Bakıda, Yasamal rayonunda yerləşən Məhsul stadionunda (İnşaatçılar metrostansiyasının yanı) Milli Şuranın etiraz mitinqi keçirilib. Mitinq Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılıb və saat 15-dən 17-dək davam edib. Mitiqin şüarı “Talana son, monarxiyaya yox, siyasi məhbuslara azadlıq” olub.
Mitinqin gedişi barədə xəbərlər videolardan sonra.
Milli Şuranın mitinqi (CANLI)Canlı blogumuzu da izləyə bilərsiniz: https://www.azadliq.org/a/milli-shura-baki-mitinq-8-aprel/28418029.html
Publicerat av AzadliqRadiosu den 8 april 2017
Milli Şuranın mitinqi davam edir (CANLI)Buradan Canlı blogumuzu da izləyə bilərsiniz https://www.azadliq.org/a/milli-shura-baki-mitinq-8-aprel/28418029.html
Publicerat av AzadliqRadiosu den 8 april 2017
Mitinqin aparıcısı AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyndir. O, açılış zamanı ölkədəki ictimai-siyasi vəziyyətə toxunaraq deyib: “Biz artıq neçənci dəfədir ki, “Talana yox”, “Yalana yox” tələbləri ilə mitinqlər keçiririk. Təəssüflər olsun ki, bu tələblər hələ də qüvvədədir, nə yalanın miqyası azalıb, nə talanın. Hələ üstəlik yeni tələb də əlavə olunub – “Monarxiyaya yox” Hansı sahəyə baxırsan tənəzzül boylanır. İnsanların üzündə kədər, dərd məskən salıb. Sanki o milyardların axdığı plkə bura deyil. Milyardlar bu ölkəyə axır, amma Gürcstanın iqtisadiyyatı artır. Milyardlar bu ölkəyə axır, amma düşmən ölkədə əmək haqqı bizdəkindən yüksəkdir. Ölkəyə milyardlar axır, amma vətəndaşlarımız dolanışıq səbəbindən ölkəni tərk edirlər.
Əziz həmvətənlər, ölkənin xilası öz əlimizdədir. Ruhdan düşməyə, ümidsiz olmağa haqqımız yoxdur. Vətəndən küsməyə, vətənə arxa çevirməyə, vətənlə sağollaşmağa tələsməyək, vətənə salam verməyə tələsək.
Biz zülmün göstəridiyi nümunələrə baxmalı deyilik, zülmlə döyüşənlərin yaratdığı nümunələrdən ilhamlanmalıyıq. Zülmkarların atdığı daşa əyilməməliyik, zülmə daş atanların yanında olmalıyıq…”.
Çıxış üçün ilk söz AXCP sədri Əli Kərimliyə verilib.
“Biz bu meydana gəlməyə bilməzdik. “Talan yox, yalana yox, monarxiyaya yox, siyasi məhbuslara azadlıq” deməyə bilməzdik. Bu ölkənin onlarla ləyaqətli insanı həbsdədir. Onları düşüncələrinə, görə həbs ediblər. Onlara azadlıq tələb etməyə bilməzdik!” deyən Əli Kərimli siyasi məhbusların bir çoxunun adını çəkməklə xatırladıb.
AXCP sədri qeyd edib ki, “Monarxiyaya yox” tələbi ilə meydana çıxmaları səbəbsiz deyil: “Biz bu meydana gəlmişik ki, monarxiyaya yox deyək. Niyə monarxiyaya yox? Çünki bu ölkə faktiki olaraq 45 ildir bir ailə tərəfindən idarə olunur. Heç bir özünə hötmət edən millət bu halından məmnun ola bilməz… Yetər artıq bu ölkənin yeraltı-yerüstü sərvəti, siyasi və iqtisadi hakimiyyəti yalnız bir ailəyə məxsus oldu…”.
Əli Kərimli deyib ki, ölkədə bir ailənin sonsuz hakimiyyəti naminə məhkəmə və seçki sistemini, azad mətbuatı, parlamentarizmi məhv ediblər, azadlıq və ədaləti ayaqlar altına atıblar.
