Unudulmaz filmlərdə qalan imza

Onun qəhrəmanlarını hamı tanıyır…

Azərbaycan kinosunun inkişafında və parlaq ekran əsərlərinin yaradılmasında rejissorlarımızın da misilsiz xidmətləri var. Belə sənətkarlardan biri də unudulmaz filmlərə öz möhürünü vurmuş görkəmli rejissorumuz Kamil Rüstəmbəyovdur.

Kamil Rüstəmbəyovun quruluş verdiyi filmlər zamanında ümumittifaq ekranında göstərilmək üçün qəbul edilmiş ən gözəl əsərlər sırasına daxildir. 1966-cı ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına dəvət olunan Rüstəmbəyov burada “Dağlarda döyüş”, “Axırıncı aşırım”, “Dərviş Parisi partladır” (Şamil Mahmudbəyovla birgə), “Gözlə məni” bədii filmlərinə, “Mahnı qanadlarında” film-konsertinə quruluş vermiş və bütün bu filmlər ümumittifaq ekranında göstərilmişdir. Onun çəkdiyi “Axırıncı aşırım” kinoromanı isə 1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq kinofestivalında nümayiş etdirilmişdir. Bu filmə çəkilmiş aktyorlardan Adil Isgəndərov Kərbəlayı Ismayıl, Həsən Məmmədov isə Abbasqulu bəy rollarının ifasına görə mükafata layiq görülmüşlər.

Kamil Aslan oğlu Rüstəmbəyov 1924-cü ildə Bakıda anadan olub. 1953-cü ildə Azərbaycan Dövlət Teatr Institutunu bitirən Kamil Rüstəmbəyov 1956-cı ildə Bakı televiziyası fəaliyyətə başlayanda məsul redaktor vəzifəsində çalışmış, televiziyasının ilk yaradıcılarından biri olmuşdur. Sonradan burada böyük rejissor, baş rejissor işləmiş, bir sıra maraqlı verilişlər hazırlamışdır. Rüstəmbəyov eyni zamanda müxtəlif illərdə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rejissor, xalq studiyasında bədii rəhbər, aktyor şöbəsinin bədii rəhbəri, rejissor vəzifələrində də çalışmışdır. 

1960-cı ildə milli televiziyanın tarixində ilk dəfə olaraq şair Səməd Vurğunun “Aygün” poeması üzrə çəkilən eyni adlı tammetrajlı bədii filmə quruluş vermişdi. Telestudiyada “Zəncirlənmiş adam” bədii televiziya və bir sıra sənədli televiziya filmlərini, film-konsertlər çəkmişdir.

Onu da xatırlatmaq yerinə düşərdi ki, “Aygün” Azərbaycan televiziya tarixinə ilk bədii film kimi daxil olmuş və həmin dövrdə publisist Nurəddin Babayev “Kommunist” qəzetində dərc etdirdiyi məqaləsində bu filmi yüksək qiymətləndirmişdi. Sonralar bu ssenari əsasında libretto yazıldı və bəstəkar Zakir Bağırov “Aygün” operasını yaratdı.

O da haqsızlığı görmüşdü…

Rüstəmbəyovun “Azərbaycanfilm” kinostudiyasında fəaliyyəti barədə əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə belə yazır: “Kinostudiyada işlədiyi dövrdə yeni çəkiləcək ”Yeddi oğul istərəm” bədii filminə quruluş vermək Kamil müəllimə tapşırılır. Rejissor ssenarisini hazırlayır, aktyorları seçir, çəkiliş aparacağı yerləri təyin edir, hətta məşqlərə də başlayır. Lakin günlərin birində ssenarini onun əlindən alıb başqasına verirlər. Səbəb? Heç nə – Kamil müəllim kommunist deyildi! Bu hadisə Kamil müəllimə çox pis təsir edir. O, kinostudiyanı tərk edib özünə qapanır. Film isə yubiley filmi idi. Bu əhvalatdan sonra kinostudiyanın direktoru Adil Isgəndərov Kamil Rüstəmbəyovun evinə gəlir; “Bu tələ sənə yox, mənə qarşı qurulmuş tələdir” deyir. Bu qürurlu adam isə baş vermiş bu hadisə ilə heç cür barışa bilmir…”

Yazıçı Fərman Kərimzadənin özünün məşhur “Qarlı aşırım” romanı əsasında ssenarisini yazdığı “Axırıncı aşırım” filmində Kamil Rüstəmbəyov bacarıqlı rejissor kimi bir daha özünü təsdiq etmiş və bu film böyük marağa səbəb olmuşdur. 

Bu ekran əsərindəki hadisələr hadisələr sovet hakimiyyətinin qurulduğu ilk illərdə Azərbaycanın dağ kəndlərinin birində baş verir və filmdə Abbasqulu bəylə Kərbəlayi Ismayılın toqquşması tamaşaçıda böyük maraq doğurur.

