Sarı simin qədim hekayəti

Mistik ruhlu qopuz

Uzun əsrlər boyu türk xalqları arasında önəmli dəyəri olan sazın hər zaman bir mistik ruhun daşıyıcısı olduğuna inanıblar. “Saz Türk dünyasının, Türk dünyagörüşünün şah əsəridir”(Lətif Həsənov, tədqiqatçı). Saz tarix boyu at belində dolaşan bu millətin sirdaşı, könül dostu olub.

 Bir çox tarixi qaynaqların verdiyi məlumatdan bəlli olur ki, IX-X yüzilliklərdə qur türkmənləri hətta çöldə gəzərkən və səfərə yollanarkən də qopuzu yanlarında saxlayırmışlar.

Irfan sahiblərinin söz xəzinəsinə qapı açan o sehirli simlər üzərində neçə-neçə təsəvvüf dastanları yaranıb. Şairlik, xanəndəlik, musiqiçi və aktyorluq xüsusiyyətlərini cəmləşdirən saz sənətinə könül verən belə irfan aşıqları sırasında Qurbaninin, Abbas Tufarqanlının, Xəstə Qasımın, Aşıq Alının, Sarı Aşığın, Aşıq Ələsgərin adı keçir…

Zəngin kökləri olan bu sənətin tarixi “Kitabi-Dədə Qorqud”da qədim türk tayfalarının simvolu olaraq adı keçən qolça qopuzla başlanır. Adından da göründüyü kimi, qolda gəzdirilən qolça qopuzu, ehtimala görə, Dədə Qorqud icad edib. Hələ oğuzlarda qopuzu, demək olar, hamı çala bilirdi. Dastanın ayrı-ayrı boylarında Qazan xan, Dirsə xan, Beyrək, Səkrək, Əkrək, Qanturalı və onun qırx yoldaşının qopuz çalması təsvir olunur. Qopuz üç simli alət olub, bu simlər o dünyanı, yerüstü aləmi və kainatı nişan verirdi. Qopuz indiki aşıqların əcdadı sayılan ozanların sevimli aləti idi.  Ozan sənəti minilliklər boyu böyük təkamül yolu keçərək aşıq sənətinə çevrildiyi kimi, qopuz da ona oxşar təkamül yolu keçərək saz aləti şəklini almışdır. 

Ümumiyyətlə, qədim türkdilli xalqlarda şaman, qam, oyun, baxşı, yanşaq, varsaq və nəhayət, ozan kimi tanınan sənətkarlar bugünkü aşığın əcdadları sayılırlar. Mütəxəssislər “aşıq” sözünün anlamı ilə bağlı müxtəlif fikirlər irəli sürürlər. Bir qrup hesab edir ki, “aşıq” ərəb kəlməsi olan “eşq” sözündən götürülüb. Folklorşünas alim Paşa Əfəndiyev “Azərbaycan şifahi xalq ədəbiyyatı” kitabında fikrini belə ifadə edib: “Aşıq, yəni eşqə tutulan, vurulan, məftun olan mənasındadır. Sonralar aşıq Azərbaycan dilinin qayda-qanunlarına uyğun olaraq ”aşıq” şəklinə düşmüşdür”. Bu ifadəni indi “aşiq” formasında səsləndiririk.

Başqa bir folklorşünas alim M.Təhmasib isə fərqli fikir irəli sürmüşdür. O, ərəbcə “aşiq” və türkcə “aşıq” sözlərinin həm məna, həm də şəkilcə bir-birinə çox yaxın olduğunu söyləyərək, həmin sözlərin bir titul kimi işləndiyini bildirir. 

Əslində, “aşıq” sözünün “eşq” sözündən yarandığı ehtimalının daha məntiqəuyğun olduğu xalq dastanlarımızdan aydın görünür. Azərbaycanda elə bir dastan yoxdur ki, onun ana xətti üzərində məhəbbət motivləri dayanmasın. “Əsli və Kərəm”, “Qurbani”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Məsum və Diləfruz”, “Tahir və Zöhrə”, “Koroğlu” kimi Azərbaycan aşıq dastanlarını buna nümunə göstərmək olar. 

Günümüzdə ifa olunan müasir sazın tarixi isə 16-cı yüzildən başlanır. Şah Ismayıl Xətainin dövründə (XVI əsr) artıq saz indiki şəklini almışdı. Xətai qoşmalarının birində sazı belə vəsf edir: 

Bu gün ələ almaz oldum mən sazım,

Ərşə dirək-dirək çıxar avazım. 

Dörd iş vardır hər qarındaşa lazım: 

Bir elm, bir kəlam, bir nəfəs, bir saz.

Simlər haray çəkər…

Telli sazın insan ruhunu oxuyan bir ifa aləti olduğuna inam onun başqa elementləri ilə bağlı düşüncələrdə də öz əksini tapmışdır. Bu duyğuları şair və aşıqlar “simlər haray çəkər”, “göz yaşıma sazım ağlar”, “sındı telli sazım təzənə qaldı” kimi bədii misralarda ifadə etmişlər. Yeri gəlmişkən, təzənə sazın simlərini dilləndirən mizrabın qədim adı olub. 

Qopuz və saz müqəddəs alətlər sayıldığından, onun yeri bütün zamanlarda evin yuxarı başı olmuşdur. Azərbaycan aşıqları eyni ənənəni bu gün də saxlayaraq, sazı evin başucunda divardan asırlar. Bu ənənə Anadoluda da qalır.

Türk etnoslarının əksəriyyəti musiqi alətinə eyni münasibət bəsləmişdir. Etnosun kütləvi şəkildə musiqi aləti (qopuz) saxlaması və onu öz yanında gəzdirməsi ruhlar aləminin təmsilçisinə ibadət etməklə (qopuz çalmaqla) onların nəzər-diqqətini öz üzərində saxlamaq məqsədi daşımışdır. Bahadırların yaraq-silahla bərabər musiqi aləti də götürmələri etik norma kimi Dədə Qorqud qəhrəmanlarının səfərlərində açıq şəkildə ortaya çıxır. Əslində, Koroğlunun qılınc-qalxanla yanaşı sazla da gəzib-dolanması həmin ənənənin davamıdır. 

Telli sazın uğur, bərəkət, xeyir, qələbə gətirməsi başqa xalqlarda da qəbul edilmişdir. Qazan xanı həbs edən kafirlər onu bir şərtlə azad etməyə razılıq verirlər ki, oğuz bahadırı qopuz çalıb onları tərifləsin, oğuzu sındırsın. Qazan xan qopuzu əlinə alıb əksini edir: özünü və oğuzu öyür, kafiri alçaldır, sındırır. Burada qopuzun qeyri-adi musiqi aləti kimi yad etnik mühit tərəfindən də etirafı son dərəcə qiymətlidir. 

“Qopuzun icad olunması ilə bağlı mifoloci rəvayətlərdən də aydındır ki, o hər ağacdan düzəldilə bilməz. Türk mədəniyyət tarixinin görkəmli araşdırıcısı Bahəddin Ökəl qopuz düzəltmək üçün istifadə edilən ağacların mifoloji dünyagörüşdə əsasən sakral məzmun daşıdığını müəyyənləşdirmişlər. Böyük alim türk etnosunun yayıldığı coğrafi ərazilərdəki qopuz düzəldilən həmin ağaclardan bir qismini dəqiqləşdirmişdir: cam (qaraqay), ceviz, tut, ardıc, sədir ağacı və s. 

Musiqi alətinin telində ruhun əks olunması barədəki mifoloji təsəvvürün izlərinə “Aşıq Qərib” dastanında da təsadüf olunur. Belə ki, Qərib uzaq səfərə çıxanda sazını divardan asıb ana və bacısına bildirir ki, nə vaxt sazımın simi öz-özünə qırılsa, onda bilin ki, mənim başıma iş gəlib, daha salamat deyiləm. Musiqi alətinin teli – sazın simi ruhlar dünyası ilə bağlı olduğu üçün folklor təfəkkürünə görə uzaq səfərdə olan Qəribin taleyindən xəbər gətirə bilir” (M.Qasımlı, Ozan ənənəsi, www.musigi-dunya.az).

Eldən-elə, güldən-gülə, dildən-dilə… 

Uzun əsrlər toyların, məclislərin yaraşığı olan sazın əvvəlki şöhrəti qalmasa da, bu sənət günümüzdə istedadlı aşıqlarımız tərəfindən davam etdirilir. Sovetlər dönəmində ideoloji təbliğat vasitəsi kimi yönləndirildiyinə görə, bu müddətdə saz sənəti müəyyən mənada öz missiyasından uzaqlaşdırılmışdı. Bəhs edilən dövrdə Aşıq Ələsgər kimi irfan və ya haqq aşıqlarının yetişə bilməməsi də bu səbəblə bağlıdır. Həmin tarixdə irfan aşıqlarının yoluna sadiq qalan yeganə şəxsin Mikayıl Azaflı olduğu, onun da başının bu üzdən çox bəlalar çəkdiyi söylənir. Amma saz sənəti adətən nəsil ağacı ilə davam etdirildiyinə görə, o, Azərbaycanın bütün bölgələrində az və ya çox dərəcədə öz ilkin ruhunu qoruyub saxlaya bilib. Bu gün respublikanın fərqli bölgələrini təmsil edən qadın və kişi aşıq ifaçıları saz musiqisini uzaq dünya ölkələrində məharətlə səsləndirirlər. 

Azərbaycanda bir sıra bölgələri əhatə edən aşıq məktəbləri var ki, akademik Azad Nəbiyev “Azərbaycan aşıq məktəbləri” (Bakı, 2004) kitabında onları zonalar üzrə təsnifləşdirmiş, onların spesifik xüsusiyytlərinin və inkişaf istiqamətlərini təfsilatlı təhlilini vermişdir.ÿ

Azərbaycan aşıq sənəti keçən il dünyanın misilsiz sənət incilərindən biri kimi YUNESKO-nun “Qeyri-maddi irs” siyahısına salınıb. Bu, saz sənəti ənənələrinin yalnız yerli səviyyədə deyil, beynəlxalq miqyasda da qorunmasına böyük imkanlar açır.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir