Məhəmməd peyğəmbərin, Əbu Bəkir və Ömərin qəbirləri buldozer qabağına verilir
Səudiyyə Ərəbistanı dünyanın ən əhəmiyyətli İslam miraslarından olan Məscid-i Nəbəvini sökməyə hazırlaşır. Bu barədə “Russia Today” xəbər yayıb.
Xəbərdə bildirilir ki, Məhəmməd peyğəmbərin məzarının da yerləşdiyi bu məscidin yerində yenisi tikiləcək. Yeni məscid 6 milyard dollarlıq nəhəng bir tikili olacaq.
Hicrətdən sonra Mədinədə Məhəmməd peyğəmbər və əshabələri tərəfindən inşa edilən, Peyğəmbər Məscidi kimi də tanınan Məscid-i Nəbəvi Məkkədəki Məscidi-Haramdan sonra İslam dünyasının ən müqəddəs abidəsi sayılır. Orada Məhəmməd peyğəmbərlə yanaşı Əbu Bəkir və Ömərin də qəbirləri var.
Peyğəmbər Mescidini bu ilki Həcc dövrü bitən kimi, yəni noyabrın sonlarından etibarən sökmək planlaşdırılır. Hələlik müsəlman aləmindən buna hər hansı reaksiya yoxdur.
Plana əsasən, Məscid-i Nəbəvi yenidən inşa ediləndən sonra 1.6 milyon nəfərlik tutumuyla dünyanın ən böyük binası olacaq.
Səudiyyə rəsmiləri hər il böyük ziyarətçi axını olan müqəddəs məkanın genişlədirilməsinə ehtiyacın olduğunu söyləyərək layihəni müdafiə edir, amma tikinti işlərinin məscidin ətrafına və ən qədimi 7-ci əsrdən qalma tarixi strukturlara təsirinin necə olacağına aydınlıq gətirmir.
Vaşinqtonda yerləşən “Gulf Institute” adlı elmi mərkəzin araşdırmasına görə, son 20 ildə Məkkə və Mədinədə olan tarixi binaların 95 faizi sökülüb, onların yerində yeni binalar tikilib.