“Biz bu meydana gəlmişik ki, korrupsiyaya, talana yox deyək. Çünki bilirik ki, onların mənimsədiyi milyardlar bizimdir, bu xalqındır. Neft gəlirlərini talan etdilər, ölkəni borc bataqlığına saldılar. Özləri qazandılar, milləti çörəyə möhtac elədilər. Millət də bura gəlib ki, korrupsionerlərdən bunun hesabını sorsun”.
AXCP sədri Azərbaycan hakimiyyəti barədə beynəlxalq səviyyədə aşkarlanan korrupsiya faktlarının artıq adi hala çevrildiyini bildirib.
Əli Kərimli çıxışında xalqı ölkədə dəyişikliklər uğrunda mübarizədən vaz kçeməməyə çağırıb. “Mübarizənizdən vaz keçməyin. Əzmimizlə mübarizədə qalib gələcəyik. Azərbaycan xalqı diktaturaya layiq deyil. Mən xalqımın bacaracağına inanıram. Azərbaycanda hüququn aliliyi hakim olacaq”, – deyə o vurğulayıb.
Növbəti çıxışçı AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli olub.
“1988-ci ildə xalqımız müstəqillik uğrunda meydanlara axışdı. Müstəqilliyi əldə etdik, ancaq müstəqilliyi, demokratiyanı dada bilmədik”, – deyə o qeyd edib.
N.Məmmədli pensiya yaşının artırılmasına diqqət çəkərək, hökumətin xalqı taladığını, hətta yaşlı, ahıl insanların haqlarına belə, sayğı göstərmədiyin deyib.
“2.5 milyon soydaşımız hakimiyyətdəki bir neçə nəfərə bağlı bankların əlində kredit girovuna çevrilib. Bu hökumətin bizə verdiyi budur. 150 milyardlıq neft pulunu mənimsədilər. Ölkəni korrupsiya bataqlığına saldılar. Ləyaqətli oğulları həbsxanalara doldurdular. Biz xalqın bu duruma düşürülməsinə heç vaxt biganə qalmadıq, qalmayacağıq”, – deəy o vurğulayıb.
Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli də çıxışında xalqı hüquqları uğrunda davamlı mübarizəyə səsləyib.
“Heç kim azadlığa, demokratiyaya mübarizəsiz nail olmayıb. Heç bir topluma azadlığı, demokratiyanı ovuc içində vermirlər. Azadlıqları heç kimə vermirlər, azadlıqlar alınır. Həm də bu şərəf, ləyaqət məsələsidir… Doğrudur, biz bu gün Azərbaycanda bərqərar olan rejimi dəyişə bilmirik. Ancaq belə düşünənlər bilsinlər ki, hökumətin Azərbaycanı Özbəkistana, Türkmənistana çevirməsinə imkan verməmişik”, – deyə o bildirib.
G.Hacıbəyli çıxışında ölkədə səhiyyənin, təhsilin, həyatın bütün başqa sahələrinin bərbad hala salınmasından, ədalətsizliyin hökm sürməsindən danışıb, korrupsiya və siyasi məhbuslar probleminə diqqət çəkib.
O, sonda Avropa Birliyinin Gürcüstanın və Ukraynaya vizanı ləğv etməsini xatırladaraq, Azərbaycanın da Avropaya inteqrasiya etməli olduğunu vurğulayıb.
Mitinqdə gənclər adından AXCP Rəyasət Heyətinin üzvü Emil Səlimov çıxış edib. O, gənclərin yarıtmaz idarəçilik səbəbində üzləşdiyi problemlərdən və demokratiya uğrunda mübarizədə iştiraklarından danışıb.
Sonda Milli Şuranın sədri Cəmil Həsənli çıxş edib. O, ölkədə korrupsiyanın, monopoliyanın tüğyan etdiyini, bunun başında isə şəxsən plkə başçısı İlham Əliyevin dayandığını bildirib.
“Ölkə korrupsiyaya bataqlığına dönüb. Bunla mübarizə görüntüsü yaradılar. Müxtəlif tədbirlərin görüldüyünü bildirirlər. Faydası yoxdur. Çünki bu korrupsiyanın başında prezident İlham Əliyevin özü dayanır. Ölkədə monopoliya qurulub. Hər şeyə, ixraca, idxala, bütün qiymətlərə özləri nəzarət edirlər. Monopoliyaya ilə tədbirlər görüntüsü yaradırlar. Guya, hansısa tədbirlər görürlər. Ancaq heç bir faydası yoxdur. Çünki monopoliyanın başında da İlham Əliyevin özü dayanır”, C. Həsənli bildirib.
Milli Şura sədri sonra da deyib: “Konstitusiyanı hər 3-5 ildən bir dəyişdirdilər. Bu dəyişiklər demokratiyanı genişləndirməyə xidmət etdimi? Hamısının məqsədi Əliyevlər xanədanının hüquqlarını daha da genişləndirmək, hakimiyyətin bir ailənin əlində toplanmasına hüquqi əsalar yaratmaq idi. Hələ onu da deyirlər ki, “biz idarəçilik sahəsində dünyaya nümunə veririk”. XXI əsrdə bir prezident sərəncam verib öz həyat yoldaşını vitse-prezident təyin edirsə, bu dünyaya hansı nümunədir”.
Cəmil Həsənli Milli Şuranın təşkil etdiyi etiraz aksiyalarının məqsədlərinə toxunaraq deyib ki, niyyətləri milləti azad dünya içində görmək, xalqın azad və firavan yaşamasını təmin etməkdir.
“Bizimlə eyni coğrafiyada olan bir çox ölkələr, artıq Avropaya inteqrasiya ediblər. Halbuki, Azərbaycan öz imkanlarına, sərvətlərinə görə, həmin ölkələrdən daha tez qabaqcıl dünyaya inteqrasiya olunmalı idi. Ancaq, ölkəmizin başında duranlar xalqın sərvətini talayıb buna imkan vermədilər. Bunun bədəlini də xalq ödəməli oldu. Xalqın hansı sərgərdan durumda olduğu hamımıza bəllidir. Sağlamlığını, əməyini öz ölkəsinə qurban vermiş insanları hökumət 100 manat verməklə dəyərsiz hala salıb”, deyən C. Həsənli qeyd edib ki, xalqın əzmi, iradəsi ortalıqda olmadıqca, bu durum dəyişməyəcək.
O, siyasi məhbus problemi haqda da danışıb, 100-dən artıq günahsız insanın mövqeyinə görə, həbs edildiyini bildirib. C.Həsənli Milli Şura adından hökumətdən bütün siyasi məhbus sayılan şəxslərin azad olunmasını tələb edib.
Mitinq qətnamənin oxunması ilə başa çatıb. Qətnaməni AXCP GK İdarə Heyətinin üzvü Turan İbrahim oxuyub. Qətnamədə bildirilir ki, ölkə siyasi və sosial-iqtisadi baxımdan fəlakətə sürüklənir, indiyədək yürüdülən talan siyasətini daha rahat davam etdirmək üçün ailə hakimiyyəti möhkəmləndirlir, siyasi məhbus problemi kəskinləşir. Sənəddə hakimiyyətdən sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün real tədbirlər görmək, faktiki monarxiya yaratmaq siyasətindən imtina etmək, nəhayət, islahatlara başlamaq və siyasi məhbusları təcili azad etmək, xarici siyasətdə Avropaya inteqrasiya kursu seçmək tələb olnur.
Təşkilatçılar mitinqində kütləviliyin qarşısını almaqdan ötrü hökumətin inzibati basqılardan istifadə etdiyini açıqlayıblar.
Təşkilat Komitəsi üzvlərinin sözlərinə görə, mitinqdə iştirak etməkdən ötrü paytaxta gəlmək istəyən əyalət müxalifətçilərinə basqılar olub.
Bundan başqa metronun “İnşaatçılar” stansiyası yaxınlığına cəlb olunmuş polis qüvvələrinin də aksiyaya gələnlərin sərbəst hərəkətinə çətinliklər yaratdığı söylənir.