Dörd il əvvəl insan haqları günü ilə bağlı yazımı arxivdən tapıb FB səhifəmdə paylaşmaq istədim. Oxuyunca, gördüm ki, yox, dörd ildə xeyli irəli getmişik və elə “uğurlar”a imza atmışıq ki, onları qeyd etmədən keçmək olmaz. 10 dekabr Beynəlxalq İnsan Haqları gününün tarixini bilirsiniz. 1948-ci ilin bu günü 30 maddədən ibarət “İnsan Haqları Beynəlxalq Bəyannaməsi” qəbul olunub. 10 dekabrın xüsusi gün elan edilməsi milyonların ölümünə səbəb olan qanlı müharibədən sonra dünyanın sülh və insanlığa çağırış təşəbbüsü kimi dəyərləndirilir. Bəyannamə insan haqlarını və azadlıqları yer üzünün ortaq dəyəri elan edir. Həmin tarixdən bu yana yaxşılığa doğru az dəyişiklik olmayıb, amma yer üzündə hələ də adi insan haqlarından məhrum olan yüz milyonlar var. Bunu ötən yazımdan keçən son 4 ilin acınacaqlı statistikası da təsdiqləyir. Bu illərdə ölkəmizdə təməl azadlıqlar sıfır səviyyəsinə endirilib, söz, ifadə azadlığı sahəsində vəziyyət misli görünməmiş dərəcədə pisləşib, vicdan məhbuslarının siyahısı iki dəfədən artıq böyüyüb. Dünyadakı münaqişə ocaqlarının dairəsi xeyli genişlənib və alovlanıb. Təkcə on minlərlə uşaq bu qanlı toqquşmaların qurbanı olub, ailəsini itirib və ya ölkəsindən qaçqın düşüb…
Dörd il əvvəlki yazımda qeyd etmişdim ki, Azərbaycan uzun zamandır “qeyri-azad” ölkə statusu ilə “yarı azad” ölkə statusu arasında tərəddüd edir. Bugünkü nəticəni artıq özünüz bilirsiniz. Ölkəmiz çoxdan “qeyri-azad ölkələr” sırasında “layiqli” yerini alıb oturub. O yazımda Güney Azərbaycandan Rza Talıbinin Hələbdəki soydaşlarına yazdığı məktubdan bu sətirlər yer almışdı: “Qoy məktubum, qələmim, mürəkkəbim savaşı, qorxunu, edamı və basqını hiss etsin. Bilirəm, yorğunsan. Orası çox zor, siqara buradan daha ucuz! Eləmı? Biz burda çoxuq, amma eyni zülm altında… Sizin futbol taqımınız varmı, məsələn Hələbdə, Humusda? Bizim var, “Tıraxtor”dur adı, qırmızı köynəkli, yaxşı timdir, ya da siz demişkən, eyi timdir, hamı gedir ona baxmağa, stadlarda yer olmaz… Elə bil çox özümüzdən dedim sənə…
Bilirəm, orda “Tıraxtor” yox, stadlar cəsədlə dolu, silahlar, tüfənglər… Yaxşı yadıma düşdü, savaş çox həyəcanlı, eləmı? İndiyə qədər əlimə tüfəng almamışam, çox həvəsliyəm savaşa!!!”
Dörd ildə nə dəyişib? Suriyada günahsız insanlar qan içində üzür, dünya okeanları suriyalı uşaqların cəsədləri ilə dolub-daşır. Diktator Bəşər Əsəd öz yerindən tərpənmək fikrində belə görünmür. Dünya gücləri də məsum insanların, körpələrin qanı üzərində siyasət aparmağında. Cənubdakı soydaşlarımızın haqları istiqamətində yaxşılığa doğru nə dəyişiklik olub ki? Heç nə… Acınacaqlısı odur ki, artıq onlarla bizim insan haqları göstəricilərimiz eyniləşmək üzrədir, vicdan məhbuslarımızın sayı da həmçinin…
İnsan haqları dünyəvi dəyərdir, bəli. Amma illərdir görünən o ki, dünya öz dəyərinə layiqincə sahib çıxmağı bacarmır. Yer kürəsinin dörd bir yanından qan sızır dünyanın günahkar vicdanına. Yüz minlərlə insan yer üzünü əsir almış diktatorların caynaqları altında inləyir. Həbsxanalar sözünün qurbanı olan intellektuallarla, siyasi fəallarla, qələm sahibləri ilə dolu. Dünyanın bombardmançı təyyarələri öz oyununu qazanmaq üçün yasaq tanımadan istədiyi məkana ölüm yağdırır. Yüz minlərlə məsum insan can verir o məktəblərin, xəstəxanaların, sığınacaqların xarabalıqları altında. İnsan haqları dünyəvi dəyərdir, bəli. O zaman dünya çirkin oyunlardan vaxt tapıb öz dəyərinə sahib çıxsa…