Xəritənin arxasındakı insan şəkli

Səadət Cahangir

Bir iş adamı gərgin həftənin yorğunluğundan sonrakı bazar sabahı qalxıb, qəzetini götürdü. Adam bütün günü evdə oturub keyflə istirahət edəcəyini düşünürdü. Amma birdən oğlu qaçıb gəldi və parka nə zaman gedəcəklərini soruşdu. O an xatırladı ki, oğluna söz verib- bu həftə sonu onu parka götürəcəkdi. Adam heç çölə çıxmaq istəmirdi, bir bəhanə fikirləşib tapmalıydı.  Birdən qəzetin daimi alıcılarına hədiyyə olaraq verdiyi dünya xəritəsi gözünə dəydi. Xəritəni kiçik parçalara ayırıb  oğluna uzatdı: “Əgər bu xəritəni düzəldə bilsən, səni parka götürəcəyəm!” dedi. Bununla qurtulduğunu düşündü, əmindi ki, ən yaxşı coğrafiya müəllimi belə axşama qədər o xəritəni bərpa edə bilməz. Aradan on dəqiqə sonra oğlu təkrar qaçıb gəldi: “Ata, xəritəni düzəltdim, artıq parka gedə bilərik!” Adam öncə inanmadı, sonra xəritəni tam şəkildə gördükdə heyrətdən donub qaldı.  Oğluna bunu necə düzəltdiyini soruşanda, uşaq: “Mənə verdiyin xəritənin arxasında bir insan şəkli vardı. İnsanı düzəltdiyim zaman dünya öz-özünə düzəlmişdi!”

 

Simvolik bir fikirdir, əslində. İnsanlar doğru şəkilləndikdən sonra dünya niyə öz-özünə düzəlməsin ki? Məgər dünyanın başına min oyun gətirən, onun altını üstünə çevirən, xarabazara döndərən insanlar deyilmi? Onu öz hirsinə, nəfsinə, hikkəsinə qurban edən kimdir, insanlar deyilmi? Yer üzünə bütün bəlalar insandan gəlmirmi elə? Anlatdığım hekayədəki adamın tikə-tikə etdiyi xəritənin bir nöqtəsində də bizim ölkə var, şübhəsiz. Yəni dünya xəritəsi irili-xırdalı bütün parçaları ilə şəkillənir. İndi baxaq, biz o parçanın harasındayıq? Xəritənin arxasında dayanan insan rəsminin şəkillənməsində payımız nə qədərdir? Bəlkə məsələlərə bir də qəzetçilik gözü ilə baxaq? Ölkə mətbuatı ağır günlər yaşadığımız bu tarixə hansı prizmadan baxır? Onun Azərbaycan insanının həyatına təsiri və diqqəti hansı səviyyədədir? Bu günün mətbuatı insanlarımızı  hara, necə, hansı istiqamətdə yönləndirməyə çalışır? Gözünüzün önündə canlanan acı mənzərəni təsəvvür edirəm. İnhisarlaşmış TV-lərin sovetsayağı təbliğat gündəmi, tirajladığı ağ yalanlar, bayağı şoular, beyinləri yuyan düşük müəllif proqramları. Amma hələ bununla bitmir, daha betəri də var…

 

İllərdir inhisarlaşmış, hökumətin nəzarətinə keçmiş ölkə mediası son zamanlar daha qorxunc bir istiqamətə yön almağa başlayıb. Böyük pullar bahasına açılıb, xüsusi nəzarətdə çalışan saytlar açıq şəkildə satqınlıq və donosçuluq fəaliyyətinə keçib. Bu saytların başında dayanan kuklalar xüsusi ştablarda hazırlanmış iftira mətnlərini tirajlayaraq, bəlli ünvanlara “təhqiqat” mövzusu verir. Hədəfdə adı “qara siyahı”ya salınmış yazarlar, siyasi fəallar və siyasi rəqiblər var. Kimi xaricdən pul almaqda, kimi xaricə pul ötürməkdə, kimi də xarici dövlətlərlə gizli işbirliyində ittiham olunur. “Düşmənləri” medianın əli ilə vurmaq və zərərsizləşdirmək daha əsaslı görünür, deyilmi? Azərbaycan mətbuatı 37-ci illər havasına dönür, kim bilir, bəlkə ondan da pisinə. Nə qədər acı olsa da, bu belədir. Mətbuat adına yaranmış təşkilatlar isə başını aşağı salıb, öz bazarları ilə məşğuldurlar. Nə deyək, Allah bazar verməsin. Ağır günlərdən keçirik, çox ağır günlərdən. Deyəsən ölkədə fikir azadlığını çəpərləyən rejim mediadakı qasidlərinin əli ilə tarixə daha bir “37 salnaməsi” yazmaq  niyyətindədir.  Qarşımızdakı acı mənzərə tam şəkildə bundan xəbər verir…

 

Hekayədəki uşaq xəritəyə çıxış yolunu arxadakı insan rəsmini şəkilləndirməklə tapdı, deyilmi? Qəzetçilik, yazarlıq  də belədir. Dünyaya hansı üzlə, hansı dəyərlərlə, hansı göstəricilərlə, hansı insan şəklində  çıxırıq? Bunu beynəlxalq statuslu təşkilatların hər il açıqladığı dəyərləndirmə indeksləri açıq göstərir. Bütün siyahılarda rüsvayçı pillələrdəyik. Burda medianın payı azmı? Çoxdur, lap çox. Axı hər bir media vasitəsini, qəzeti onun arxasında duran adamlar şəkilləndirir. Onun siması nədirsə, göstərdiyi “yol xəritəsi” də odur. Dərd odur ki, oradakı adam deyil, adamlıqdan çıxmış bir çirkin maska, kukla və ya oyuncaq olsun…