Oliqarxlarsız və bürokratlaşdırılan idarəçilik erası daha kimləri “yeyəcək”?
Qənimət Zahid
Ziya Məmmədov niyə vuruldu? Bu, hansı prosesin başlanğıcıdır, yoxsa, ümumiyyətlə bu proses yenimi başlayır? Müxtəlif versiyalar var, amma bizə görə də Ziya Məmmədovun vurulması saraydaxili intiriqa deyil.
Ziya Məmmədov bir ildən artıqdır ki, ilməsi sökülə-sökülə gedən məmurlardandır. Zatən, heç bir şeyi qalmamışdı. Darmadağın edilmişdi. Söhbət sadəcə olaraq, hansısa saraydaxili intriqalardan getmirdi, indi bu barədə qeyd etməyə çalışacağıq ki, söhbət hansı məsələdən gedirdi, amma hər halda, Ziya Məmmədov bütün sülaləsilə birlikdə işlərdən və proseslərdən kənarlaşdırılmışdı. Obyektlərinə əl qoyulmuşdu. Prinsipcə, hələ iki il əvvəldən başlayaraq görünürdü ki, Azərbaycanda repressiyaların və inzibati təqiblərin ranqı yüksələcək. Oliqarxların hakimiyyət kürsülərindən kənara atılacağı zəruri fakta çevrilməkdə idi. Hakimiyyətə yaxın olan saytlarda «prezident oliqarxları cəzalandıracaq» xəbərlərindən daha əvvəl bu proqnozu çıxarmaq mümkün idi və bu məsələnin mahiyyətində nələrin dayandığını görmək çətin deyildi.
Böhran bahalı məmurların inzibati əhəmiyyətini yeyir
Məsələ burasındadır ki, prezident bahalı məmurlardan imtina edir, onların yerinə ən yaxşı halda, babat paket maaaşı ilə işləyən nazirlər gətirir. Oliqarxlar dövlət vəzifələrindən, iqtisadi imtiyazlardan məhrum edilir. Bunu bəziləri islahat, struktur dəyişikliyi- filan adlandıra bilər, amma heç bir islahatdan söhbət getmir. «Mütləq diktator» şərikləri rədd edir. İndi ona şəriklər lazım deyil. Söhbət hakimiyyət şəriklərindən getmir, bu məsələ zatən çoxdan yox idi və oliqarxların heç birinin siyasi hakimiyyətdə əhəmiyyətli təsirləri olmayıb. Onlar özlərinə aid edilən sektorlarda təsərrüfatın və biznesin idarə edilməsi sahəsində muxtar haqqlarla təmin edilmişdilər. Biznesin bəlli faizinin müqabilində də öz sahələrindəki korrupsiya layihələrini idarə edirdilər. İndi ölkədə böhrandır, neft bir daha əvvəlki kimi böyük gəlirlərin qaynağı olmayacaq. Buna görə də bahalı və böyük imtiyazlı oliqarxlar da İlham Əliyevə gərək deyil. Bu proses, əslində, Təhsil Nazirliyindən başlayıb. Mikayıl Cabbarov nazir vəzifəsinə gətirilən qeyri- oliqarx olub. Misir Mərdanov çox da böyük oliqarx sayılmazdı, çünki Əli İnsanov həbs ediləndən sonra zərbə alıb yerində otuzdurulanlardan sayılırdı. Amma hər halda, o qisimlərdən biri idi, yəni, «məhdud imkanlı oliqarx»lardan sayıla bilərdi. Təsadüfi deyildi ki, eksperiment də elə ondan başladı. İndi sıradakı ikinci nazir Ziya Məmmədovdur. O, kifayət qədər böyük imkanlı və daha böyük inzibati sülaləyə sahib olan birisi kimi əvvəlcə «Misirləşdirildi», yəni, qol-budağı vuruldu, balacalaşdırıldı, daha sonra isə birdəfəlik bütün işlərdən kənara atıldı. Ziya Məmmədovun əleyhinə kampaniya əmri veriləndə, əsas məqsəd də nəhəng obyektlərə, Holdinqə, iri şirkətlərə və çevrəsindəki yaxın qohumlarından ibarət olan böyük məmurlar qrupuna malik olan bu oliqarxı əvvəlcə iqtisadi imkanlardan məhrum etmək idi. Əlbəttə, həmişə belə bir açıq xətt olub ki, Ziya Məmmədovla Kəmaləddin Heydərov arasında dəhşətli ziddiyətlər var və Ziya Məmmədov vurulmağa başlayanda da bunu Kəmaləddin Heydərov xəttinin qələbəsi kimi təqdim etmək ağla gələn ilk versiya idi. Bu, nə dərəcədə doğrudur?
Fərhad Əliyevlə Kəmaləddin Heydərov nə qədər düşmən idi?
O dərəcədə doğrudur ki, Ziya Məmmədovla Kəmaləddin Heydərov arasında ziddiyətlər var idi. 2005- ci il hadisələrində həbs edilən sabiq oliqarx Fərhad Əliyevlə də Kəmaləddin Heydərovun arasında ziddiyətlər var idi. Amma o zaman həmin ziddiyətləri qabartmaq Fərhad Əliyevin özünə də lazım idi. İki mühüm səbəbə görə. Birincisi, təbiətcə qorxaq adam olan Fərhad Əliyev heç zaman düşünə və təqdim edə bilməzdi ki, onu elə prezidentlə hansısa anlaşılmazlığa göğrə vurublar, bu, geriyə yolları yandıran söhbət olardı. İkincisi isə, Fərhad Əliyev Kəmaləddin Heydərovla ziddiyətlərinin olduğundan qürrələnən adama bənzəyirdi. Yəni, «mən o qədər böyümüşəm ki, hətta Kəmaləddin Heydərovla da çiling-ağac oynayıram»… Elə, Kəmaləddin Heydərova da sərf edirdi ki, həbs edilən Fərhad Əliyevin onunla toqquşduğuna görə vurulduğu qabardılsın. Bütün vasitələrlə əzəmətli görünmək məqbuldur.
Növbəti qurban haqqında səthi təsəvvürlər
Amma Ziya Məmmədov Kəmaləddin Heydərovla ziddiyətlərinə görə vurulmayıb. Başqa hər hansı saray daxili intriqalar da bunun səbəbi deyil. İlham Əliyev ölkədəki korrupsiya piramidasını təkmilləşdirir və oliqarx nazirlərin xırda görüntülü çinovniklərlə əvəzlənməsi də bu prosesin əsas süjet xəttidir. Növbədə isə bunların hamısı var. Ziyanın vurulması məntiqini qüvvədə saxlasaq, bundan sonrakı Etibar Pirverdiyev olacaq. Çünki, onun da səlahiyyətlərinin və nəzarət etdiyi iqtisadi imperiyanın hissə-hissə alındığı barədə xəbərlər çoxdandır ki, dərc edilir. Amma bu məntiqi ardıcıllıq pozula və Ziyadan sonra növbədə elə Kəmaləddin Heydərovun özü də ola bilər. Ziya olmayandan sonra onunla ziddiyətlərin fonunda şişirdilən Kəmaləddin nəyə lazımdır ki? Üstəlik, Kəmaləddin Heydərovun da əmlakı bir neçə ildir ki, müxtəlif yubiley tədbirləri və ad günlərinin xatirinə kəsilib doğranılır. Onun da yerinə indiki Nəqliyyat və Yüksək Texnologiyalar naziri kimi ütülü bir çinovnik tapıb qoymaq olar və əslində, bu, son dərəcə zəruridir.
İlham Əliyevi kimlər idarə edir?
İlham Əliyevin oliqarxları vurması əmlakın yenidən bölgüsü naminə aparılan kampaniyadır. Daha doğrusu, bunu bölünmüş əmlakın bir yerə toplanması da adlandıra bilərsiz. Amma kampaniya yalnız əmlakın toplanması kimi maddi maraqlar üzərində aparılmır. Uzun zamandır cəmiyyətdə belə şübhələr var ki, prezident yaxşıdır, ətrafı pisdir. Amma axı, buna paralel olan başqa bir nəticə də var ki, «prezident ətrafındakı adamlardan asılıdır». «Oliqarxlar nə deyirsə, İlham Əliyev də onu edir». «İlham Əliyevi oliqarxlar idarə edir»… Xatırlayırsınızsa, bir neçə il əvvəl, hətta belə söhbətlər daha şiddətli idi ki, «İlham Əliyevi Paşayev klanı idarə edir». Görünür, elə bu cür söhbətlərdən bezib o, Paşa Holdinqi öz ailə biznesinə qatdı və bunun da adını belə qoydular ki, «baba öz nəvələrinə hədiyyə edir». Baba öz nəvələrinə hədiyyə edə bilər, amma oliqarxlardan tutub almaq lazımdır. İndi hakimiyyətin zəiflədiyi, sosial dayaqlarının demək olar ki, qalmadığı, yalnız polis üzərində bərqərar olduğu zamanlarda bu cür zəhmli əməliyyatlar aparmaq yerinə düşür.
Paşayevlər nə qədər qabaqdadır?
Amma daha bir maraqlı cəhət də budur ki, oliqarxların yerinə Paşayevlərin kadrlarının gətirilməsidir. Mikayıl Cabbarov Paşayevlərə yaxın olan kadr kimi tanıyır və indi də elə təqim edirlər. İndi çox uzun adla rekonstruksiya edilən «Üçü birində» Nazirliyə gətirilən nazir də məhz, bu cür, «Paşayevlərin kadrı» kimi təqdim edilir. Adam Heydər Əliyev Fondundan gəlib. Bu o deməkdirmi ki, hakimiyyətə nəzarət, ümumən, Paşayevlərin inhisarına keçir?
Sualın bir başqa cavabı da var ki, hakimiyyət kimin nəzarətində olmalıdır ki? Əliyevlər artıq yox kimidirlər. Bu nəslin təmsilçilərindən hakimiyyətdə İlham Əliyevdən başqa heç kim qalmayıb. Nə iqtisadi, nə də inzibati hakimiyyətdə. Paşayevlər isə müxtəlif biznes və ya ictimai birliklər yolu ilə böyük kadr şəbəkəsi yarada biliblər ki, indi İlham Əliyev kadr bankı kimi, məhz, bu bazaya əl atmağa məcburdur. Hakimiyyətdəki Naxçıvan qruplaşmasının da aqibəti bu prosesin gedişində daha aydın təsəvvür edilir. Bu qruplaşma özünün qürubunu yaşayır. İndi orada Ramiz Mehdiyev və hələ də ona sadiq görünən Ramil Usubov var. Bir də gözə görükməyən bir neçə nəfər ola bilər. Amma açığı, vitrində Paşayevlərin korpusu daha optimist görkəmdə görükür.
Üzüaşağı…
Nəticənin hansı siyasi qrupun qalib iddialarına yerləşəcəyindən asılı olmayaraq, Ziya Məmmədovun vurulması saraydaxili intriqa kimi yox, sarayın qəbul etdiyi yeni strategiya kimi qəbul edilməlidir. Bu strategiya isə «Bir oliqarxın hakimiyyəti» mərhələsinə keçid deməkdir. Bundan sonra bütün oliqarxları sıra ilə vəzifələrindən qoparılacaq, onların əmlakı əllərindən alınaraq prezident ailəsinin xeyrinə müsadirə ediləcək. Hətta yerli icra başçıları da bu əməliyyata məruz qalacaqlar və növbəti mərhələdə icra hakimiyyəti başçılarının «bürokratlaşdırılması» prosesinə start veriləcək, eyni qayda ilə onların da topladığı sərvət və yaratdıqları bütün biznes strukturları bitdən- sirkəyə qədər prezidentin özünün biznes imperiyasına qatılacaq.