AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli hakimiyyət dairələrinin son günlərdə onun barəsində yenidən böhtanlar səsləndirməsinə tutarlı cavab verib. Onun feysbuk səhifəsində paylaşdığı cavabı təqdim edirik.
Hakimiyyətin mənə qarşı apardığı qarayaxma kampaniyasına cavabım:
Əvvəla, bu qarayaxma kampaniyasında hakimiyyətdaxili qrupların hamısı, xüsusi xidmət orqanları və media resursları iştirak etdiyinə görə, əminliklə demək olar ki, bu kampaniya rejimin 1-ci şəxsi tərəfindən sanksiyalaşdırılıb. Son vaxtlar İlham Əliyevin çox narahat olduğu aydın şəkildə görünür. Ətrafında heç kimə etibar etmədiyinə görə öz həyat yoldaşını birinci vitse-prezident təyin edib. Ailəsi və övladları müstəqil araşdırmaçılar tərəfindən ən irimiqyaslı korrupsiya əməllərində ittiham olunur. Belə bir vəziyyətdə Milli Şuranın 9 aprelə təyin etdiyi mitinq rejim başçısını narahat edib. Hakimiyyət kütləvi aksiyalardan, xalqın qəzəbindən qorxub, gündəmi dəyişmək və müxalifət lideri olan atama inamı sarsıtmaq üçün mənə qarşı qarayaxma kampaniyasına start verib.
Yazdırıblar ki, guya mən Londonun hansısa bahalı barında, sağa sola pul xərcləyirəm, əylənirəm. Haqqımda yazılan qarayaxmalarda istifadə olunan və guya Londonun bahalı bar və ya klubunda çəkildiyi iddia edilən şəkil əslində Universitetə qəbul olunduğum birinci həftədə, məhz universitetin öz tələbə şəhərciyində (kampusunda) təşkil etdiyi “xoş gəldiniz” (welcome party) ziyafətindən olan görüntüdür. Oxucuları aldadaraq bahalı barda çəkildiyini iddia etdiklәrii şəkil əslində Universitetin tələbə birliyinin binasında ( Student Union centre) çəkilib.
Mәnim әleyhimә yazılanlar başdan ayağa yalandan ibarətdir. Mən İlham Əliyevin oğlundan fərqli olaraq, 11 yaşımda Dubayda bahalı mülklərin sahibi olmamışam. Ofşorlarda qeydiyyatdan keçmiş nəhəng holdinqlərin, bankların, telekomunikasiya şirkətlərinin də sahibi mən yox, İlham Əliyevin övladlarıdır. Ölkənin qızıl yataqlarının pulları da mənim cibimə axmayıb. Bütün tələbəlik illəri zamanı digər tələbə yoldaşlarım kimi, mən də tələbə yataqxanasında yaşamışam, ictimai nəqliyyatdan istifadə etmişəm. Nə mənim, nə də atamın dünyanın heç yerində mülkiyyəti yoxdur. Fəxr edirəm ki, mən təmiz ailədə böyümüşəm, atam vaxtilə yüksək vəzifələrdə işləyəndə heç vaxt rüşvət almayıb.
Siyasi proseslərin iştirakçısı olmaq istəmirəm. Ona görə də hökumətin hər bir qarayaxmasına cavab vermirəm. Ancaq bir halda ki, bu dəfə yazmaq qərarına gəldim, hakimiyyətin daha bir yalanına da aydınlıq gətirmək istəyirəm. Hökumət mətbuatı tez-tez iddia edir ki, guya mən hansısa erməni fəallarla dostluq edirəm, onlarla oturub-dururam, hətta guya Qarabağdakı işğalçı və oyuncaq rejimin başçısı Bako Saakyanın oğlu ilə hansısa əlaqələrim var. Təbii ki, bunlar çox vicdansız yalanlardır. Görünür, hakimiyyət komandası İlham Əliyevin düşmən ölkənin prezidenti, terrorçu vә qatil Sarkisyanla tez-tez görüşməsinin kompleksini yaşayır. Atamın ölkədən çıxışına imkan vermirlər. Ona görə də Əli Kərimlinin ermənilərlə görüşdüyünü yalandan da iddia edə bilmirlər, əvəzində mənə qara yaxırlar, mənə böhtan atırlar. Rejim başçılarından fərqli olaraq, mən həyatım boyu heç bir erməni ilə oturub-durmamışam, onlarla salam-sağolum olmayıb.
P.S. Yazıda məndən başqa dostum və tələbə yoldaşımın da şəkili paylaşılıb. Mənə hücum edirsiniz edin, heç olmasa, tanımadığınız qadına böhtan atmayın ki, güya hansısa barda tanış olmuşam. Bu müstəsna əxlaqsızlıqdır. Ancaq bunlardan əxlaq gözləmək də yəqin ki, sadəlövhlük olar.