmədən, addım atmadan, əlinə bir dəmir parçası götürüb o qaranlığı qazmağa başlamadan yollar necə açılacaq?  Möcüzə baş verəcəyinimi gözləyirsiniz? Əmin olun, siz tərpənməyincə, ətalət qılafından çıxmayınca, silkələnməyincə möcüzə deyilən şey baş verməyəcək. Çünki “möcüzə”  deyilən bir şey varsa belə, onun sirri yenə də insana, onun canatımına, çalışqanlığına, iradəsinə bağlıdır. Köləliyin, quldarlığın, təhkimçiliyin süqutu necə insan ruhunun üsyanı və dirənişi sayəsində baş verdisə, bu xilası da o gətirə bilər. Azad olmaq istəyən hər kəs bir külüng alıb, öz yolunu açmağa baxsın. Bircə milyonun külüngü bir araya gəldiyi zaman, o yolun açılması an məsələsi olacaq, inanın…