Zəngin xəzinəli qocaman kinomuz

Dünya kino tarixindən üç il sonra…

 

Azərbaycan kinosunun tarixi 100 ildən artıq bir tarixi əhatə edir. Ölkəmizdə kino sənətinin ilk nümunəsinin 1898-ci il avqust ayının 2-də yarandığı sübut olunmuşdur. Bu, dünya kinosunun yaranmasından üç il sonrakı tarixə təsadüf edir.  Azərbaycanda ilk filmi fotoqraf və nasir A.M.Mişon çəkmişdir. O, “Bibiheybətdə neft fontanının yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında ictimai gəzinti”, “Qafqaz rəqsi” kimi sənədli filmlərin və “Yaxalandı” adlı bədii əsərin müəllifidir.

1915-ci ildə Bakıda və Qafqazın başqa şəhərlərində Pirone qardaşlarına məxsus səhmdar cəmiyyətləri etdikləri kino nümayişi kontorları təsis edildi və həmin ildəcə “Neft və milyonlar səltənəti” adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlandı. Bu film Ibrahim bəy Musabəyovun romanı əsasında çəkilmişdi. Filmin çəkilişinə neft sahibkarları vəsait ayırmışdılar və bu məqsədlə Peterburqdan rejissor Boris Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Sankt-Peterburqdan rejissor B.Svetlovu dəvət etmişdilər. Adıçəkilən filmdə Lütfəli bəy rolunu görkəmli Azərbaycan teatr və kino xadimi Hüseyn Ərəblinski ifa etmişdir. Hüseyn Ərəblinski ilk azərbaycanlı kino aktyoru hesab olunur. 

1916-cı ildə Üzeyir Hacıbəyovun məşhur operettası əsasında Azərbaycanın ilk kinokomediyası olan “Arşın mal alan” çəkilir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə 1919-cu ildə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə “Təntənə” adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.

1923-cü ildə Azərbaycan Foto Kino Idarəsi təsis edilir. Və onun nəzdində “Təyyarə”, “Edison”, “Milyon”, “Ladya”, “Mədənçi” kinoteatrları fəaliyyət göstərməyə başlayır.  1924-cü ildə isə rejissor V.V. Ballyuzekin çəkdiyi ikiseriyalı “Qız Qalası əfsanəsi” adlı bədii filmi ekranlara çıxdı. Azərbaycan Foto Kino Idarəsi 1925-ci ildə Ş.Mahmudbəyovun təşəbbüsü ilə milli aktyor və rejissor kadrlarını hazırlanması üçün studiya təşkil edilir. C.Cabbarlı, M. Mikayılov, Ə.Tahirov və başqaları da burada oxumuşdular. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək etmək məqsədilə studiyaya dünya şöhrətli rejissor və operatorlar dəvət olunurdular. Sonralar adı dəfələrlə dəyişdirilən idarə 1961-ci ildən bugünədək Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası kimi tanınır.

Yeni yüksəliş mərhələsi

Ötən əsrin 20-ci illərində Azərbaycan kinosunun əsas mövzusu xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı idi. Rejissorlar A.M.Şərifzadə, A.Valovonun çəkdikləri  “Bismillah”, rejissor A.M.Şərifzadənin çəkdiyi “Hacı Qara”  kimi kino əsərləri, eləcə də öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən “Sevil” həmin dövrdə yaradılmış uğurlu filmlərdən hesab olunur. 

“Vikipedia”nın yazdığına görə, 1925-ci ildə rejissor A.M.Şərifzadə respublikanın mədəni və iqtisadi həyatından bəhs edən “Azərbaycana səyahət” filminin çəkilişini başa çatdırdı. 20-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat və mədəni həyatındakı nailiyyətləri ilə tanış edən “Azərbaycan ekranı” kinojurnalı (ildə 4-5 nömrə) buraxılmağa başlandı. Bu illər Azərbaycan sənədli kinosunda M.Mikayılov, A.A.Litvinov, A.A.Makovski kimi istedadlı rejissorlar, V.P.Lemke, A.Valovoy, A.Tolçan, I.S.Tartakovski, I.S.Monakov kimi operatorlar çalışırdılar. 30 illərdə bu sahədə B.V.Pumyanski, S.Bədəlov, V.Yeremeyev, Ə.Həsənov, Ə.Ələkbərov və b. fəaliyyətə başladılar. Bu sənətkarların filmlərində ilk beşilliklərdə resublikanın həyatı, kolxoz quruculuğu, mədəniyyət sahəsindəki uğurlar, neft sənayesinin yeni texnika ilə təchiz və s. əksini tapmışdı. Sənədli filmin imkanları daxilində bitkin insan obrazı yaradılması sahəsindəki cəhdlər o dövrün bədii nailiyyətlərindəndir.

Artıq 30-cu illərin əvvəllərində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə də tarixi-inqilabi mövzulu filmlər çəkilməyə başlanmışdı. Rejissor  M.Mikayılovun “Lətif”, “Ismət”, rejissorlar A.Quliyev və Q.M.Braqinskinin “Almaz” və “Yeni horizont, rejissor V.V.Turinin ”Bakılılar”, rejissor S.Mərdanovun “Kəndlilər”  filmləri buna misal ola bilər. 

Azərbaycanda səsli kino əsərlərinin istehsalına isə 1935-ci ildə “Azərfilm”in Moskvanın “Mejraypromfilm” kinostudiyası ilə birgə yaratdığı “Mavi dənizin sahilində” (rejissor B.V.Barnet) bədii filmi ilə başlanıb. Filmdə baş rollarda görkəmli sovet kinoaktyorları L.N.Sverdlin, N.A.Kryuçkov, Y.A.Kuzmina və başqaları çəkilmişlər. 1936-1941-ci illərdə ekranlara 10-dan çox səsli film buraxılmışdır.

Ikinci Dünya Müharibəsi illərində rejisor A.Quliyevin “Vətən oğlu” və “Bəxtiyar” əsərləri, həmçinin A.I.Bek-Nazarovun və R.Təhmasibin Mirzə Fətəli Axundovun həyat və yaradıcılığına həsr edilən “Səbuhi” filmi ekranlara çıxır. Sonradan müharibədən və müharibə illərindən bəhs edən H.Seyidbəylinin “Bizim Cəbiş müəllim”, M.Dadaşovun “Bakıda küləklər əsir”, R.Ocağovun “Tütək səsi”, Ş.Mahmudbəyovun “Şərikli çörək”, həmçinin R.Ismayılovun Sovet Ittifaqı qəhrəmanı Həzi Aslanova həsr etdiyi “Sizi həyatımdan artıq sevirdim” kimi bir çox filmlər də ərsəyə gətirilib.

Kinomuzun qızıl dövrü

1945-ci ildə Ü.Hacıbəyovun dahi “Arşın mal alan” musiqili komediyası yenidən ekranlaşdırıldı. “Arşın mal alan” filminə görə rejissorlar R.Təhmasib və N. Leşşenko, bəstəkar Ü.Hacıbəyov, aktyorlardan R.Behbudov, L.Bədirbəyli, Ə.Hüseynzadə, M.Kələntərli və L.Abdullayev 1946-cı ildə SSRI dövlət mükafatına layiq görüldülər. 

50-ci illərdə “Bakı kinostudiyası”nda müxtəlif mövzularda filmlər istehsal edilmişdir. 1957-ci ildə çəkilmiş “Bir məhəlləli iki oğlan” (rejissorlar Ə.Ibrahimov və I.V.Qurin, operatorlar M.M.Pilixina və R.Ocaqov, bəstəkar Q.Qarayev) filmi Şərq ölkələrindən birində xalqın azadlıq və demokratiya uğrunda mübarizəsindən bəhs edir. Cəsur partizan Mehdi Hüseynzadəyə həsr edilmiş “Uzaq sahillərdə” (1958, rejissor T.Tağızadə) filmi isə Azərbaycanın, eləcə də keçmiş sovet kinosunun nailiyyətlərindəndir.

60-cı illərdən etibarən Azərbaycanda rəngli filmlərinə çəkilişinə başlanılır. Ilk rəngli kino rejissor H.Seyidzadənin “Koroğlu” filmi olur. Sonrakı illərdə “Səhər”, “Mahnı belə yaranır”, “Leyli və Məcnun” dastanı əsasında “Məhəbbət dastanı” kimi filmlər yaradılır. Həmin dövrdə Azərbaycan kino sənətinin inkişafında S.Mərdanov, M.Mikayılov, A.Quliyev, Q.Braginski, T.Tağızadə, L.Səfərov, H.Seyidzadə, Ş.Mahmudbəyov, A.Isgəndərov kimi görkəmli rejissorlar böyük xidmətlər göstərmişlər.  

Ümumiyyətlə,  60-80-ci illərdə çəkilmiş filmlər sırasında  “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Əsas müsahibə”, “Sağ olun, qızlar”, “Bir cənub şəhərində”, “Həyat bizi sınayır”, “Xoşbəxtlik qayğıları”, “Istintaq” (bu əsər 1980-cı ildə 14-cü ümumittifaq kinofestivalının baş mükafatına layiq görülüb), “Özgə həyat”, “Park”, “Qapalı qapılar”, “Ölsəm bağışla”, “Babamın babasının babası”, “Bizi bağışlayın”, “Məni sevdiyini söylə”, “Bağ mövsümü”, “Yaramaz”, “Ulduzlar sönmür”, “Yeddi oğul istərəm”, “Sevinc buxtası”, “O birigün gecəyarısı”, “Işarəni dənizdən gözləyin” və s. filmləri göstərmək olar. Azərbaycan kino tarixində xarici ölkə (Çexoslovakiya) studiyası ilə müştərək çəkilən ilk ekran əsəri isə rejissor Eldar Quliyevin “Səmt küləyi” filmidir.

Azərbaycan kinosunda uşaq filmlərinin istehsalına da geniş yer verilib. Bunlara misal olaraq, “Bir qalanın sirri”, “Sehrli xalat”, “Qərib cinlər ölkəsində”, “Şir evdən getdi”,  “Mən mahnı qoşuram”, “Əzablı yollarla”, “Musiqi müəllimi” və s. filmləri göstərmək olar.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir