Avropa Şurasının İnsan Haqları üzrə komissarı Nils Mujnieks “Türkiyədə İfadə və Media Azadlığı” memorandumunu açıqlayıb. O, 15 iyul çevriliş cəhdindən sonra elan edilən fövqəladə halın (OHAL) davam etdiyi müddətdə ifadə və media azadlıqlarının önündəki maneələrin aradan qaldırılmayacağını bildirib.
Nils Mujnieks tərəfindən hazırlanan memorandumda sərhədləri boyunca döyüş əməliyyatları aparılan, 3 milyon mühacirə ev sahibliyi edən, çevriliş cəhdinə məruz qalan və torpaqlarında çox sayda qanlı terror aktı reallaşan Türkiyənin “çətin bir dövrdən keçdiyi” qeyd edilir. Lakin sənəddə bütün bunların ifadə və media azadlığı ilə bağlı pozuntuları “qanuniləşdirmədiyi” fikri bəyan olunur.
Avropa Şurası İnsan Haqları komissarının Türkiyədə ifadə və media azadlığı mövzusundakı bundan əvvəlki qiymətləndirməsi 2011-ci ildə açıqlanmışdı. Bu gün dərc olunan sənəddə vəziyyətin 2011-ci ilə nisbətən “ciddi şəkildə pisləşdiyi” və “Türk demokratiyası üçün mövcud bir təhdid halına gəldiyi” ifadə edilir.
İfadə və media azadlığının yaxşılaşmasının önündəki başlıca maneənin “siyasi iradə çatışmazlığı” olduğunu ifadə edən Mujnieks mövcud vəziyyəti “şüurlu şəkildə verilmiş qərarlar”la əlaqələndirir.
Memorandumda ifadə və media azadlığına mane olan Türk Cəza Qanunu (TCK) və Terrorla Mübarizə Qanunundakı bəzi müddəalar, Anayasa dəyişikliyi və başqa mühüm məsələlərə də yer verilir