Görkəmli yazıçı, rejissor Həsən Seyidbəyli bu film haqqında öz təəssüratlarını belə ifadə etmişdir: “Bu film K.Rüstəmbəyovun uğurudur. ”Dağlarda döyüş” filmindən sonra onun yaradıcılığında əhəmiyyətli addımdır. Ekranda öz taleləri, tərcümeyi-halları və faciələri olan inandırıcı insanlar göründülər. Bütövlükdə maraqlı aktyor ansamblı seçilmişdir. Həsən Məmmədovun ifasında Abbasqulu bəy və Adil Isgəndərovun ifasında Kərbəlayı xüsusilə fərqlənirlər…”

Aydın Kazımzadə bu film haqqında belə yazır: “Filmdə tarixi həqiqətlər müəyyən qədər qorunub saxlansa da, əsl həqiqət belədir ki, Abbasqulu bəy daşnaklar tərəfindən qətlə yetirilib. Kəndlilərin üsyanı isə 1930-cu ildə yatırılmış, 80 nəfər üsyançıdan 63 nəfəri Türkiyəyə keçmişdir. 1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq kino festivalında münsiflər heyətinin üzvü olan Həsən Seyidbəyli danışırdı ki, festival filmləri arasında ”Axırıncı aşırım” daha çox maraqla baxılırdı. Bu, təkcə mənim yox, məsuliyyətli münsiflər heyətinin bütün üzvlərinin fikri idi. Təsadüfi deyil ki, filmin baş qəhrəmanlarını ifa edən Adil Isgəndərov və Həsən Məmmədov “ən yaxşı kişi rollarına görə” mükafatı bölüşdülər”.

K.Rüstəmbəyov televiziyada çalışdığı illərdə Mərkəzi televiziyanın sifarişi ilə “Mahnı qanadlarında” adlı film-konserti də çəkmişdir. Bu film-konsertdə Bakının musiqi və gözəllik aləmi öz əksini tapmışdır.

Aktyor seçiminə xüsusi önəm verirdi…

Kamil Rüstəmbəyov rejissor Şamil Mahmudbəyovla birlikdə   1976-cı ildə milli dramaturgiyamızın banisi M.F.Axundovun  ikinci dram əsərinin motivləri əsasında yazılmış “Dərviş Parisi partladır” kinokomediyasını da çəkmişlər.

K.Rüstəmbəyov çəkdiyi filmlərdə aktyor seçiminə xüsusi önəm verirdi. Bu barədə o deyirdi ki: “Yaxşı aktyor rejissor üçün tapıntı olduğu kimi, yaxşı rejissor da aktyor üçün tapıntıdır”.

Onun çəkdiyi filmlərə nəzər salsaq, yaratdığı gözəl aktyor ansamblının şahidi olarıq: “Aygün”də Nəcibə Məlikova, Həsənağa Salayev, “Zəncirlənmiş adam”da Ağadadaş Qurbanov, Tamilla Ağamirova, “Axırıncı aşırım”da Adil Isgəndərov, Həsən Məmmədov, Məlik Dadaşov, “Dərviş Parisi partladır”da Leyla Bədirbəyli, Həsənağa Turabov, “Gözlə məni”də Rasim Balayev, Amaliya Pənahova və s.

Əməkdar artist Elxan Qasımov rejissor Kamil Rüstəmbəyov haqqında öz fikrini belə ifadə edir: “Biz onu bəy kimi tanımışdıq. O, heç vaxt əyilən kişi deyildi. Bəli, elə kişilər vardı. O, öz qızıllarını satıb ”Aygün” kimi film çəkdi. Biz onunla uzun-uzadı söhbət edərdik. O, heç vaxt bizə “öyrənin” demirdi. Amma onunla söhbətdən sonra öz-özümüzə deyirdik ki, belə olmaq yaxşıdır. Kamil müəllim böyük aktyorlarla işləyirdi. Adil Isgəndərov, Rza Əfqanlı, Həsən Məmmədov, Həsən Turabov, Leyla Bədirbəyli kimi aktyorlar onunla işləməkdən qürur duyurdular. Kamil Rüstəmbəyov bu gün fəxri adı olmasa da, öz heykəlini yaradıb”. 

Məşhur rejissorla televiziyada birgə işləmiş Oktay Babazadə  həmin illəri belə xatırlayır: “Mən televiziyaya gələndə orada artıq Arif Babayev, Kamil Rüsbəmbəyov kimi rejissorlar çalışırdı. Onlar bir-birindən istedadlı rejissorlar idi. Mən Kamilin mərdliyini, insanlığını, sözünü yerində deməyi bacardığını görmüşdüm. Onun rəftarı bizim üçün məktəb idi”. 

Kamil Rüstəmbəyov “Gözlə məni” tarixi-inqilabi filmini də çəkmişdir. Bu film görkəmli dramaturq Ilyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” pyesinin motivləri əsasında çəkmişdir. Filmdə 1917-1920-ci illərdə Azərbaycanda baş verən tarixi hadisələrdən – inqilab dalğasının Dağlıq Qarabağın ən ucqar guşələrinə belə gedib çıxmasından, Qırmızı Ordu dəstələrinin yerli feodalların hakimiyyətini öz əllərinə almalarından və burada yeni qayda-qanun yaratmalarından danışılır.

Yaratdığı və quruluş verdiyi neçə-neçə ekran əsərləri ilə rejissor Kamil Rüstəmbəyov adı kino tariximizdə əbədi yaşayır…

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir