1932-ci ildə Los-Anceles olimpiadasında belə bir hadisə baş vermişdi. Fransız atlet Jules Miladın disk atma yarışlarında qırdığı olimpiada rekordu sayılmamışdı. Nədən? Disk atışı zamanı yarışı izləyən bütün hakimlər yüksəyə tullanma yarışını izləmək üçün arxaya dönmüşdülər. Bu, dünya tarixində bir kişiyə edilmiş ən böyük haqsızlıq sayıla bilər. Amma tarixi vərəqləyib olub-keçənlərə baxanda, qadınlara edilən haqsızlıqların bundan çox-çox irəli getdiyinə şahid ola bilərik. Kim bilir, bəlkə, qadınlar tarixdə zaman-zaman layiq olduqları yerləri alsaydılar, dünyanın mənzərəsi tamam fərqli olacaqdı? Mən özümdən Amerika açmıram, artıq bu məsələ ən nüfuzlu dairələrdə də ciddi şəkildə müzakirə mövzusu olmağa başlayıb…
İki il əvvəl Nobel mükafatlı ingilis professoru Tim Hunt “elm sahəsində çalışan qadınların problem yaratdığı”nı söyləyərək, hamını heyrətə salmışdı. Bu münasibətdən qəzəblənən bir çox məşhurlar tarixən qadınların elm dünyasındakı nailiyyətlərinin görməzdən gəlinməsi ilə bağlı təkrar müzakirə açmışdılar. O zaman BBC radiosu da bu məsələ haqqında bir yazı yayınlamışdı. O məqalədə belə haqsızlığa uğrayan qadınlar arasında radiologiya elminin qurucusu sayılan fizik və kimyaçı alim Mariya Kürinin adı çəkilmişdi. Küri hər iki sahədə Nobel mükafatı qazanmasına baxmayaraq, ikinci mükafatını aldığı 1911-ci ildə Fransız Elm Akademiyasına qəbul edilməmişdi
Bu ədalətsizliklərin siyahısı xeyli uzundur. Onlardan biri də molekulları araşdırmaq üçün kristalloqrafiya texnikasını hazırlayan, pensilin, xolesterol və insulinin molekul quruluşunu kəşf edən Dorothy Hodgkinlə bağlı baş verib. 1964-cü ildə Nobel mükafatı alan Dorothy Hodgkin, eyni zamanda İngiltərədə elmin qabaqcıllarına verilən ən mühüm mükafatlardan “Copley” medalına layiq görüldü. O, elm sahəsində Nobel mükafatı alan tək ingilis qadını statusunu bu günə qədər qoruyub saxlayır. Amma bu mükafatı aldığı zaman dövrünün qəzetləri onun uğurunu “Oksfordlu ev qadını Nobel qazandı” başlığı ilə təqdim etmişdi .
Qadınlara olan haqsızlıqlar təkrar gündəmə gələrkən, nüfuzlu dairələrdən bir çoxları bunu açıq etiraf etməli oldular. Bəli, keçmişdə bir çox qadının elmi uğurları haqq etdiyi qiyməti almadı və onların adları unudulub getdi. Onlardan bir neçəsinin tarixçəsinə nəzər salaq. Mikrobiologiya mütəxəssisi olan Esther Lederberg genetika sahəsində cığır açan işlər görüb, genlərin necə çalışdığını göstərən əsas üsulları inkişaf etdirib. Lakin onun gördüyü bütün işlər həyat yoldaşı Joshuanın 1958-ci ildə Nobel mükafatı almasına köməkçi oldu, onun adı isə heç yerdə keçmədi.
İngilis biofizik Rosalind Franklin isə X şüası ilə kristalloqrafiyanın qabaqcıllarından biri idi. Onun çalışmaları sayəsində aldığı DNT molekulu görünüşcə DNT-nin quruluşunun öyrənilməsində müəyyən açar rolu oynadı. Bu, 20-ci əsrin ən əhəmiyyətli elmi nailiyyətlərindən biriydi. Amma fiziologiya və tibb sahələrindəki 1962-ci il Nobel mükafatları James Watson, Francis Crick və Maurice Vilkinsə verildi.
Başqa belə bir zəkalı və şanssız qadın da Lisa Meitnerdir. Meitner illərcə Berlində kimyaçı Otto Hahn ilə birlikdə tədqiqatlar apardı. Ancaq Hahnın çalışmaları elm aləmində nailiyyət olaraq açıqlanarkən, Meitnerin adı çəkilmədi və o, 1944-cü il Nobel kimya mükafatını təkbaşına aldı.
Bax belə. Açıq danışsaq, mənzərə təkcə elmdə deyil, həyatın bütün sahələrində belədir. Yarızarafat, yarıgerçək, bu ayrı-seçkilik var və yüz illərdir tarix ondan nəsibini alaraq gəlir. Əfsanəvi Misir kraliçası Kleopatra əsrlər öncə “mənə qarşı zəfər qazandırmayacağam” deyirdi. Amma hər kəs onun qədər güclü ola bilməz. Yüz illərdir bənzər haqsızlıqlar olub və yəqin ki, olacaq da. Şübhəsiz, mən “yenə də insanların qəlbinin həqiqətən gözəl olduğuna inanıram”( Anna Frank). Onu da bilirəm ki, həqiqətən, “insanları mühakimə etməyə başlasaq, onları sevməyə zamanımız qalmaz” (Tereza Ana).
Bu gün 8 martdır-tarixə Qadınlar günü olaraq keçən bir bayram. Təki adı tarixə bayram olaraq keçən bütün günlər bayram ovqatı gətirsin. Mən də ayrı-seçkilik salmadan bütün insanlarımıza ədalətli və gözəl dünyada yaşamağı arzulayıram.