Şıxəli Qurbanovun müəmmalı ölümünün detalları

shixeli-qurbanovVaxtilə on il Azərbaycana rəhbərlik etmiş Vəli Axundovun anadan olmasının 100 illiyidir. Bu illərdə nə baş vermişdi? Ötən əsrin 60-cı illəri insanların və tarixin yaddaşında necə qalıb? Ədəbiyyatda, sənətdə, mədəniyyətdə, sosial və siyasi həyatda nələr olmuşdu? Vəli Axundovun özündən əvvəlki və özündən sonrakı rəhbərlərdən fərqli və oxşar cəhətləri hansılardır? Bütün bu suallara cavab almaq üçün tanınmış tarixçi alim, XX əsr tariximizin ən maraqlı salnaməsini yaradan professor Cəmil Həsənliyə müraciət etdik. Vəli Axundovun həyat hekayəsi və siyasi portret cizgiləri ilə bağlı onun hazırladığı yazıların dərcini davam etdiririk:

(Əvvəli ötən saylarımızda)

Lakin 1967-ci ilin Novruz sevinci uzun çəkmədi. Bu bayramın əsas təşkilatçısı və bayram tədbirlərindən sonra əhali arasında nüfuzu xeyli artmış Azərbycan KP MK-nın ideoloji məsələlər üzrə katibi Şıxəli Qurbanov mayın 24-də diş ağrısına qarşı vurulmuş bir iynədən qəflətən şoka düşdü və 2 dəqiqə ərzində vəfat etdi. O, son beş ildə Nazim Hacıyevdən sonra vəzifə başında vəfat etmiş ikinci ideoloji katib idi.

Baş vermiş hadisə Vəli Axundova ağır zərbə oldu. O, respublika səhiyyə naziri Fəxri Vəkilova tapşırıq verdi ki, mütəxəssislərin iştirakı ilə Şıxəli Qurbanovun ölüm faktı üzrə təcili patoloji anatomiya və məhkəmə tibbi ekspertizası keçirilsin. Həmin gün Şıxəli Qurbanovun “Sənsiz” pyesinin primerası olmalı idi. Partiya və hökumət rəhbərliyinin, mətbuatın primerada iştirakı gözlənilirdi. Tamaşa zamanı o, publikanın qarşısına yüksək əhval-ruhiyyədə çıxmaq istəyirdi. Amma hər şey tərsinə oldu.

Üzərindən 50 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu qəfil ölüm hadisəsi haqqında söz-söhbət indiyə qədər səngimək bilmir. Ona görə baş vermiş hadisənin bəzi məqamlarına aydınlıq gətirmək zərurəti yaranır.

Ölümə aparan iynə

Azərbaycan SSR Səhiyyə Nazirliyinin 4-cü Baş Idarəsinin 1-ci Xəstəxanasının ambulator müalicə şöbəsində Tibb Institutunun dosenti, diş həkimi Əliağa Əhmədovun ambulator xəstəlik kitabçasında apardığı qeydlərdəm məlum olur ki, Şıxəli Qurbanov diş problemi ilə bağlı hələ 1966-cı il aprelin 4-də ona müraciət edib. Həmin vaxt ona 200 min vahid həcmində streptomitsin vurulub. 1967-ci il mayın 15-dən başlayaraq, Mərkəzi Komitə katibi ona əziyyət verən dişlərinin müalicəsinə başlayıb və vəfat etdiyi mayın 24-nə qədər 6 dəfə 4-cü Baş Idarənin 1-ci Xəstəxanasının diş kabinetində olub. Mayın 15-də onun alt çənəsində 2, 3, 4, 5-ci dişlərinin, üst çənəsində isə 2 və 3-cü dişlərinin rentgen çəkilişləri aparılıb. Bu müayinə zamanı onun dişlərinin kök hissəsində qranulema (iltihab nəticəsində toxumada əmələ gələn düyün və ya qabarlar) xarakterli kölgə müşahidə edilib. Dosent Əliağa Əhmədov ambulator kitabçada yazır ki, 19 may 1967-ci ildə, ağrı müşahidə edilən 2 və xüsusilə 3-cü dişlərin sahələri açılır və orada əmələ gəlmiş çirk (putridnaya maşsa) kanaldan təmizlənir, kanal streptomitsinlə yuyulur və kip (germetik) bağlanır. Mayın 20-də xəstəlik kitabçasında qeyd edilir ki, “şikayət azalıb, şiş enib, kanal bitsilinlə yuyuldu, ora trunda qoyuldu və kip bağlandı”. Mayın 22-də xəstəlik kitabçasında həkimin apardığı qeyddən məlum olur ki, şiş yatıb, şikayət yoxdur, kanal sementlə plomblanır, rentgen edilir, 2-ci dişin sahəsində qranulema müşahidə edilir. Mayın 23-dəki qeydlərdə göstərilir ki, 3-cü diş sahəsində şiş var, 2-ci dişin kanalı bitsilin və streptomitsinlə yuyulur, kanala trunda qoyulur, 2-ci diş sahəsində qranulema var. 23 may 1967-ci ildə axşam 2-ci dişin sahəsi yuyulur, sementlə plomblanır. Həmin axşam Şıxəli Qurbanov kəskin diş ağrısından əziyyət çəkir. Səhər saat 8:15-də dosent Əliağa Əhmədov onun evinə çağrılır və müayinədən sonra bəlli olur ki, onun plomblanmış 2, 3, 4-cü dişlərinin sahəsində çox az şiş vardır. Iltihab prosesini azaltmaq və ağrını aradan qaldırmaq məqsədilə həkim ona 0,5 faiz novokain qatılmış streptomitsin iynəsi təyin edir. Həmin gün səhər 9:30-da Şıxəli Qurbanov 4-cü Baş Idarənin 1-ci Xəstəxanasın diş kabinetində dosent Əliağa Əhmədovun yanına gəlir. MK katibini qəbul edən zaman Xəstəxananın baş həkimi M.Hacıyev də orada olub və onun iştirakı ilə Əhmədov şpritsə 5,0 ml. məhlulda həll olunmuş 200-250 min vahidlik streptomitsin, 0,5 faiz novokain çəkib şpritsi yuyur, sonra isti şpritsə 100-120 min vahid həll olunmuş streptomitsin 1,0 ml. həcmində xəstəyə vurulur. Iynədən sonra gözlənilmədən xəstənin halı pisləşir, Qurbanov deyir ki, o, boğulur, qusmağı gəlir və 1-2 dəqiqə sonra huşunu itirir. Təcili olaraq diş kabinetinə 4-cü Baş Idarənin rəisi, dosent A.Mirzəzadə, həkim terapevtlər A.Ağababayev və C.Gözəlov, cərrah Z.Ağabəyli, otolarinqoloq Ş.Qasımova çağrılırlar. Qeyd edilən həkimlər Şıxəli Qurbanovun dərin şok vəziyyətdə görürlər, artıq onun nəbzi vurmur, nəfəsi gedib-gəlmirdi.

Vəli Axundova məktubda nələr vardı?

Hadisə yerində tərtib edilmiş arayışda qeyd edilirdi ki, xəstənin sifəti, sinəsi və əlləri kəskin göyərmişdi, sifəti şişmiş, ağzından köpük gəlmişdi. Həkimlərin ilkin rəyinə görə, baş beyin qabığının həyat əhəmiyyətli hər iki mərkəzinin ani və kəskin iflicinin bütün əlamətləri müşahidə edilmişdi. Həkimlər təcili olaraq reanimasiya tədbirlərini işə salmış, 2,0 ml. kordiamin, 1,0 ml. kofein, 1,0 ml. lobelin və 1,0 ml. mezaton yeridilməklə xəstənin ürək nahiyəsi bir saat fasiləsiz masaj edilmiş və əzələyə 1,0 ml. adrenalin vurulmuşdu. Lakin qan dövranı dayandığı üçün vurulan dərmanlar sorulmadığından effektsiz olmuşdu. Kislorod vasitəsilə süni nəfəs verməyə cəhd göstərilsə də, qan dövranını bərpa etmək üçün qrelkadan istifadə edilsə də, sol qol qatlanacağından 2-3 sm. açılmış damara iynə vurulsa da, qan dövranını bərpa etmək mümkün olmamışdı. Hadisə yerinə çağrılan professor Q.Abdullayev xəstəyə yardımın düzgün göstərildiyini təsdiq etmişdi. Ölüm faktı təsdiq edilən kimi yuxarıda adları çəkilən həkimlərin hamısı, o cümlədən Əliağa Əhmədov Şıxəli Qurbanovun ölümü barədə tərtib edilmiş arayışı imzalayıb, onu Səhiyyə Nazirliyinə vermişdilər.

Ölüm faktı təsdiq edildikdən sonra patoloji anatomiya şöbəsinin müdiri, professor K.Səlimxanov və Məhkəmə Tibbi Ekspert idarəsi müdirinin müavini E.Rudometkinanın iştirakı ilə meyitin yarılması haqqında protokol tərtib edilmişdi. Protokolda digər göstəricilərlə yanaşı, Şıxəli Qurbanovun boyunun 165 sm-ə yaxın olduğu, ürəyinin ölçüsünün 9x9x6 sm., çəkisinin isə 300 qram olduğu qeyd edilmişdi. Sənədin sonunda qeyd edilirdi ki, histoloji və məhkəmə-kimyəvi tədqiqatlar üçün meyitdən kiçik toxuma nümunəsi götürülmüşdü. Şıxəli Qurbanovun ölümü haqqında tərtib edilmiş tibbi rəydə qeyd edilirdi ki, onun ölümü anafilaktik şok nəticəsində baş vermişdi. Rəyi respublika səhiyyə naziri Fəxri Vəkilov, 4-cü Baş Idarənin rəisi, dosent A.Mirzəzadə, Azərbaycan KP MK-nın səhiyyə bölməsinin müdiri, tibb elmləri namizədi Arif Sultanov, müalicə həkimi dosent Əliağa Əhmədov, Patoloji anatomiya şöbəsinin müdiri, professor  K.Səlimxanov və Məhkəmə Tibbi Ekspert idarəsi müdirinin müavini E.Rudometkina imzalamışdılar. Ilkin müayinələr və nəticələr sənədləşdirildikdən sonra respublika səhiyyə naziri Fəxri Vəkilov Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundova yazırdı: “Sizin göstərişinizə uyğun olaraq Qurbanov Şıxəli Qurbanoviçin ölümü ilə bağlı arayışı, məhkəmə tibbi protokolu və patoloji anatomiya rəyini Azərbaycan KP MK-ya göndəriririk. Toxumaların histoloji tədqiqinin, streptomitsin, novokain və şpritsin saxlanması haqqında bütün növdən olan analizlərin nəticələri cavablar alınan kimi əlavə olaraq təqdim ediləcək”.

Cəfər Cəfərovun vəzifəyə gətirilməsi və ona qarşı hücumlar

Şıxəli Qurbanovun qəfil vəfatı respublika rəhbərliyi, xüsusilə Vəli Axundovla yanaşı, xalq üçün, milli ruhlu ziyalılar üçün də ağır itki idi. O, 1961-ci ildə rəhbər partiya işindən uzaqlaşdırıldıqdan sonra 5 il akademiya sistemində işləmiş və humanitar sahədə çalışan alimlər, ədəbiyyat və incəsənət xadimləri, mədəniyyət işçiləri ilə çox sıx əlaqələr quraraq maraqlı bir mühit yarada bilmişdi. O, tükənməz bir enerji ilə yorulmaq bilmədən çalışırdı. Amma təəssüf ki, bütün işlər yarımçıq qaldı. Şıxəli Qurbanovun uzun müddət xalqın yaddaşında qalması, adının və əməllərinin xatırlanması, onun içində olduğu sitem daxilində mənsub olduğu millətin varlığını ifadə etmək əzmi və cəsarəti ilə bağlı idi.

Şıxəli Qurbanovun vəfatından üç ay sonra Vəli Axundov onun yerinə Cəfər Cəfərovun namizədliyini irəli sürdü. Ideoloji katib vəzifəsinə yeni namizəd rəhbərlikdə birmənalı qarşılanmasa da, birinci katib öz qərarında israrlı idi. Ona görə də məhz Vəli Axundovun təqdimatı və dəstəyi ilə Cəfər Cəfərov 1967-ci ilin avqustunda Mərkəzi Komitənin ideoloji məsələlər üzrə katibi vəzifəsinə təyinat aldı. Onun adı respublika ictimaiyyətinə yaxşı tanış idi. 1914-cü ildə anadan olmuş Cəfər Cəfərov 1937-ci ildə Moskva Pedaqoji Institutunun ədəbiyyat fakültəsini bitirdikdən sonra “Literaturnaya qazeta”da tənqid şöbəsinin müdiri işləmişdi. 1938-1939-cu illərdə Rəsul Rza Azərbaycan Yazıçılar Ittifaqı Idarə Heyətinin sədri işləyəndə hələ çox gənc olan Cəfər Cəfərovu istedadlı bir tənqidçi kimi Ittifaqa müavin vəzifəsinə gətirmişdi. 1940-1947-ci illəri o, Sovet ordusu sıralarında keçirmişdi. Ordudan tərxis olunduqdan sonra Cəfərov Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsində incəsənət bölməsinin müdiri vəzifəsinə irəli çəkilmiş, 1949-1951-ci illərdə Azərbaycan Elmlər Akademiyasında işləmiş, 1951-ci ilin fevral-noyabr aylarında “Pravda” qəzetinin müxbiri olmuşdu. Bu müddətdə Cəfər Cəfərovun rus dilində iki maraqlı kitabı nəşr olunmuşdu. “Mirzə Fətəli Axundovun dramaturgiyası” və “Əzizbəyov adına teatr” kitablarından başqa onun Azərbaycan ədəbiyyatı, dramaturgiyası və teatrı ilə bağlı nəzəri cəhətdən çox güclü sayılan bir sıra məqalələri nəşr olunmuşdu. Yenilik ruhu ilə seçilən bu məqalələr həmin vaxt Azərbaycan ziyalıları arasında birmənalı qarşılanmamışdı. Mir Cəfər Bağırovdan sonra 50-ci illərin ortalarında bu məqalələr ona qarşı yönələn hücumların əsas hədəfinə çevrilmişdi. 1951-ci ilin noyabrında Cəfər Cəfərov Azərbaycan KP MK-nın bədii ədəbiyyat və incəsənət şöbəsi müdirinin müavini təyin edilmişdi, 1952-ci ilin iyulunda isə həmin şöbənin müdiri olmuşdu. Lakin Mərkəzi Komitədə onun fəaliyyəti uzun sürməmişdi. 1953-cü ildə Cəfər Cəfərov mədəniyyət nazirinin birinci müavini təyin edilmişdi. 1954-cü ildə Yazıçılar Ittifaqında ona qarşı başlanmış geniş kampaniya Cəfər Cəfərovun nəinki nazir müavini vəzifədən, eyni zamanda Yazıçılar Ittifaqının üzvlüyündən də çıxarılmağı ilə nəticələnmişdi. Onu bir tərəfdən Mir Cəfər Bağırova xidmət etməkdə, digər tərəfdən isə kosmopolitizm və nihilizmdə ittiham edirdilər. O, Moskvada çıxan məqalələrinin birində Azərbaycan dramaturgiyası ilə bağlı yazırdı: “XIX əsrin ikinci yarısında Azərbaycan cəmiyyəti o qədər geri qalmışdı, hətta bədii əsər üçün müsbət qəhrəman vermək imkanına malik deyildi və tək-tük tapılan qəhrəmanlar da həmin cəmiyyətdə bədbəxtçiliyə, uğursuzluğa düçar olurdular”. Örnək olaraq o, “Müsibəti Fəxrəddin”, “Bəxtsiz cavan”, “Ölülər” kimi əsərlərin qəhrəmanlarının faciəli taleyini göstərirdi.

Vəli Axundov niyə Cəfər Cəfərovu müdafiə edirdi?

Kosmopolitizm və nihiliz ideyası Moskvadan gəlirdi. Amma Azərbaycanda bu bir qədər gecikmişdi. Azərbaycanda bu kampaniyanın əsas hədəfi böyük bəstəkar Qara Qarayev, teatr tənqidisi Cəfər Cəfərov, ədəbiyyatşünas Mikayıl Rəfili, şair Rəsul Rza və digərləri hesab edilirdilər. Eyni zamanda, Q.Qarayevin adı tək Bakıda deyil, Moskva və Leninqradda Dmitri Şostakoviçə qarşı yönəlmiş kosmopolit kampaniyasında da keçirdi. Cəfər Cəfərovun Azərbaycan teatr tarixi ilə bağlı yazdığı sanballı monoqrafiyanın nihilizm nümunəsi hesab edilməsinə qarşı ciddi şəkildə müqavimət göstərdi. O, qeyd etdi ki, bu tarixi mən çətinliklə saxlanılmış afişaların cırılmış parçalarından, qəzet elanlarından, müasirlərin xatirələrindən zərrə-zərrə toplamışam və heç kəsə icazə verə bilmərəm ki, mənin əsərimə nihilist damğası vursun. Həmin vaxt Cəfərovu kommunist partiyası üzvlüyündən xaric edilməsinin qarşısını yalnız birinci katib Imam Mustafayevin müdaxiləsi ala bildi. O, 1954-cü ilin axırlarından Azərbaycan Dövlət Universitetinə pedaqoji işə göndərilmişdi. 1959-cu ildə isə o, Memarlıq və Incəsənət Institutunun teatr və kino şöbəsinin müdiri təyin edildi. 1961-ci ildə sənətşünaslıq üzrə doktorluq dissertasiyasını müdafiə etdi, bir il sonra Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçildi, 1963-cü ildə professor elmi adını aldı. Doğrusu, bu qədər keşməkeşlərdən sonra Vəli Axundovun 1967-ci ildə Mərkəzi Komitənin ideoloji işlər üzrə katib məsələsində Cəfər Cəfərovun üzərində dayanması çoxları üçün gözlənilməz oldu. Lakin bu doğru seçim idi və o, 1971-ci ilə qədər bu vəzifədə işlədi.

(Ardı var)