Filmə çəkilən nağıl qəhrəmanları…

Kino tariximizdə açılan yeni səhifə 

Azərbaycanda cizgi filmlərinin maraqlı bir tarixi var. Cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərindən başlayır.  1933-cü ildə “Azərbaycanfilm” studiyasında “Lökbatan” və “Neft simfoniyası” sənədli filmləri çəkilərkən texniki animasiyadan,  “Cat” təlimat filmində isə animasiyadan bütünlüklə istifadə olunmuşdur. Bu film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilmişdir.

Bu film ekranlara çıxdıqdan sonra isə kinostudiyada bir qrup cizgi filmi yaratmaq barədə təşəbbüs göstərdi. Ilk film  üçün isə mövzu Azərbaycan xalq nağıllarından götürüldü.  A.Papovun yazdığı ssenari  Abbasın bədbəxtliyi” adlanırdı və gənc rejissor E.Dikaryov bu ssenariyə quruluş vermişdi.  Rəsmləri rəssamlardan Q.Xalıqov, C.Zeynalov, M.Maqomayev və Ə.Mirzəyev çəkmişlər. Filmin operatoru Q.Yegiazarov idi.

Studiya çəkilişinə hazılıq görülən ikinci cizgi filminin adı “Sindbad dəniz səyyahıdır” idi və Ikinci Dünya müharibəsinin başlanması səbəbindən işlər yarımçıq qaldı. 

1960-cı illərin sonlarından başlayaraq kinostudiyada cizgi filmlərinin çəkilişi üçün şərait yaradıldı və 20 nəfərdən ibarət rəssamlar qrupu müəyyən edildi. Hətta studiyada xüsusi kurslar açıldı və burada cizgi filmi sənətinin sirləri öyrədilməyə başlandı. 

1968-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında cizgi filmləri sexi bərpa olundu və kinostudiyanın “Cırtdan” cizgi filmləri 1969-cu il fevralın 28-də “Cırtdan” adlı xalq nağılının motivləri əsasında eyni adlı cizgi filmin istehsalı başa çatdırıldı. 1969-cu ildə ekranlara buraxılan bu film uzun müddət kinoteatrlarımızın ekranlarından düşmədi. Beləliklə, “Cırtdan”ın istehsalı ilə Azərbaycanda cizgi filmləri tarixində ikinci dövr başlandı.

Kinostudiyanın cizgi filmləri şöbəsində artıq 70-ci illərdə 20-dən çox cizgi filmi istehsal olunmuşdur. 1970-ci ildə multiplikatorlar kinonun bu növündə üç filmə ekran həyatı vermişdilər. Bunlardan ikisi “Ayı və siçan” (rej. N.Məmmədov) və “Şir və öküz” (rej. A.Axundov) mikrofilmlərdir.

Ikinci film o vaxt “Kaleydoskop-71″ ümumittifaq kinoalmanaxına daxil edilmişdir.

Üçüncü – “Fitnə” (rej. A.Axundov) rəngli applikasiya filmidir. Bu film isə dahi Azərbaycan şairi N.Gəncəvinin eyniadlı nağıl-novellasının motivləri əsasında çəkilmiş, təsvirin işlənməsi (rəssam E.Rzaquliyev) orta əsr Azərbaycan miniatür sənəti üslubunda həll olunmuşdur. “Pıspısa xanım və Siçan bəy” (1974) və “Cücələrim” (1980) cizgi filmlərində (rej. A.Axundov) orijinal plastik həllin axtarışları aydın nəzərə çarpır. 1971-ci ildə A.Şaiqin eyniadlı əsəri əsasında çəkilmiş “Tülkü həccə gedir” (rej. N.Məmədov, B. Əliyev) cizgi filmi istər üslub, istərsə də sənətkarlığa görə ən maraqlı işlərdəndir. “Çaqqal oğlu çaqqal” kukla filmi (1972, rej. M.Rəfiyev) ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmidir.

Balacalar üçün onlarla maraqlı film…

“Vikipedia”nın məlumatına görə, filmlərin yaradılması üzərində rəssam – multiplikatorların böyük qrupu işləmişdir. A. Axundov, N. Məmmədov və M. Rəfiyevdən başqa M. Pənahi, B. Əliyev, H. Əkbərov, F. Quliyeva, Ə. Məmmədov da kinostudiyada cizgi filmləri yaratmışlar.

“Toplan və kölgəsi” (1977), “Sonrakı peşmançılıq” (1978) və “Sehrlənmiş küpə” (1979) cizgi və applikasiya filmlərində (rej. N. Məmmədov) xeyirxah, nəcib olmağın vacibliyindən, əməksevərlikdən, böyüklərə hörmətdən və digər insani keyfiyyətlərdən danışılır. “Qız qalası əfsanəsi” cizgi filmi (1978) adından göründüyü kimi Azərbaycan xalq əfsanəsinin motivləri əsasında yaradılmışdır.

XX əsrin 80-ci illərində kinostudiyada 38 adda cizgi filmi istehsal olunmuşdur. Bunlardan “Cücələrim”, “Meşəyə insan gəlir”, “Sehrli ağac”, “Taya”, “Dəcəl dovşan”, “Sandıq”, “Sən belə cumbulusan”, “Sehrli ləçək ”, “Uçan zürafə”, “Qəribə əjdaha”, “Təqib”, “Yatmaq vaxtıdır”, “Balaca çoban”, “Humayın yuxusu”, “Sakit Yonun macəraları”, “Ana ağaca qonub” və s. cizgi, “Xeyir və Şər”, “Cırtdan-Pəhləvan”, “Uşaq və külək”, “Akvarium”, “Cırtdan və div”, “Yeni il əhvalatı”, “Sehrli naxışlar” applikasiya üsulu ilə çəkilmişdir.

Həmin dövrdə çəkilmiş “Cücələrim” adlı cizgi filmi (rec. A.Axundov) tez bir zamanda populyar olmuşdur.

Cizgi filmlərinin səsləndirilməsi də çox maraqlı məqamlardandır.  Görkəmli estrada müğənnisi Flora Kərimova cizgi filmlərinin qəhrəmanlarını səsləndirənlərdən biridir. Flora xanım bu barədə deyir: “Multiplikatorla çox işləmişəm. Bəstəkarlar məni güclə səsyazma studiyasına aparırdılar. Məsələn, əgər səsyazma saat 12-də idisə, Oqtay Rəcəbli saat 9-da gəlirdi ki, o vaxta qədər məni yola gətirsin. Həvəsim olmurdu oxumağa. Amma oxuyanda həvəslə oxuyurdum. Başqa cür ola da bilməzdi. Peşəkarlığım buna yol verməzdi”. Görəsən multiplikasiya artistin yaradıcılığında hansı yeri tutur? Flora xanım bu suala belə cavab verdi: “Istedaddan asılıdır. Müğənnilər arasında deyəsən, mən yeganə adam idim ki, cizgi filmlərindəki obrazları səsləndirirdim. Bəstəkarın, ssenari müəllifinin, rejissorun nə istədiyini tez qavrayırdım. Yəqin ki, gənc müğənnilər arasında da bu işi bacaranlar olacaq.”

Uşaq filmlərinin incə işləri…

Xatırladaq ki, 1974-cü ildə Ağanağı Axundovun çəkdiyi “Pıspısa xanım və Siçan bəy” cizgi filmində Pıspısa xanım obrazını da Flora Kərimova səsləndirib. Flora Kərimova cizgi filmlərində filmin musiqili hissəsini səsləndirməklə yanaşı, həm də danışıq hissəsini səsləndirib.

Ümumiyyətlə, Flora xanımın  səsləndirdiyi cizgi filmlərinin sayı çoxdur: “Pıspısa xanım və Siçan bəy”, “Humayın yuxusu”, “Tülkü həccə gedir”, “Şahzadə” “Qara qızıl”, “Sonrakı peşmançılıq”, “Toplan və onun kölgəsi”, “Ana laylası” və sair. Flora xanım müxtəlif cizgi filmlərində Turac, Maral, Tülkü, Ulaq, Qurbağa və Canavar obrazlarını  da səsləndirib. 

Bir neçə bədii filmin və bir sıra cizgi filminin ssenari müəllifi, quruluşçu rəssamı və rejissoru, əməkdar rəssam Arif Məhərrəmovun çəkdiyi bir çox cizgi filmlərinin obrazlarını Şahmar Ələkbərov səsləndirdiyi məlumdur.   “Münəcimin şagirdi” filmində bir neçə müxtəlif obrazı səsləndirən Şahmar Ələkbərov, “Yatmaq vaxtıdı” cizgi filmində də müəllifin sözlərini oxuyub.

Arif Məhərrəmov: “Dədə Qorqud” dastanının boyları əsasında çəkdiyim “Əkrək və Səkrək” cizgi filmində Həsən Məmmədovla, “Basat və Təpəgöz”də Yaşar Nuri, Ramiz Əzizbəyli, Nuriyyə Əhmədova, Elxan Cəfərov kimi maraqlı aktyorlarla işləmişəm. Yaşar Nuri Təpəgözü, Ramiz Əzizbəyli Aruz xanı, Nuriyyə Əhmədova dayəni, Elxan Cəfərov Basatı səsləndirmişdi. “Qaravəlli-2″ də isə Səyavuş Aslanın səsini eşidirsiniz…” 

Azərbaycan cizgi filmlərinin tarixində böyüklər üçün nəzərdə tutulmuş cizgi filmlərinin çəkildiyi də məlumdur.  N.Gəncəvinin “Xeyir və Şər” əsərinin motivləri əsasında recissor N.Məmmədovun çəkdiyi eyniadlı applikasiya filmi bu qəbildəndir. 

Kinostudiyada yarıqabarıq kukladan ilk dəfə rejissor A.Məhərrəmovun  çəkdiyi “Münəccimin şagirdi” cizgi filmində   istifadə olunmuşdur. 

1990-cı ilin aprel ayında kinostudiyada multiplikasiya sexinin adı da dəyişdirilərək “Azanfilm” Yaradıcılıq-Istehsalat Birliyi oldu. “Azanfilm” markası altında  XX əsrin 90-cı illərində 19 cizgi filmi çəkilmişdir. Bunlardan rejissor V.Talıbovun “Bir dəfə haradasa…”,  Ş,Nəcəfzadənin “Ithaf” rejissor A.Məhərrəmovun  “Sərkəyin dastanı”,  rejissor N.Məmmədovun “Göyçək Fatma”, “Karvan”  və s. cizgi filmlərini göstərmək olar…

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir