Türkiyə mediası Əliyevlərin gizli biznesindən elə başlıqlarla danışdı ki… (FOTOLAR)
Türkiyə mediası Əliyev senzurasını qaldırdı
Dövlət başçısı İlham Əliyev və ailəsinin gizli biznesi haqda son məlumatlar dünyaca məşhur 38 xarici mediada olduğu kimi, Türkiyə mətbuatında da “bomba” effekti ilə əksini tapıb. Bu faktı eyni zamanda, qardaş ölkə mətbuatında Əliyevlərlə bağlı senzuranın aradan qaldırılması kimi də qiymətləndirmək olar. Çünki Türkiyə mediası adətən Azərbaycan hakimiyyətilə bağlı tənqidi materialları “xəsisliklə” yayımlayırdı
Türkiyənin ən populyar qəzetlərindən olan “Milliyet” manşetdən verdiyi xəbərə elə bu cür də başlıq seçib: “Bu bomba dünyayı sarsar!”. Xəbər İlham Əliyevin qızları Leyla və Arzu Əliyevaların birgə şəkili altında verilib.
Qəzet ICIJ-in 170 ölkədən 130 mindən artıq nüfuz sahibini əhatə edən 260 gigabyte həcmində araşdırmasını məşhur “WikiLeaks” sənədləri ilə müqayisə edərək, ona “Offshore Leaks” adını verib. Araşdırma barədə təffərüatların Əliyevlərə aid hissəsi bu başlıqla ayrılır: “Ən böyük bomba Əliyev ailəsi”. Bu hissədə yazılır:
“Offshore Leaks”ın ortaya çıxardığı siyasətçilər arasında ən əhəmiyyətli ad Azərbaycan prezidenti İlham Əliyev və ailəsi oldu. Əliyevin ailə üzvlərinin ən az 4 offshore şirkətdə pay sahibi olduqları ortaya çıxdı. Bundan əlavə, ölkədə 4.5 milyard dollarlıq inşaat tenderi qazanan Hassan Gozal adlı iş adamının prezidentin qızları Arzu və Leylanın adına Vircin adalarında qurulan offshore şirkətlərinə də direktorluq etdiyi aydın oldu. Sənədlər ayrıca Arzu və Leylanın 2008-ci ildə ataları ikinci dəfə ölkə başçısı seçildikdən 2 ay sonra şirkətləri öz üzərlərinə götürdüklərini göstərir. Qızların ünvan olaraq göstərdikləri Dubaydakı lüks evin dəyəri isə ən azı 6 milyon dollar olaraq hesablanır”.
Ölkənin populyar xəbər saytlarından olan “Timeturk” isə ICIJ-ın araşdırmasını “Əliyev Azərbaycanı belə udub” başlığı ilə verib.
ICIJ-in araşdırması “32 trilyon dollarlıq sızıntı; Əliyev siyahı başında” başlığı ilə təqdim edən “Hürriyet” qəzeti də Əliyevlər ailəsinin gizli biznesinə xüsusi diqqət ayırıb. Qəzet bu hissəni “Azərbaycanda Əliyev təsərrüfatı” başlığı ilə ayırıb.
Türkiyənin başqa bir populyar qəzeti “Vətən” də “Offshore Leaks”da Əliyevlərin biznesi haqda məlumatlara fokuslaşıb. Qəzet materialı bu başlıqla verib: “Gizli hesablara suçüstü; Əliyevin qızlarının offshore şirkətləri ortaya çıxdı”.
Bəzi saytlar “WikiLeak”dən sonra sızan ən böyük xəbər” başlığı ilə Əliyevin offşor zonalardakı pullarından yazıb.
Cesurgazete.com saytı isə manşet xəbərini bu başlıqla yayıb: “Azərbaycan Əliyevin ferması imiş”. Məşhur xəbər saytı cnbce.com “İlham Əliyevə pis xəbər” başlığı ilə sözügedən araşdırmadan bəhs edib. Xəbərdə Ilham Əliyevin Dubaydakı mülklərinə də toxunulub.
Habertürk.com da “32 trilyonluq qaçaq pul” başlığıyla Ilham Əliyev və ailəsinin mülklərindən yazıb. Haberpi.com saytı isə sözügedən xəbəri bu başlıqla təqdim edib: “Dünya prezident Ilham Əliyevin qızlarından danışır”.
Ozgurdurum.net portalı da Əliyev ailəsinin gizli biznesinə diqqət yetirib: “Sənədlər, 2003-cü ildə Ilham Əliyevin Azərbaycan parlamentində vəzifədə olarkən eyni zamanda, offşor şirkətlərin başçısı olduğunu göstərir. Atası Heydər Əliyevin ölümü və həmin ilin oktyabr ayında özünün prezident olmasından sonra da o, offşor işini 2004-cü ilin ortalarına qədər davam etdirib. 2008-ci ildən sonra isə qızlarının adı ilə bu iş davam etdirilib. Halbuki, Azərbaycan Konstitusiyasında prezidentin, Milli Məclis üzvlərinin ticarətlə məşğul olması qəti şəkildə qadağan olunur”.
Türkiyənin onlarla başqa xəbər saytları və qəzetləri, eləcə də “Euronews”un Türkiyə xidməti də İlham Əliyevin offşor zonalardakı qaçaq pullarından bəhs edən yazılar yayımlayıblar.
Bəyim Həsənli