Amerika prezidenti Donald Trampın qızı İvanka Trampın geyim markasının satışları az qala altı qata yaxın artdı. Onun moda firmasının prezidenti Abigail Klem şirkətin tarixində “ən yaxşı nəticə göstərdiyi həftələr” yaşandığını söylədi.
İvanka markasının satışlarındakı artım atası Donald Trampın biznesinin boykot olunduğu zamanla eyni dövrə rast gəldi. Keçən ay bir neçə pərakəndə şirkət Trampın məhsullarının satışını dayandırdığını açıqlamışdı.
Mərkəzi Londonda olan e-ticarət şirkəti “Lyst” İvanka Tramp markasının satışlarının fevral ayında rekord qırdığını açıqlayıb. “Lyst” yanvar -fevral arasındakı satışlarının 346%, keçən ilə nisbətən isə 557% artdığını söyləyib. “Lyst”in ABŞ-dakı sözçüsü Sarah Tanner “bir ay ərzində bu qədər böyük bir sıçrayış daha əvvəl görülmüş deyil, böyük sürpriz oldu” deyib.
Klem məhsulların çoxunun Nyu-York, Kaliforniya və Texasdakı qadın müştərilərə satıldığını bildirib. O, Trampla əlaqədar siyasi müzakirələrin və boykotların qızının markasının satışlarını artırmış ola biləcəyini bildirib. İvankanın ətir markası da bu sıralar Amazon.com saytında ən çox satılan məhsullar arasındadır. Məhsulu satın alan müştərilər saytda Tramp müdafiə edən mesajlar paylaşıb.
azadliq.info