“Meydanlarda birləşək ki, bu iqtidar meydanlarımızı bizə dar edə bilməsin!”
Milli Şuranın 8 aprel mitinqinə cəmiyyətin müxtəlif təbəqələrindən dəstək ifadə olunur. Bugün İrəvan Azadlıq Təşkilatı da mitinqi dəstəklədiyini, indiki vəziyyətdə kütləvi etirazlara böyük ehtiyac olduğunu bildirib və bununla bağlı bəyanat verib.
Bəyantda deyilir:
“Milli Şuranın mitinq barədə verdiyi qərar sosial sifarişdən irəli gəlir və indiki halda cəmiyyətin bütün təbəqələrinin maraqlarına cavab verir. Ölkədə tüğyan edən korrupsiya, rüşvətxorluq, dövlət əmlakının və büdcənin hakimiyyət tərəfindən acgözlüklə talanması, əhalinin günü-gündən həyat və məişət səviyyəsinin pisləşməsi, bahalaşma, idarəetmə orqanlarında yarıtmazlıq, monarxiya təhlükəsi hər kəsi ciddi narahat edir və düşündürür.
Azərbaycanın gələcək taleyinin bəlli olmayan və qaranlıq istiqamətə yönləndirilməsi xalqın və millətin birləşərək öz etiraz səsini daha ucadan səsləndirməyi, bu acınacaqlı proseslərın qarşısnı qətiyyətlə almasını labüdləşdirir. Qanı, canı bahasına qurduğu dövlətinin bir qrup talançı rüşvətxor şəxslərdən xilas etməyin real vəziyyətdə yeganə yolu meydanlara çıxıb milli iradəni ortaya qoymaq, haqqın, demokratiyanın yanında olmaqdır.
Bu baxımdan da cəmiyyətin ayrılmaz tərkib hissəsi olan İrəvan Azadlıq Təşkilatı Milli Şuranın 8 aprel 2017-ci il tarixdə “Məhsul” stadionunda keçirəcəyi mitinqə kütləvi, mütəşəkkil və aktiv şəkildə iştirak edəcəyini bəyan edir.Təşkilat olaraq təmsil olunduğu regoindan, siyasi partiyadan, vətəndaş institutlarından, işlədiyi idarə və müəssisədən asılı olmayaraq hər kəsi bu mitinqə fəal şəkildə qoşulmağa çağırırıq. Əgər biz birlikdə “Monarxiyaya yox!”, “Talana yox!”, “Siyasi Məhbuslara Azadlıq!” hayqıra bilsək, vətənimizi, dövlətimizi, millətimizi, özümüzü, övladlarımızı bu rejimin zülmündən və istidbadından qurtara bilərik! Meydanlarda birləşək ki, bu iqtidar meydanlarımızı bizə dar edə bilməsin!”