Tarixin zəngin irsini qoruyan arxivimiz

Qafqazda ilk dövlət arxivi

Azərbaycan tarixinin yazılı irsini mühafizə edən dövlət arxivinin yaranması ölkədə sovet hakimiyyəti qurulmasının ilk ilinə təsadüf edir. Arxivin əsası 1920-ci il dekabr ayının 6-da Azərbaycan Inqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış “Vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında” dekretlə qoyulmuşdur.

 Bu dekretə əsasən Azərbaycan ərazisində keçmişdə mövcud olmuş və dekret verilərkən fəaliyyətdə olan idarə, təşkilat və müəssisələrin arxivləri Vahid dövlət arxiv fondunun tərkibinə daxil edilməli və kargüzarlıqdan qurtarmış işlər isə mərkəzi dövlət arxivinə verilməli idi. 1921-ci ilin yanvarından isə Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi kimi fəaliyyətə başladı. 

2002-ci ildəÿAzərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv Idarəsinin bazasında Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi yaradıldı. Bu idarəyə  tabe olan respublika əhəmiyyətli 6 dövlət arxivi, Dövlət arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının dövlət arxivi, habelə 55 rayon və şəhər dövlət arxivləri mövcuddur.

Azərbaycanda arxiv quruculuğu tarixi uzun və çox çətin bir yol keçmişdir. Müxtəlif dövrlərdə burada yaranan qiymətli arxiv sənədləri ya məhv edilmiş, ya da xarici işğalçılar tərəfindən talanıb aparılmışdır. Təsadüfi deyildir ki, bu gün Avropa, Asiya, Amerikanın müxtəlif ölkələrinin muzey və arxivlərində Azərbaycan tarixinə aid çoxlu qiymətli sənədlər və nadir əlyazmalar saxlanmaqdadır.  

1922-ci ildə SSRI-nin yaranması ilə əlaqədar olaraq arxiv fondları ilə bağlı səlahiyyətlər müttəfiq respublikaların əlindən alınaraq arxiv təşkilatları ittifaq-respublika tabeli orqana çevrilir, onların işinə məhz Moskvadan rəhbərlik edilməyə başlanılır. Bu isə o demək idi ki, arxivlər öz işləri haqqında respublika hakimiyyət orqanları qarşısında deyil, ittifaq təşkilatları qarşısında hesabat verməli idilər. Əvvəlcə Daxili Işlər Nazirliyinin Baş Arxiv Idarəsinə, sonra isə SSRI Nazirlər Soveti yanında Baş Arxiv Idarəsinə hesabat verir, onlara əməli rəhbərlik də bu təşkilat tərəfindən həyata keçirilirdi.

1980-ci il aprel ayının 4-də SSRI Nazirlər Soveti tərəfindən təsdiq edilmiş Dövlət arxiv fondu haqqında yeni Əsasnaməyə bu da əlavə edilmişdir ki: “SSRI Dövlət Arxiv Fondu SSRI Nazirlər Soveti yanında Baş Arxiv Idarəsinin sərəncamındadır”. Göründüyü kimi, bütün ittifaq ərazisindəki arxivlər mərkəzə – SSRI Nazirlər Soveti yanında Baş Arxiv Idarəsinə tabe edilmişdir. Yəni başqa müttəfiq respublikalar kimi Azərbaycan da faktiki olaraq özünün mənəvi sərvətləri olan arxivlərinin tam hüquqlu sahibi deyildi.ÿÿ

Ölkə boyunca yaranan arxiv fondları

Azərbaycan Respublikası Baş Arxiv Idarəsinin rəisi Ataxan Paşayevin yazdığına görə, “Azərbaycanda sovet hakimiyyətinin ilk illərində respublikanın arxivçiləri çar hakimiyyəti orqanlarının Bakı və Yelizavetpol quberniyalarındakı idarələrin, Azərbaycan ərazisində fəaliyyət göstərmiş xüsusi firmaların, ictimai təşkilatların, habelə 1918-1920-ci illərdə yaranmış ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə aid sənədlərin toplanılması və qaydaya salınması sahəsində fəaliyyət göstərmişlər.ÿ 

1922-ci ilin avqustunda Mərkəzi Dövlət Arxivinə rəhbərlik bilavasitə Azərbaycan SSR Mərkəzi Icraiyyə Komitəsinin Rəyasət (MIK) Heyətinə həvalə olunur ki, bu da arxiv orqanlarının nüfuzu və rolunun artmasına kömək edir. 20-ci illərdə yerlərdə də arxiv təşkilatları yaradılırdı. 1925-ci il dekabrın 13-də Naxçıvan Muxtar Respublikasında Mərkəzi arxiv, 1928-ci ildən isə Azərbaycanın qəzalarında qəza arxiv bürolarının yaradılmasına başlanılır.ÿ

1938-ci ildə bütün sovetlər birliyində olduğu kimi Azərbaycanda da arxiv təşkilatları Xalq Daxili Işlər komissarlığının tabeçiliyinə verilmiş, 1960-cı ilə qədər bu tabeçilik davam etmişdir ki, bu da arxivlərdə elmi-tədqiqat işlərinin aparılmasına və arxiv sənədlərindən istifadəyə böyük maneələr yaratmışdır. 

