“Kimlərə qaldı dünya?..”

Şah Ismayılın tikdirdiyi məşhur qala

Irəvan qalası bu gün Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarında qalaraq dağıdılan yüzlərlə tarixi-memarlıq abidələrimizdən biridir.

Irəvan qalası haqqında ilkin yazılı məlumat Səfəvilər dövrünə təsadüf edir. Tarixdən məlumdur ki, 1502-ci ildə Şah Ismayılın qoşunları Qaraqoyunlu əmirləri üzərində qələbə çalaraq Irəvan şəhərini ələ keçirir. XVII əsrin 40-cı illərində Cənubi Qafqazda səfərdə olarkən məşhur türk səyyahı Övliya Çələbi XVII əsrin 40-cı illərində Cənubi Qafqazda səfərdə olan yazırdı ki, Şah Ismayıl 1509-cu ildə qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş verir. O da 7 ilə qalanı tikdirib başa çatdırır. Səfəvilər dövlətinin sərhədlərini xarici basqınlardan qorumalı olan qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınmış, sonralar “Rəvan” sözü dialektdə “Irəvan” kimi işlədilmişdir.

Sonrakı dövrlərdə Irəvan hakimlərinin, bəylərbəyilərinin və xanlarının iqamətgahı Irəvan qalasında olmuşdur. Osmanlı-Səfəvi müharibəsi zamanı dağıdılan qala divarlarını 1582-1583-cü illərdə Osmanlı sərkərdəsi Fərhad paşa daha da möhkəmləndirmişdir.

Fransız səyyahı Can Şarden Irəvan qalasını müstəqil şəhərə bənzətmişdi. Onun yazdığına görə, qalada 800 ev var idi, qalanın əhalisi ancaq müsəlmanlardan ibarət idi. Ermənilər qalaya gündüzlər ticarət məqsədiylə gəlir, gecələr isə onu tərk edirdilər.

11 aprel 1635-ci ildə növbəti Səfəvi-Osmanlı müharibəsinin gedişində türk qoşunları Irəvan qalasını almışlar. Xatırladaq ki, Irəvan qalası 1604-cü ildə Səfəvi-Osmanlı müharibəsi (1603-1612) zamanı I Şah Abbas tərəfindən tutulmuş və Irəvanın idarəçiliyi Əmirgün xan Qacara verilmişdi. Sonrakı iki əsrdə Irəvan (xanlığı) daha bir neçə dəfə Səfəvilərlə Osmanlılar arasında əldən-ələ keçmişdir.

Məlumdur ki, XIX əsrin əvvəllərində Cənubi Qafqazda möhkəmlənmək məqsədilə Rusiya hərbi əməliyyatlara başlamış və 1804-cü ilin yanvarında Gəncə xanlığının işğal etdikdən sonra Irəvanı növbəti hədəfi seçmişdir.  

Həmin dövrdə Irəvan xanı Məhəmməd xan rus qoşunlarının Irəvan xanlığına hücumu ərəfəsində qalanı daha da möhkəmləndirir, burada müdafiəçilərin sayı 7 minə, qala bürclərindəki toplar isə 22-yə çatdırılır. Bütün bu tədbirlər nəticəsində rus qoşunları Irəvan qalasını uzun müddət mühasirədə saxlaya bilmir, onların cəhdləri nəticəsiz qalır və geri çəkilməyə məcbur olurlar.

Irəvan xanlığının işğal edilməsi tələbi 

1804-cü ildə Irəvan qalası uğrunda döyüşlərdə Irəvan xanı Məhəmməd xan və mühasirədə olan qardaşlarına köməyə gəlmiş Naxçıvan xanı Kəlbəli xan, 1808-ci ildə isə Irəvan xanı Hüseynqulu xan və qardaşı Həsən xan yüksək sərkərdəlik məharəti göstərərək xalqı yadelli işğalçılara qarşı səfərbər edə bilmişdi. Bunun nəticəsində qala əhalisi 20 ilə yaxın müddətdə müharibəsiz həyat sürmüşdü.

1806-cı ilin iyulunda Qafqazdakı rus qoşunlarına baş komandan təyin edilən general-feldmarşal Ivan Qudoviçin qarşısında Irəvan xanlığının işğal edilməsi tələbi qoyulur. Hüseynqulu xan Qacar isə Irəvan qalasını 1807-ci ildə fransız mühəndislərinin iştirakı ilə daha da möhkəmləndirir. I.Qudoviç xatirələrində yazırdı ki, Irəvan qalası bütün Avropa hərb qaydaları əsasında möhkəmləndirilib, iki divarla əhatələnib. Divarlarının qarşısında xəndəklər qazılıb, torpaq təpələr yaradılıb və üzərində də toplar düzülüb…

Beləliklə, 1808-ci ilin sentyabrında rus qoşunlarının qala üzərinə ikinci hücumu olur. Onlar Üçkilsə (Eçmiədzin) monastrını ələ keçirdikdən sonra Irəvan ətrafında düşərgə salır. Lakin bu dəfə də onların cəhdləri uğursuzluqla nəticələnir və bu dəfə də Irəvan qalasını ələ keçirə bilmirlər.

Nəhayət, 1827-ci il sentyabrın 15-də rus qoşunları uzun sürən mühasirədən sonra Sərdarabad qalasına girməyə müvəffəq olurlar və bundan sonra Ivan Paskeviçin komandanlığı altında bütün qüvvələr Irəvan qalasına yönəlir. 1827-ci il oktyabrın 1-də əvvəlcə qalanın cənub-qərb qülləsi, sonra isə qalanın şimal darvazası dağıdılır. Qoşun qalaya daxil olur. Beləliklə, Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalı Irəvan qalasının tutulması ilə başa çatır. 

Xatırladaq ki, Irəvan qalasının alınmasında ruslar ermənilərdən yararlanmış, ermənilər rus hərbçilərinə bələdçilik edərək qalanın zəif müdafiə olunan yerlərini onlara nişan vermişlər.

Irəvan qalasının süqutundan sonra Irəvan xanının qardaşı Həsən xanın hazırda Kremlin “Silahlar Palatası”nda saxlanılan qılıncı çara təqdim edilir. 

Qalanın işğalından dərhal sonra isə ilk olaraq 1725-ci ildə Osmanlı sərkərdəsi Rəcəb Paşa tərəfindən inşa edilən məscidin günbəzindəki aypara çıxarılır. Yerinə xaç asılır. Minarəsində kilsə zəngi quraşdırılır və pravoslav kilsəsinə çevrilir. Sərdar məscidi rus qoşunlarının hərbi anbarına çevrilir. Daha sonra sarayda “Erməni vilayəti”nin inzibati binası yaradılır. Rusiya çarı I Nikolay Şimali Azərbaycan xanlıqlarının sonuncu istehkamı olan əfsanəvi Irəvan qalasını görmək arzusu ilə 1837-ci ildə Irəvana gəlir. Xan sarayında şəhərin müxtəlif təbəqələrinin nümayəndələrini qəbul edir. Rus qoşunlarının Irəvan qalası üzərinə hücumunu müşahidə edən rəssam V.Moşkov “Hücumla Irəvan qalasının alınması” adlı məşhur tablonu çəkir.

“Çınqıllı, daşlı qala…”

Memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlının  araşdırmasına istinad edərək deyə bilərik ki, Irəvan qalasının ruslar tərəfindən işğalından sonra qalanın tərtib edilən xəritəsinə əsasən, onun uzunluğu 850, eni 790 metr olub. Ikiqat qala divarlarının hündürlüyü 10,5-12 metr, qalanın birqat divarı isə Zəngi çayı sahilində ucalan qayalıq üstündən keçir. Qalanın üç girişi: cənubda Təbriz qapısı, şimalda Şirvan qapısı (yaxud Meydan qapısı) və Körpü qapısı olub.

1853-cü ildə baş vermiş zəlzələ nəticəsində qala divarları ciddi zərbələr almışdır. 1865-ci ildə isə qalanın ərazisi erməni Nerses Tahiryants gildiyası tərəfindən satın alınmışdır. 1880-ci illərdə Tahiryanlar qalanın şimal divarlarını dağıdaraq yerində konyak zavodu inşa etmişlər. 1930-cu illərdə isə qala divarları ermənilər tərəfindən tamamilə məhv edilmişdir. 

Uzunluğu 850 metr olan Irəvan qalasının divarları çiy kərpicdən hörülmüşdü. Divarların qalınlığı top mərmisinə belə davam gətirib. Qalanın bayır divarın 17 bürc mövcud olub və bu divarın hündürlüyü 10 metrdən çox olub. Qala ikiqat divarla dövrələnmişdi. Daxili divar daha hündür idi və onların arasında təxminən 50-60 metr məsafə vardı. Iç qaladan təxminən 1 km məsafədə Keçiqala adlı köməkçi qala da vardı. Ümumiyyətlə, Irəvan qalasının 50-60 bürcü, 3 qapısı olub: Cənubda Təbriz qapısı, Şimalda Meydan qapısı və Körpü qapısı. Qala daxili şəhər isə dörd məhəlləyə bölünüb: Qala məhəlləsi, Şəhər məhəlləsi, Təpəbaşı məhəlləsi və Dəmirbulaq məhəlləsi.

“Vikipedia”nın yazdığına görə, qaladaxili şəhərsalma tipik şərq – Azərbaycan şəhərləri üslubunda olmuşdur; küçələr dar, evlərin divarları hündür olduğuna görə küçədən evlərin həyətlərini müşahidə etmək mümkün deyildi. Bəzi məlumatlara görə, qalada iki, bəzilərinə görə isə dörd məscid olmuşdur. Bunlardan ən qədimi 1510-cu ildə inşa edilmişdi. Ən möhtəşəmi isə Sərdar sarayının yaxınlığında əsası I Şah Abbasın hakimiyyəti dövründə (1587-1629) qoyulmuş Şah Abbas məscidi (Cümə məscidi) olmuşdur. Sərdar sarayının əsası Irəvən qalası ilə eyni vaxtda qoyulsa da, sonrakı illərdə saray əsaslı surətdə təkmilləşdirilmiş və Azərbaycan memarlığının incilərindən birinə çevirilmişdir. Uzunmüddətli mühasirəyə davam gətirmək üçün qalanın daxilinə gizli yolla su kəməri çəkilmişdi. Qalanın şimalında və cənubunda olmaqla iki böyük darvazası olmuşdur – Şirvan və Təbriz darvazaları. Qala divarları çox qalın olduğundan, hətta top mərmilərinə belə davam gətirirdi.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir