Hökumətimizin uzaqgörən xarici siyasəti “nəticə” verməkdədir. 23 illik sülh danışıqları o mərhələyə çatdı ki, Rusiyanın xarici işlər naziri Sergey Lovrov özünü saxlaya bilmədi. “Böyük qardaş”ın sözçüsü açıq şəkildə dedi ki, Qarabağ Azərbaycanın daxili işinə aid məsələ deyil. Yəni, 23 illik sülh danışıqları, “kitayski” atəşkəs rejimi, yekə-yekə vədlər zarafat imiş. Əslində, biz bu “zarafat”ı çoxdan başa düşmüşdük. Məsələn, cəbhə bölgəsində atəş bir gün də kəsilməyib, amma rəsmi olaraq “atəşkəs rejimi”ndə yaşayırıq. Yaxud, Rusiya gözümüzün içinə baxa-baxa Ermənistana atalıq edib və bu atalıq qayğısı davam edir. Həm də Rusiya Azərbaycana qarşı bu qədər düşmənçiliyi, Azərbaycanın vəzifəli şəxslərinə “dostluq” ordeni təqdim edə-edə həyata keçirir. Yəni, bizə “dostluq” ordeni, düşmənə dostluq əli uzadır.
Amma uzun illərdi hökumət xalqı inandırmağa çalışır ki, sizin gördüyünüz həqiqət deyil və Rusiya bizim dostumuzdur. Eyni zamanda sübut etməyə çalışırdılar ki, Qarabağ münaqişəsinin həllinə əngəl törədən, erməni dəyirmanına su tökən ABŞ-dır, Avropadır. Amma Lovrov əmi dözmədi və bu uzun illik “sirr”i rəsmən ifşa etdi. Açıq şəkildə dedi ki, Azərbaycan belə ciddi məsələlərə kənardan baxmalıdır. Daha dəqiq desək “Qarabağın Azərbaycana aidiyyatı yoxdur” mesajını verdi.
Xatırladım ki, analoqsuz hökumətimiz uzun illərdi “heç kim bizim daxili işimizə qarışa bilməz” şüarından sallaşıb. Sergey Lovrov bu “ip”i də kəsdi. Məlum oldu ki, bizim daxili işimizə qarışmaqları bir yana qalsın, bizi daxili işimizdən xaric ediblər.
Bəli, 20 faiz ərazinin “rozborka”sına bizim dəxlimiz yox imiş. Bizimkilər danışıqlar prosesini sadəcə müşahidə edirmişlər. Daha dəhşətlisi budur ki, hələ də hökumətdən reaksiya yoxdur. Cavab verməməyin yollarını axtarırlar. Elmar Məmmədyarovun dediklərini isə qətiyən Lovrovun fikirlərinə cavab kimi qiymətləndirmək olmaz. Əksinə, bu açıqlama fil boyda təqdim edilən diplomatiyanın, əslində ditdili boyda olduğunu göstərdi.
Bir sözlə, uzun illərin xarici siyasəti daxili məsələdən xaric edilməyimizlə yekunlaşdı. Sən demə, “lazım” ın gəlməməsi də buna görə imiş. “Lazım” ancaq ərazinin 80 faizində at oynatmağa qadir imiş.
23 ildir ki, daxili işimizi xarici qüvvələrə təhvil verməklə məşğul olublar.
İlham