“Biz mütləq Allah dərgahında görüşəcəyik. Yəqin onda başqa qərar qarşısında olacaqsız”, – bunu ANS-in prezidenti Vahid Mustafayev Ali Məhkəmədə hakimlərə deyib.
Aprelin 5-də Ali Məhkəmədə “ANS” Yayım və Media Şirkətinin kassasiya şikayətlərinə baxılıb. Şikayətlər “ANS ÇM” radiosunun lisenziyasının ləğvinə dair Milli Televiziya və Radio Şurasının qərarının qanunsuz sayılması ilə bağlıdır. Daha doğrusu, ANS rəhbərliyi belə bir iddia ilə məhkəməyə müraciət etsə də, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. İddiada həmçinin Teleradio Şurasının “ANS ÇM”in lisenziyasını ləğv etməklə, şirkətə radioya vurulan maddi ziyana görə 210 min 191 manat, mənəvi ziyana görə isə 1 milyon manat ödəməsi məsələsi də öz əksini tapıb. Amma məhkəmə bu hissədə iddianı ümumiyyətlə, baxılmasını mümkün saymayıb. Səbəb kimi isə şirkətin ziyana görə məhkəmədən əvvəl Teleradio Şurasının özünə müraciət etməli olduğu göstərilib.
ANS həm iddianın təmin olunmamasına dair qətnamədən, həm də ziyanla bağlı qərardaddan apellyasiya şikayət versə də, dəyişməyib. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Məhkəmənin qərarlarını qüvvədə saxlayıb. ANS rəhbərliyi Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarlarından Ali Məhkəməyə şikayət edib.
Ali Məhkəmədə “ANS ÇM”i vəkillər Fuad Ağayev, Raqif Mustafayev, şirkətin hüquqşünası Sevda Məhərrəmova, təsisçilər Vahid Mustafayev, Mirşahin Ağayev, Seyfulla Mustafayev, Teleradio Şurasını isə Toğrul Mirzəzadə təmsil edib.
ANS-in daha bir şikayəti isə “ANS Commers” şirkətinin də üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb olunması ilə bağlıdır. Aşağı instansiya məhkəmələri bu haqda vəsatəti də əsaslı saymayıb, onun təmin olunmaması haqda qərardad qəbul edib.
ANS-in kassasiya şikayətlərinə hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə baxılıb.
Əvvəlcə Teleradio Şurasının ziyanı ödəməsi tələbi ilə iddianın mümkünsüz sayılmasından verilən şikayətə baxılıb. Vəkil Fuad Ağayev bildirib ki, əvvəlcə Şuranın özünə müraciət edilməli olması haqda məhkəmə qərarında yazılanlar absurddur.
“Hər il 5 milyondan çox vergi ödəyirdik”
Sevda Məhərrəmova bildirib ki, həmin qərardadda Ali Məhkəmənin Plenumunun qərarına istinad olunub: “Əslində isə Ali Məhkəmənin Plenum qərarına düzgün istinad olunmayıb”.
Vahid Mustafayev çıxışında bildirib ki, onlar hazırda ağır maliyyə durumuna düşüblər. Bunun da səbəbi Teleradio Şurasının qərarıdır. Söhbət “ANS ÇM” radiosunun lisenziyasının ləğvi qərarından gedir.
“Lisenziyamız gözlənilmədən, fövqəladə şəraitdə alındı. Teleradio Şurası iddia edir ki, lisenziya alınmamışdan əvvəl “ANS ÇM”-ə bir neçə dəfə xəbərdarlıq olunub. Xatırladım ki, bu hadisə sonuncu xəbərdarlıqdan 6 ay sonra baş verdi. Eyni gündə həm televiziya, həm radio, həm də saytın qapadılması göstərir ki, bu, hüquq müstəvisində baş verən hadisə deyil. Yəni verilən qərarın xəbərdarlıqlara aidiyyəti yoxdur. ANS hər il büdcəyə 5 milyondan artıq vergi ödəyirdi. Bu qərar nəticəsində büdcə də həmin vergidən məhrum oldu”, – deyə Vahid Mustafayev bildirib.
“ANS Commers” şirkətinin də prosesə cəlb olunmasına gəlincə, Fuad Ağayev bildirib ki, “ANS Commers” müxtəlif şirkətlərlə müqavilələr bağlayıb, onların reklamlarını televiziyada, radioda yerləşdirirdi. Teleradio Şurasının qərarından sonra şirkət müqavilə öhdəliklərini həyata keçirə bilməyib. Vəkil qeyd edib ki, bu şirkət Teleradio Şurasının qərarından birbaşa ziyan çəkib. Ona görə bu proseslərə üçüncü tərəf kimi cəlb olunmalıdır.
Vahid Mustafayev də bildirib ki, ANS-in yayımı dayanandan sonra “ANS Commers” müflis olub: “Əməkdaşlarımız maddi məsuliyyət daşımasın, maddi maraqlar arxasınca qaçmasın deyə, təsisçilər olaraq, “ANS Commers” şirkətini yaratdıq. Orada işləyənlər maliyyəçilər idi, bazarı araşdırırdılar. O biri kanalların da belə reklam agentləri var. Radio fəaliyyətini dayandırandan sonra şirkət müqavilə bağladığı reklamları yayımlaya bilmədi, bir anda müflis oldu. Bu şirkət də külli miqdarda vergi verirdi”.
Kassasiya şikayətlərinə Teleradio Şurasının nümayəndəsi Toğrul Mirzəzadə bir cümlə ilə münasibət bildirib: “Kassasiya şikayəti təmin olunmasın”.
Kəmaləddin Bədəlovun sədrlik etdiyi hakimlər kollegiyası hər şikayət üzrə bir neçə dəqiqəlik müşavirəyə gedib, geri qayıdaraq kassasiya şikayətlərinin təmin olunmadığını elan edib.
“Biz sizə görə canımızdan keçmişik”
Bundan sonra ANS-çilər Kəmaləddin Bədəlovun sədrlik etdiyi hakimlər kollegiyasına yazılı etiraz verib.
“Mən və həmkarlarım sizlərə görə, gözəl, çiçəklənən Azərbaycanda fəaliyyət göstərməyiniz üçün canımızdan keçmişik. İki məsələ ilə bağlı mövqeyinizdən sonra sizə etiraz veririk. Rəhbərinizdən xahiş edirik ki, o biri şikayətlərimizə başqa tərkib baxsın. Biz nə qədər yazıb-pozmuşuq, gecələr yatmamışıq, nə qədər sənəd gətirmişik ki, haqlı olduğumuzu sizə sübut edək. Siz isə əks tərəfin bir kəlməsi ilə bizim şikayətlərimizi təmin etmirsiz. Sizi başa düşürəm, Allah sizi də, övladlarınızı da xoşbəxt eləsin. Amma biz mütləq Allah dərgahında görüşəcəyik. Yəqin onda başqa qərar qarşısında olacaqsız”, – Vahid Mustafayev bildirib.
ANS-in vəkillərinə yazılı şəkildə etiraz hazırlamaq üçün vaxt verilib. Daha sonra vəkil Fuad Ağayev etirazı hakimlərə təqdim edib.
Etiraza Ali Məhkəmənin sədri Ramiz Rzayev baxıb qərar verənə qədər bu hakimlərin ANS-in o biri şikayətlərinə baxılması təxirə salınıb.
Xatırladaq ki, Türkiyədəki 15 iyul hadisələrindən sonra ANS telekanalında Fətullah Gülənin müdafiəsinə yönəlik materialların yayımı, terrorizmin təbliği iddiası ilə Teleradio Şurası 18 iyul 2016-cı ildən yayımı dayandırıb.
azadliq.info