“Bacarırsınızsa, içəridə öldürün… Biz özümüzü şüurlu şəkildə Vətənə fəda demişik”
Yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” üzrə məhkəmə prosesində təqsirləndirilən şəxslərin çıxışları yekunlaşıb. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Abbas Quliyev son söz deyib.
Məhkəmənin qarşısında bu dəfə ictimai-siyasi fəalların böyük izdihamı olub. Əraziyə yenə çox sayda polis cəlb olunub.
AXCP sədri Əli Kərimli bu məhkəmə iclasında da iştirak edib və prosesdən sonra binanın önündə toplaşanlar qarşısında çıxış edib. Əli Kərimli müavini Fuad Qəhrəmanlının son sözü ilə fəxr etdiyini deyib. AXCP lideri bu bərədə facebook səhifəsində də yazıb:
“Nə gizlədim? Bu gün Fuad bəyi dinlədikcə onun vicdanlı mövqeyi, yüksək səviyyəsi, mərdliyi və cəsarətilə fəxr etdim. Fuad bəy Nardaran hadisələrindən 12 gün sonra həbs edilib. Onu yazıları ilə hakimiyyətin Nardaran hiyləsini ifşa etdiyi, hacı Talehә dəstək verdiyi, xalqı mübarizəyə səslədiyi üçün həbs ediblər. Bu gün də son söz demədi, rejimin üzünə çox sərt ittihamnamə oxudu. Xalqın azadlığına qovuşması, bu ölkədə haqqın, ədalətin bərqərar olması naminə nəinki uzunmüddətli həbsə, hətta həyatını qurban verməyə hazır olduğunu bəyan etdi.
Dostum, Allah köməyin olsun! Allah bütün günahsız və mərd oğuilların, bütövlükdə əsir götürülmüş Vətənimizin qapılarını açsın!”
Məhkəmə iclasına gəlincə, əvvəlcə Fuad Qəhrəmanlı çıxış edib. O, Nardaran hadisələrində öz yazıları ilə halimiyyəti ifşa etdiyi üçün həbs olunduğunu bildirib və bəyan edib ki, ölkədə demokratikləşmə naminə nəinki həbsə, ölümə də hazırdır.
«Mən bu hakimiyyətin əməllərində ancaq haramçılıq gördüm. Amma mən öz qanımı bunlara halal eləyirəm. Bacarırsınızsa, məni içəridə öldürün, qanım sizə halaldır. Yetər ki, ölümüm bizim demokratiya, azadlıq ideallarımıza xidmət eləsin», – deyə o bildirib.
Azərbaycan hakimiyyətinin Nardaran əməliyyatını məqsədli şəkildə törətdiyini deyən F.Qəhrəmanlının fikrincə, bu əməliyyatın bir neçə məqsədi olub:
«Hakimiyyətin istəyi odur ki, dindar kəsim siyasi proseslərdən kənarda qalsın, ölkədə baş verən ictimai-siyasi hadisələrə biganə olsun. Amma qəfildən Hacı Taleh meydana çıxdı, inanclı kəsimə çatdırdı ki, dindarlıq təkcə namaz qılmaq deyil, əməlsiz namazın dəyəri yoxdur. İnanclı adam haqsızlıq, zülm qarşısında da susmamalıdır. Hakimiyyət bu qondarma əməliyyatı təşkil elədi ki, həm Hacı Taleh və ətrafındakılara «terrorçu» damğası vurub onları məhv eləsin, həm də Qərbə göstərmək istəyirdi ki, amandır, biz bu gün onları asıb-kəsməsək, sabah radikalları yığışdırmaq olmayacaq. Həmin o Qərb ölkələrinin səfirlikləri məhkəmədə gördü ki, bu adamlar tamamilə günahsızdır, onlar nə radikaldır, nə də terrorçu. Hamısı günahsızdır. Əslində, bu əməliyyat dövlət səviyyəsində həyata keçirilmiş terrordur».
F.Qəhrəmanlı deyib ki, özü də daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 18 nəfərin heç biri cinayət törətməyib. Onlar, sadəcə, ölkədə korrupsiyanın, məmur özbaşınalığının dövlət siyasətinə çevrilməsinə, mənəvi deqradasiyaya etiraz etdiklərinə görə cəzalandırılıb. F.Qəhrəmanlının fikrincə, İlham Əliyev ölkədə korrupsioner tiraniya yaradıb:
«Xalq bu hakimiyyətə neyləyib ki, başına bu oyunları açırlar? Bunların sərvət hərisliyini başa düşmək olar, amma bunu xalqla düşmənçilik səviyyəsində eləmək olmaz axı. Bunlar xalqla açıq düşmənçilik aparırlar… Ölkəyə 150 milyard neft pulunun gəlməsinə baxmayaraq, bərbad iqtisadi siyasət nəticəsində bu gün Azərbaycan hətta kartofun da 60 faizini xaricdən alır…”
Bu yerdə prokuror F.Qəhrəmanlının çıxışına etiraz edib. Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov da eyni mövqedən çıxış edib və F.Qəhrəmanlı ilə aralarında belə dialoq olub.
Hakim:
– Bura siyasi tribuna deyil. Mahiyyəti üzrə danışmasaz, son sözünüzü məhdudlaşdıracam.
– Mənə verilən ittihamlar siyasidirsə, mən neyləməliyəm? Məni hakimiyyət əleyhinə çağırışlarda günahlandırırlar. Mən də hakimiyyətin mahiyyətindən, ona niyə etiraz etməyimdən danışıram.
– Kartofun məsələyə nə dəxli var?
– Necə olur, İlham Əliyev yumurtadan danışa bilər, mən kartofdan danışa bilmərəm?
Məhkəməni izləməyə gələnlərə müraciət edən F.Qəhrəmanlı deyib ki, onların həbsdə olmasına görə üzülmək yox, qürur hissi keçirmək lazımdır. Ümidlənmək lazımdır, çünki «bu qədər repressiyalara, mənəviyyatsızlıqlara baxmayaraq, hələ də şərəfli, xalqın azadlığı uğrunda həyatından keçən oğullar yetişir».
F.Qəhrəmanlı çıxışının sonunda bildirib ki, ümumbəşəri ideyaların həyata keçməsi üçün mübarizədə nəinki həbsə, canını verməyə hazırdır: «Biz özümüzü şüurlu şəkildə Vətənə fəda demişik. Vətənpərvərlik təkcə torpaq uğrunda ölmək deyil. Bu gün ölkədəki korrupsiyaya, ədalətsizliyə, insanların hüquqsuzluğuna qarşı mübarizə aparırsansa, bu da vətənpərvərlikdir. Çünki korrupsiya ölkəni içəridən dağıdır, ədalətsizlik vətəndaşlarımızı öldürür».
Ardınca Abbas Quliyev son sözünü deyib. Məhkəmədə vəkillərin verdiyi onlarla vəsatətlərin heç birinin təmin olunmadığını xatırladan A.Quliyev bu səbəbdən məhkəmədən ədalətli qərar gözləmədiyini bildirib.
Həbs olunarkən və ondan sonra məruz qaldıqları işgəncələrdən danışan A.Quliyev deyib ki, bu üzdən iki dəfə intihara cəhd edib – bir dəfə damarlarını kəsib, ikinci dəfə özünü asıb.
«Biz 1 il 2 aydır günahsız yerə həbsdəyik. Mənə prokuror 15 il iş istədi. Elə birdəfəlik ömürlük verin. Onsuz da 15 ildən sonra çıxıb yenə haqsızlıq görəcəm. Bu ölkədə haqq-ədalət yoxdur», – A.Quliyev bildirib.
Ardından Əlövsət Abbasovun sədrlik etdiyi, Eldar Mikayılov və Mahmud Ağalarovdan ibarət hakimlər müşavirəyə gedib. Hökmün nə vaxt elan olunacağı haqda konkret söz deyilməsə də, yanvarın 23-nə gözlənilir.