Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirlinin fevralın 14-də atası və anasının polisə aparıldığı deyilir.
Bu barədə Ruslan Nəsirlinin özü məlumat yayıb.
Ruslan Nəsirli bildirir ki, ötən ilin sentyabrında haqqında cinayət işi açılan gecə Rusiyaya gedib. Hazırda orada işləyir. Orada olduğu müddətdə atasını bir neçə dəfə Saatlı rayon Polis İdarəsinə çağırıblar. Lakin Ruslan Nəsirli atasına çağırışlara reaksiya verməməyi tövsiyə edib.
“Bu gün (fevralın 14-ü) atamı və anamı mənə görə, polisə aparıblar. Mənim burda əlimdən heç nə gəlmir. Fikirləşdim ki, bəlkə qayıdım, özüm polisə gedim. Dostlar məsləhət bilmədi. Bunlardan hər cürə hərəkət gözləyirəm…” – deyə gənc bildirib.
Məsələyə, hələlik, Saatlı rayon Polis İdarəsindən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
* * *
Ruslan Nəsirlinin atası və anasının polisdən buraxıldığı bildirilir.
Bu barədə AzadlıqRadiosu-na AXCP Saatlı təşkilatının fəalı Ziyafət Hüseynli məlumat verib. O qeyd edib ki, Ruslan Nəsirlinin atası və anası hazırda evlərindədirlər.
* * *
Ruslan Nəsirlinin atası Şamil Nəsirli Azadlıqradiosu-na deyib ki, Saatlı rayon Polis İdarəsinin əməkdaşları fevralın 14-ü günorta saatlarında ondan evlərində izahat alıblar.
Sonra deməsinə görə, bir zəngdən sonra onu polis idarəsinə aparıblar:
“Burada isə tələb olundu ki, həyat yoldaşım Məleykə Nəsirova da polis idarəsinə gəlib izahat verməlidir”.
Şamil Nəsirli bildirir ki, Ruslan Nəsirli barədə Saatlı rayon icra başçısı polisə şikayət verib.
Valideynlərdən oğlunun yeri, onunla əlaqə saxlayıb-saxlamamaları soruşulub.
XATIRLATMA
Ruslan Nəsirli ötən ilin sentyabrında Milli Şuranın aksiyalarından sonra atasının təzyiqlərlə üzləşdiklərini bəyan etmişdi. O, atasının Saatlı rayon icra başçısının otağındaca döyüldüyünü bildirmişdi. Bundan sonra sosial şəbəkələrdə paylaşdığı fikirlərə görə, təhqir ittihamı ilə onun haqqında cinayət işinin qaldırıldığı bildirilirdi.