1960-cı ildə keçmiş ÿSSRI-nin bütün respublikalarında arxiv təşkilatları Daxili Işlər Nazirliyinin tabeliyindən  Nazirlər Sovetinin tabeliyinə verilir və yalnız bundan sonra arxiv işinə və arxiv sənədlərindən istifadəyə diqqət artırılır, dövlət arxivləri şəbəkəsinin yenidən qurulması və genişləndirilməsi işinə başlanır.

Ataxan Paşayev bu barədə belə yazır: “1966-cı ildə Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və Incəsənət Arxivi, 1968-1969-cu illərdə isə Azərbaycan SSR Mərkəzi Dövlət Səs Yazıları Arxivi və Mərkəzi Dövlət Elm,Texnika və Tibb Sənədləri Arxivi, 15 şəhər və rayon mərkəzlərindəÿ Mərkəzi Dövlət Oktyabr Inqilabı Arxivinin filialları yaradılır, 50 rayon dövlət arxivi isə sənədlərin müvəqqəti mühafizəsini həyata keçirən dəyişən tərkibli arxivlərə çevrilir.ÿ

SSRI dağıldıqdan sonra keçmiş partiya arxivi Baş Arxiv Idarəsinin sərəncamına verilərək Nazirlər Kabinetinin qərarı ilə onun bazasında Azərbaycan Respublikası Siyasi Partiyalar və Ictimai Hərəkatlar Arxivi yaradılır.

 

Bu gün Azərbaycan Respublikasının arxiv sisteminə bilavasitə Milli Arxiv Idarəsinə tabe olan respublika əhəmiyyətli 6 dövlət arxivi, Dövlət arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının dövlət arxivi, habelə 55 rayon və şəhər dövlət arxivləri daxildir.

1991-ci ildə keçmiş SSRI dağıldıqdan sonra Azərbaycan xalqı öz mənəvi sərvətləri olan arxivlərə sahib ola bildi. Illərlə qapalı saxlanmış bu arxiv materiallarından tariximizin tədqiqində və həqiqətlərin ortaya qoyulmasında geniş istifadə olunmağa başlandı. Beynəlxalq arxiv təşkilatları və ayrı-ayrı dövlətlərin arxiv xidməti orqanları ilə əlaqələr yaradan Baş Arxiv Idarəsi 1996-cı ildə YUNESKO yanında Beynəlxalq Arxiv Şurasına tam hüquqlu üzv qəbul edildi. Arxivlərimiz Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin arxivləri ilə yanaşı, bir sıra qonşuÿölkələrin arxivləri, xüsusilə Türkiyə və Iran arxivləri ilə geniş əlaqələr yaratdı. Bu gün ABŞ, Ingiltərə, Fransa, Almaniya, Türkiyə, Iran, Belçika, Polşa və başqa ölkələrdən olan tədqiqatçılar respublikamızın arxivlərində saxlanılan elmin müxtəlif sahələrinə aid sənədlərdən geniş istifadə edirlər. 

Milli arxiv fonduna Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş və fəaliyyət göstərən təşkilatların qanunvericilik aktları, idarəetmə sənədləri, məhkəmə və prokurorluq orqanlarının sənədləri; statistika, elmi, texnologiya, normativ-texniki, layihə, konstruktor, patent, kartoqrafiya sənədləri, kino, foto, fono (səs yazıları), video materialları, dizayn işləmələri və memarlıq layihələri; əlyazmaları, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları; sənət əsərləri, elmi, ədəbi və musiqi əsərləri; partiya, ictimai və qeyri-dövlət təşkilatlarının sənədləri; gündəliklər, memuarlar, məktublar və şəxsi xarakterli digər sənədlər daxildir.ÿ

Milli Arxiv Idarəsi sistemində sənədlərin bərpası, cildlənməsi, qiymətli və nadir sənədlərin sığorta fondunun yaradılması üçün xüsusi laboratoriya daÿfəaliyyət göstərir.ú

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir