elnurastanbeyli@gmail.com
1918-ci ilin dekabrında, Azərbaycan parlamentinin ilk iclasının ardınca böyük Üzeyir bəy yazmışdı: “Parlamanımız açıldı, gördük. Fətəli xan doğru dedi ki, yatsa idik də, yuxumuza girməzdi… Parlament binasının içində zinətdən diqqəti cəlb edən şey qiymətli xalılar deyildi, bəlkə qiymətcə ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyyəsi dedikcə baha olan üç rəngli milli bayrağımız idi… Məhəmməd Əmin öz nitqində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək əlamətindən ibarət olduğuna işarə ilə “Bu bayraq endiriləməz!” – dedikdə bütün məclis ayağa qalxıb, əl çala-çala bayraqları salamlarkən, təəssürati-fövqəladəmdən başımın bütün tükləri biz-biz oldu!”
Bəli, 97 il öncə Üzeyir bəyin tüklərini biz-biz edən, onun qəlbinin qürur və fərəhlə dolduran parlament hadisəsi bu gün Azərbaycanda tamamilə parodiyaya çevrilib. “Milli Məclis” üzvləri millət vəkili adlandırılırlar, amma millətin iradəsi ilə oturmayıblar orada. Bizdə parlament seçkili orqandan təyinatlı orqana çevrilib. “Gülərgeyt” işi hər şeyi bütün çılpaqlığı ilə ortaya qoydu. Əlavə sözə ehtiyac qalmır.
Başqa bir məqaləsində yenə böyük Üzeyir bəy yazırdı: “Mədəniyyətli dövlətlərdə ən böyük və ali heyətlər – parlaman məclisidir. Parlamandan başqa, hər dövlətdə başqa xırda heyət və məclislər dəxi mövcuddur ki, hərəsinin müəyyən vəzifəsi vardır. Bu heyət və məclislərin əzalarını kim seçir və ya kim təyin edir? Belə heyət əzalarından təyin olunanları çox azdır. Bunların çoxu seçilmiş adamlardır. Onları seçənlər də əhali özüdür. Bu seçki haqqını – nerədə olursa-olsun – camaata heç kəs bağışlamadı. Bu haqqı camaat mübarizə edib və qan töküb aldı. Bundan aşkardır ki, seçki haqqının camaatın öz əlində olması əhali üçün böyük bir nemət ədd olunur” (”Həqiqət” qəzeti, 1910-cu il, 9 fevral)
Üzeyir bəyin dediyi kimi, seçib-seçilmək haqqı uzun illər boyunca aparılan mübarizənin, mücadilənin bəhrəsidir. Azərbaycanda isə onu tamaşaya, farsa çeviriblər. Seçki formal xarakter daşıyır və əslində təyinat funksiyasını yerinə yetirir. Ortada hər hansı milli iradə yoxdur. Son sözü bir şəxsin iradəsi deyir.
Elə ona görə də bizdə parlament Prezident Administrasiyasının şöbəsinə çevrilib, oradan gələn göstəriş və tapşırıqları yerinə yetirməklə məşğuldur.
Əlbəttə, bütün bunları ölkədə bilməyən yoxdur, illərdən bəri eyni həqiqətləri yazmaqdan əlimz, söyləməkdən dilimiz qabar olub. Bəs yenidən məni bu mövzuda qələm çalmağa məcbur edən nədir?
Yaxşısı budur, Milli Məclisin üzvü Vahid Əhmədovun bir neçə gün əvvəlki müsahibəsindən bir parçanı oxuyaq. Sitat: “Bu yaxınlarda biz Mərkəzi Bankın Idarə Heyətinin sədrini təsdiq edəndə mənim fikrim başqa cür idi. Elman Rüstəmova hörmət edirəm, amma mən devalvasiyanı qəbul etmədim. Amma təklif cənab prezidentdən gəlmişdi ki, o, təsdiq olunsun, Oqtay Əsədov da razılıq vermişdi. Oqtay Əsədovla biz uzun müddətdir, hələ zavod direktoru işləyəndən dostuq, həmkarıq, yoldaşıq, ona hörmətim də böyükdür. Cənab prezidentə də dediyim kimi, böyük hörmətim var. Ona görə də biz səs verdik, təsdiq etdik” (”Yeni Müsavat”, 11 aprel, 2015).
Buyurun, bu da 21-ci əsrdə Azərbaycanda parlamentarizm anlayışı, parlamentarizm təfəkkürü!
Təsəvvür edirsinizmi, Üzeyir bəy Əhmədovun bu sözlərini oxusa, dinləsə, eşitsə, nə deyər, nə yazardı? Mən təsəvvür edirəm, amma yazmaq istəmirəm.
Aydındır ki, Vahid Əhmədovun dediklərində təəccüblü heç nə yoxdur. Axı başqa cür ola da bilməz. Azərbaycanda heç bir seçkili institut, Milli Məclis də daxil olmaqla, milli iradəni ifadə etmədiyindən Əhmədovun sözlərini qəribçiliyə salmaq olmaz. O və digərləri Milli Məclisdə hansı iradənin izni ilə oturublarsa, ona da tabe olmağa, onun istəyi ilə oturub-durmağa məcbur və məhkumdurlar.
97 il öncə Üzeyir bəyin tüklərini yaxşı mənada biz-biz edən, onun qəlbini fərəhləndirən parlamentarizmin günümüzdə bu cür gülməli şəkilə salınmasından dəhşətli utanc ola bilərmi?!